18 fevral 2020-ci il tarixində dövlət başçısı İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlini qəbul edib, müvafiq məsələlərə toxunub və tapşırıqlar verib. Bu yazıda çalışdım tezis şəklində əsas məqamlara toxunum.

Əfsuslar olsun ki, hal hazırda Bakı şəhərinin nəqliyyatında və şəhər infrastrukturunda hələ də ciddi çatışmamazlıqlar var, lakin gəlin etiraf edək ki BNA yaranandan sonra kifayət qədər müsbət dəyişiliklər baş verdi. BakuBus fəaliyyətə başladı, nəqliyyatda vahid ödəmə sistemi tətbiq olundu, bir çox yolayrıcıları qaydasına salındı, piyadalar üçün bəzi yerlərdə hərəkət daha da rahatlaşdı və s.
Parkinqə görə cərimələr tətbiq ediləndən sonra Bakı Nəqliyyat Agentliyini bir çoxları sevməsə də, özümə görə deyirəm, Vüsal Kərimlini cavan və müasir düşüncəli kadr kimi tanıyıram.

Keçək mövzuya.

(Qəbulun tam videosunu izləmək istəyənlər üçün Youtube-video, oxumaq üçün Azərtac saytında stenoqramma)

1) 2023-cü ilədək Bakıda avtobusların 100%-i yeni və müasir olacaq

Bu vacib məsələdir. Çünki illər öncə hətta şəhər mərkəzində bərbad “Daewoo” avtobusları çalışırdı, indi isə yerlərinə müasir İveco və BMC-lər gəlib. Mən özüm, misal üçün, 10 il bundan öncə qətiyyən heç bir avtobusa minmək istəmirdim, maşınsız olanda metro ya taksini seçirdim, amma xətlərə BakuBus avtobusları buraxılandan sonra gündəlik olmasa da, şəhər daxili kifayət qədər səfərləri avtobusla edirəm. Düşünürəm ki, bu məsələdə mən tək deyiləm.

2) 2020-ci ilin sonunadək bütün avtobuslar kart sisteminə keçəcək

Səhv etmirəmsə, bunu 2019-cu ildə bitirmək planlaşdırılırdı. Ümid edirəm, bu il yekunlaşar, əksər marşrutlar artıq keçib BakıKart-a.

3) Yeni avtobuslar CNG ilə işləyir, hətta digər ölkələri keçmişik

Bakıda 2200 avtobusdan 600-ü təbii sıxılmış qazla (STQ, CNG) işləyir, halbuki Vyanada belə avtobus yoxdur, Moskvada və İstanbulda isə faiz nisbətində Bakıdan azdır – bunu Vüsal Kərimli söyləyib. Lakin, Moskvada artıq 300 elektrobus var (tam elektriklə işləyən və CNG-dən daha təmiz) və 2020-ci ildə daha 300 elektrobus gətiriləcək. Vyanada və İstanbulda isə tək avtobus deyil, həmçinin ekoloji təmiz tramvay sistemi var. Yeri gəlmişkən, Gəncəyə elektrobus gətirmək istəyirdilər, axırı necə oldu bilmirəm. Bilənlər şərh bölməsində yaza bilər.

3) Avtobus zolaqları təşkil olunur

Sürücüləri şəxsi avtomobildən ictimai nəqliyyata cəlb etmək üçün bu ən vacib məsələlərdən biridir. Sürücülər görəndə ki, onlar tıxacda dayanır, eyni zamanda isə avtobus dayanmadan öz zolağı ilə hərəkət edir, çox vaxt keçməz ki həmin insanlar növbəti səfəri üçün həmin avtobusu seçsin. Hazırda Bakıda 3-4 avtobus zolağı varsa, onların heç biri öz funksiyasını yerinə yetirmir, çünki nəzarət yoxdur. Bəli, bu daha çox Yol Polisinin səlahiyyətindədir, amma düşünürəm ki, avtobus zolaqlarına nəzarəti də BNA-ya vermək olar. Avtobusda quraşdırılan videoregistrator vasitəsilədə qayda pozuntularını qeyd etmək mümkün olacaq. Eyni zamanda, avtobus zolaqların sayı artırılmalıdır, onlar yalnız geniş küçələrdə deyil, ümumiyyətlə tez-tez tıxac olan küçələrinin hamısında təşkil olunmalıdır. Çünki ictimai nəqliyyat tıxacda dayanmamalıdır. Müsahibələrdə Mais Ağayev (BNA-nın mətbuat katibi) qeyd edir ki layihədə 19 avtobus zolağı var, amma onların təşkil edilməsinə razılıq verilməyib. Ümid edirəm, Prezidentlə görüşdən sonra bu məsələyə təkan veriləcək.

