Bakı-Sumqayıt sərnişindaşımaları

Reallıqda Bakı və Sumqayıt iki müxtəlif şəhərlər deyillər, onlar Abşeron yarımadasında olan digər şəhər və qəsəbələr ilə bir aqlomerasiyanı təşkil edirlər. Hər gün Sumqayıtdan Bakıya ən azından on minlərlə insan gəlir, səyahətlərin əksəriyyəti iş və ya təhsil məqsədi ilə edilir. Bakı şəhərində iş yerlərinin konsentrasiyası daha çox olduğundan Sumqayıtdan Bakıya gələn insanların sayı Bakıdan Sumqayıta gedən insanların sayından çoxdur.  Bakının və Sumqayıtın nəqliyyat sistemləri arasında inteqrasiya və birgə planlaşdırma demək olar ki, mövcud deyil, elə əsas problemlər də buradan qaynaqlanır. 

Sumqayıtdan Bakıya müxtəlif üsullarla gəlmək mümkündür:

  • Dəmir yolu
  • Şəhərlərarası avtobus
  • Qeyri-qanuni mikroavtobuslar
  • “1 manatlıq” taksi
  • Şəxsi avtomobil
İctimai nəqliyyatla edilən gediş gəliş imkanlarını təhlil edək.
 

Dəmir yolu

Bakı-Sumqayıt elektrik qatarı gündə ortalama cəmi 3,000-3,500 sərnişin daşıyır. Bu isə olduqca kiçik göstəricidir. Bu cür sistemlər gündə ən azı 80-100 min sərnişin daşıya bilər. Aşağı sərnişin dövriyyəsinin səbəblərini araşdıraq.
 
Vağzalın əlçatanlığı
Sumqayıtın Dəmir Yolu Vağzalı şəhərin kənarında, daha dəqıq isə 11- ci və 12-ci mikrorayonun yaxınlığında yerləşir.
Eyni zamanda Sumqayıt Dəmir Yolu Vağzalı Avtovağzaldan 3 kilometr aralı yerləşir.
Vaxtı ilə vağzal bu durumda idi
Əvvəllər vağzalın yenidənqurması bu cür planlaşdırılırdı
Lakin bu baş vermədi və vağzal binasının yerində olduqca sədə bir terminal tikildi.
Sumqayıt şəhərində cəmi iki avtobus marşrut xətti dəmir yolu vağzalının  yanından keçir. Bu hal o deməkdir ki, Sumqayit Dəmir Yolu Vağzalı bütün şəhər sakinləri üçün əlçatan deyil. Əslində burada şəhərin ən vacib nəqliyyat qovşağı olmalıdır, amma bu baş vermir. Bundan əlavə burda kifayət qədər iri avtomobil dayanacağına (Park and Ride) ehtiyac var.

 

Qiymət
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş haqları 1 manat təşkil edir. Düşünürəm ki, bu qiymət sərnişinlərin sayını azaldır və insanlar yenə də narahat avtobuslara üz tutur, nəticədə ADY (Azərbaycan Dəmir Yolları) daha az gəlir alır.
Bu niyə baş verir?  Hal-hazırda ADY Abşeron yarımadasında effektiv şəhərətrafı sərnişindaşımanın inkişafına kommersiya baxımından maraqlı deyil,  çünki bu şirkətə ancaq maliyyə zərəri verir. ADY hal-hazırda digər gəlirlər hesabına şəhərətrafı sərnişindaşımasının zərərlərini örtməyə məcburdur. Bu halın mövcudluğu marşrut üzrə optimal hərəkət cədvəllərinin tətbiqinə mane olur. Bunun baş verməməsi üçün ADY şəhərətrafı qatarların hərəkətini dövlətin/şəhərin/nəqliyyat agentliyinin sifarişi ilə etməlidir və buna görə, əməliyyat xərclərini qarşılayan və mənfəət marjasını əldə etməyə imkan yaradan müvafiq xidmət haqqı almalıdır.
Şəhər nəqliyyatının inkişafı və inteqrasiyalı təşkili düzgün şəkildə həyata keçirilməlidir. ADY dövlət üçün xidmət operator kimi qabaqcadan müəyyənləşdirilmiş şərtlərlə sərnişindaşıma xidmətini göstərməlidir. Bu zaman gediş haqqı yalnız sosial faktor rolunu oynayacaq. Təklif edilən maliyyələşdirmə sxemini bu cür təsvir etmək olar:
Hərəkət cədvəli
Hazırda gündə cəmi 11 cüt reys baş verir bu isə sistemdən istifadəni çətinləşdirir. Məsələn: Bakıdakı Universitetdən gündüz vaxtı çıxan tələbə Sumqayıta qatarla qayıda bilmir.
 