Müvafiq bloq postlarımız:
Ayrılmış Avtobus Zolaqları
Yusif Səfərov küçəsində salınan avtobus zolağı

4) Yeni avtobus habları tikiləcək, o cümlədən dəmiryol stansiyaların yaxınlığında

Bu da çox vacib məsələdir. Bakıda hal hazırda ən effektiv hab Koroğlu metrostansiyasının yaxınlığındadır (keçən ilin sonunda açılıb). Orada avtobus + metro + sürət qatarının stansiyaları mövcuddur. Əlavə olaraq, bu habda yaradılan şərait çox təmiz v bütün kateqoriya vətəndaşlar üçün əlçatandır. Bu cür hab üçün növbəti vacib yer – Dəmiryol vağzalının qarşısıdır (28 May metrosunun ətrafı). Hal hazırda burada xaotik parkinq, nizamsız hərəkət və ümumiyyətlə vəziyyət sanki 90-cı illəri xatırlayır. Nəzərə alın ki, buraya qatar vasitəsi ilə xaricdən qonaqlar gəlir və Aeroport Ekspress avtobusun son dayanacağı da buradadır. Turistin ilk gördüyü mənzərə budur və buna görə şəxsən mən çox utanıram:

Digər dəmiryol stansiyaların yaxınlığında hablar da öz töhvəsini verəcək. Misal üçün yeni açılan Pirşağı, Zabrat və s. stansiyalara qatarlar şəhər mərkəzindən gəlir. Lakin həmin stansiyalardan qəsəbə daxili normal avtobuslar olmalıdır ki insanlar da marşrutunu evlərinə qədər qura bilsinlər. Bu komplekt olmayana qədər, qəsəbələrə 1 manatlıq taksilər aktual olacaq.

Əlavə edim ki, Sumqayıt demiryol stansiyasında da belə hab lazımdır, amma təəssüf ki Sumqayıt BNA-nın məsuliyyət ərazisi deyil. Baxmayaraq Bakı, Sumqayıt və Abşeron qəsəbələri vahid yaşaıyış aqlomerasiya sayıla bilər.

Müvafiq bloq postlarımız:
İntermodal nəqliyyat sistemi
Bakı-Sumqayıt sərnişindaşımaları

5) “Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.”

Bunu dövlət başçısı çox düzgün vurğulayıb. İndiki zəmanədə hər şey sürətə bağlıdır. Biz hər bir işimizi çalışırıq tez həll edək, hər yerə özümüzü çatdıraq, özümüzə daha çox vaxt ayıraq, imkan olanda səyahət edək və s. Təsəvvür edin ki, hər gün 2 saat tıxacda dayansaq, bir il ərzində 30 gün edir (bir ay!) ancaq tıxaclarda keçiririk, zəhərli dəm qazları ilə nəfəs alarıq… Öyrəşmişik, amma sağlam insan və sağlam şəhər belə yaşamamalıdır. Vaxtımızı və pulumuzu daha səmərəli xərcləməliyik və dövlət bunun üçün müvafiq addımlar atmalıdır. BNA-da bunu anlayırlar, əminliklə deyə bilərəm.

6) “Elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər.” – Prezident İlham Əliyev

100% elədir və bütün müasir şəhərlər bu prinsipi əsas kimi götürür. Hətta təkçə avtobus deyil, bizim şəhərdə indi tramvay qalsaydı onu da müasirləşdirib elə səviyyəyə gətirmək olardı ki, doğrudan da Vyana bizə paxıllıq edərdi 🙂 Cənab Prezident, xahiş edirəm, tramvayların qaytarılmasına dəstək olasınız.

7) Ən yaralı yerimiz – parklanma

Mən desəm ki Bakı kimi böyük digər ölkələrin paytaxtlarında (təbii ki, söhbət inkişaf etmiş ölkələrdən gedir) küçə parklanmasında bizdəki kimi kritik vəziyyət yoxdur – yəgin ki, yanılmaram. Moskvanı və İstanbulu qırağa qoyub, hətta Tbilisini müqayisə üçün götürə bilərik. Mən birinci dəfə Gürcüstanda 10 il bundan öncə olmuşam və hətta o vaxt artıq CitiPark adlı dövlətə tabe olan qurum var idi və küçə parklanmasına nəzarət edirdi, ödənişli yerlər müəyyən olunmuşdur. Bizdə isə 2020-ci ildə parklanma naməlum “parkovşik”lərin əlində qalıb. Qanunsuz parklanmaya nəzarət BNA-ya veriləndən sonra bəzi küçələrdə vəziyyət yaxşılaşıb. Mən Vüsal Kərimli ilə görüş zamanı da demişəm ki, köhnədən qalan “Dayanmaq qadağandır” nişanlarının yerlərini birdə təhlik etmək lazımdır, elə küçələr var ki, orada bu nişanlar yersiz qoyulub və bir sıra parallel parkinq heç kimə maneə olmazdı. Bəli, hər kəs üçün parkinq yeri təşkil etmək onsuzda mümkün deyil, tələbat hər zaman təklifdən yüksək olacaq, lakin mərhələli şəkildə prosesə başlamaq lazımdır artıq. Şəhər mərkəzinə çoxlu avtomobil cəlb etmək düzgün olmasa da, Bakıda bir çox eybəcər “novostroyka”ların yerində qapalı parkinq tikilsə idi, həmin işgüzarlar indi yaxşı biznesin sahibi idilər. Bir şərt də əsasdır – küçə parkinqi qapalı parkinqdən baha olmalıdır, çünki küçə sahəsi məhdud resursdur və daha çox qısamüddətli dayanma yeri kimi istifadə olunmalıdır.

8) İyun ayının sonuna qədər parklanma vəziyyəti ilə bağlı hesabat veriləcək

Ötən bəndə davam olaraq, bu ilin ilk yarısının yekununda Bakı Nəqliyyat Agentliyi parklanma ilə bağlı digər qurumlarla birgə hesabat təqdim edəcək. Şəhər zonalara bölünəcək, tariflər fərqli olacaq, gecə tarifi olacaq və s. Sizinlə birgə ümid edirəm ki, məsələ nəhayət ki həllini tapacaq.

Müvafiq bloq postumuz: Böyük şəhər və parkinq

9) Tıxacların olmaması üçün müvafiq qurumlar faəl olmalıdır

Məlumdur ki, tıxacların əsas səbəblərindən biri avtomobillərin çox olmasıdır (hətta baxmayaraq ki Azərbaycan avtomobilləşmiş ölkələr sırasında ön yerləri tutmuruq). Və burada qayıdırıq 6-cı bəndə. İctimai nəqliyyatı və onun hərəkətini elə səviyyəyə çatdırmalıyıq ki, həmin maşınlardakı sürücüləri ictimai nəqliyyata cəlb edək. Piyada hərəkəti də təhlükəsiz olmalıdır ki, insanlar qısa məsafələrə gəzə-gəzə getsinlər, ən azı avtobus dayanacağına qədər normal çatsınlar. Buraya həmçinin velosiped hərəkətini də əlavə etmək olar. Velosiped zolaqları təşkil olunmalıdır və velosiped tək əyləncə deyil bir alternativ nəqliyyat növünə də çevrilsin. Bizim iqlim də bunun üçün əlverişlidir. BNA-nın velosiped zolaqlarına dair layihəsi var. Dövlət başçısının qəbulunda velozolaqlar gündəmə gətirilməsədə, ümid edirəm Bakı Nəqliyyat Agentliyi reallaşdırılmasını ləngitməyəcək.

Müvafiq bloq postumuz: Tıxaclar niyə yaranır?

Sona qədər oxuduğunuz təşəkkür edirəm!

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Prezident İlham Əliyev BNA-nın sədrini qəbul edib: Görüşün əsas məqamları”

Comments are closed.