Qatarlar
Stadler Kiss qatarlarının 396 sərnişın tutumu var, onlarda 84 biznes sinfinə aid yerlərdir. Qatar 4 ikimərtəbəli vaqondan ibarətdir. İlkin olaraq bu qatarlar Moskvanın Aeroekspress xətti üçün, yəni hava limanından sərnişinləri şəhərin mərkəzinə daşımaq üçün istehsal olunmuşdur. Belə qatarlarda biznes sinfinin olması təəccüblü deyil. Lakin sonradan ADY bu qatarları şəhərətrafı hərəkət üçün əldə etdi.  Qatarların belə komplektasiyası  şəhərətrafı kütləvi sərnişindaşıma üçün uyğun deyil. Hesab edirəm ki, vaqonların sayı ən azında 6, biznes sinfinə aid vaqonlar isə lazımsızdır. Aşağıdaki şəkildə göstərilən komplektasiya daha optimal ola bilərdi. 
 

Avtobus

Bakı-Sumqayıt avtobuslarından istifadə edənlər bu avtobuslarda olan şəraiti çox yaxşı bilirlər. Bunun bir neçə səbəbi var.
 
Avtovağzalın əlçatanlığı və cəlbediciliyi
Avtobuslar Sumqayıt avtovağzalından Bakı Avtovağzal kompleksinə gəlir. Sumqayıt avtovağzalı da şəhərin kənarında yerləşir.

 

Avtovağzalda olan şərait olduqca bərbaddır, onun ərazisində hətta həftə sonu bazarı da var.
Bir sözlə bu ərazi heç də cəlbedici deyil.
Avtobuslar
Bakı-Sumqayıt avtobuslarının özü də xidmət keyfiyyəti ilə seçilmirlər. Bu avtobuslar şəhərdaxili xidmət üçün nəzərdə tutulub. Ümimiyyətlə problemlər bütün şəhərətrafı avtobus sərnişindaşıması üçün xasdır. Daha ətraflı buradaoxumaq olar.
 

 Mikroavtobus və taksilər

Qeyri-qanuni  taksilərin və mikroavtobusların mövcudluğu bütövlükdə yuxarıda göstərilən səbəblərdən qaynaqlanır. Müntəzəm sərnişindaşımada olan problemlər, yüksək qiymət və narahatlıq bu cür mikroavtobuslara və “1 manatlıq” taksilərə tələb yaradır. Bunlarla mübarizə aparmaq çox çətindir və yeganə həll yolu müntəzəm sərnişindaşımanı yaxşılaşdırmaqdır.
Eyni zamanda ictimai nəqliyyatın pis keyfiyyəti şəxi avtomobil istifadəsini stimullaşdırır, bu isə Bakıda tıxac probleminə çox böyük təsir göstərir. Problemlərin hamısı nəqliyyatıq idarə edilməsində ciddi səhvlərdən bəhs edir. Bu problemləri ancaq düzgün nəqliyyat siyasətinin tətbiqi və müştərək planlaşdırma ilə həll etmək olar. 

 

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: