2019-cu ildə Azərbaycanda yol qəzalarında 821 nəfər həyatını itirib. 2018-ci ildə bu rəqəm 722-yə bərabər idi. Cəmi iki il ərzində Azərbaycanda 1500-dən çox adam yol qəzalarında həlak olub. Son 10 il ərzində isə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu rəqəm 10 mini keçir. Bu kiçik bir şəhərin əhalisidir.

Bu postun ikinci hissəsində qəzalara aid infoqrafika və ona dair şərhlərimi əlavə etmişəm, amma əvvəla gəlin bir daha bu rəqəm üzərində düşünək:

Təsəvvür edin ki, hər il Azərbaycanda 7-8 sərnişin təyyarəsi qəzaya uğrayır və 700-800 nəfər həlak olur. Allah uzaq eləsin, lakin belə olsaydı, bu haqda indi bütün media və sosial şəbəkələr qışqırardı, uçuşlar isə ümumiyyətlə dayandırılardı. Eyni zamanda, keçən il bizim yollar və küçələrdə 821 nəfər dünyasını dəyişib, bu haqda isə demək olar ki heç kim danışmır, heç kim səs-küy salmır. Hər kəs düşünür ki, bu avtomobilləşmə prosesinin qaçılmaz nəticəsidir, bununla heçnə etmək olmaz.

“Burada nə var ki? Qəzalar olan şeydi, kimsə ölür, kimsə şikəst olur, deməli bəxti belə imiş…” – bu cür şərhlərə tez-tez rast gəlmək olur.

Bəs hər il bu qədər vətəndaşların yol-nəqliyyat hadisələrində həlak olması normaldır bəyəm? Xeyr.

Azərbaycanda qəzalarda ölənlərin sayının bu qədər çox olması həmçinin ondan irəli gəlir ki, biz həmin statistikaya biganə yanaşırıq.

Təyyarələr haqqında danışmağa başlamışıqsa, gəlin digər müqayisə aparım. Təsəvvür edin ki, aviasərnişinlər təyyarəyə uçuş öncəki texniki qulluğunun ləğv edilməsini tələb edərdi, kaş ki minik tez başlasın. Və yaxud köhnə və qismən nasaz hava gəmiləri yoxlanılmadan uçuşlara təyin olunardı. Nə olar ki, qanadın biri əyilib, heçnə olmaz… Bu cür aviaşirkətlərlə uçardınız?

Bir çoxlarımız ən azı bir dəfə içkili sürücüyə rast gəlib. Və yaxud içkili dostumuzun sükan arxasına əyləşməsinin şahidi olmuşuq. Bəs siz bilsəydiniz ki, pilot içkilidir, həmin təyyarəyə minərdiniz? Əminəm ki, heç vaxt!

Təyyarələrdən söhbət gedəndə, sərnişinlər istənilən narahatlığı təhlükəsizlik naminə dözməyə hazırdı. Hətta artıq pul ödəməyə razı olurlar, təki sağ-salamat evlərinə çatdsınlar.

Sürücülərə çatanda isə təhlükəsizlik haqqında ən axırda düşünürlər. Yollarda təhlükəsizliyin artırılması üçün hər hansı bir tədbir təklif edəndə, sanki onları təhqir edirsən. Sürət limitinin saatda 50 km-ə qədər salınmasına və ya svetofor ilə tənzimlənən piyada keçidini təklif edəndə sizə düşmən gözü ilə baxacaqlar. Baxmayaraq ki, siz sadəcə daha çox insan həyatını xilas etmək istəyirsiniz.

RƏQƏMLƏR NƏ DANIŞIR?

Gəlin, indi rəsmi məlumatın əsasında hazırladığımız infoqrafikaya nəzər salaq.

Gözə çarpan iki vacib məqam var.

1. Qəzaların demək olar ki yarısı piyadaların vurulması təşkil edir. Bu o deməkdir ki, bizim yollarda avtomobil və piyadaların “dialoqu” düzgün qurulmayıb. İndi deyəcəksiniz ki, “piyadalarımız məsuliyyətsizdir, kim haradan istəyir keçir” və s. Amma sizə xatırlayıram, elə paytaxt Bakı şəhərimizdə piyadalar üçün infrastruktur bərbad vəziyyətdədir. Bir kilometrlik Yusif Səfərov küçəsində cəmi bir piyada keçidinin olması, bir çox yerlərdə son illər ərzində “zebra”ların silinməsi, küçələrdə təhlükəsiz keçidlərin və səkilərin olmaması – acınacaqlı statistikanın əsas səbəbləri məhz bunlardı.

Həmçinin oxuyun: Piyadalar üçün əlverişsiz Bakı: 6 illüstrativ nümunə

2. Digər qonşu və inkişaf etmiş Avropa ölkələrinə nisbətən, hər 100 min avtomobilə düşən həlak olanların sayı bizdə bəzi hallarda 10 qat çoxdur!

Belə ki, Azərbaycanda keçən ilin sonuna 1,4 milyon avtomobil mövcud idi, həlak olanların sayı 821 nəfər təşkil etdi. Qonşu Gürcüstanda təxmini bizdəki kimi 1,376 milyon avtomobil aktiv qeydiyyatdadır, 2019-cu ildə Gürcüstanda qəzalarda 481 nəfər həlak olub. Ən avtomobilləşmiş ölkə ABŞ-da 279,6 milyon avtomobil mövcuddur, 36.120 insan yol-nəqliyyat hadisələrində həyatını itirib.

Lakin, keçən əsrin sonunda Vision Zero – “sıfır ölüm” dövlət proqramını qəbul edən İsveçdə 4,87 milyon avtomobilə 223 insan ölümü qeyd olunub. Müqayisədə bu rəqəm bizdə 12 dəfə (!) çoxdur. Hətta əhaliyə görə İsveç bizimlə eynidir (10 milyon insan), amma qəzalarda ölənlərin sayı onlarda dörd dəfə aşağıdır.

Həmçinin oxuyun: “Vision Zero” konsepsiyasının Sistematik Təhlükəsizlik prinsipi

Məlumatı olmayanlar üçün xatırlayım kimi, Azərbaycanda da 2018-ci ilin sonunda Yol hərəkətinin təhlükəsizliyini dair 5-illik dövlət proqramı qəbul olunmuşdur. Və proqramın əsas məqsədlərdən biri 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz azaldılmasıdır. Yəni 2017-ci ildə bu rəqəm 750 təşkil edirdisə, hədəf 525-dir. Buna baxmayaraq 2019-cu ildə, təəssüf ki, artım müşahidə olunur. Düşünürəm ki, 2020-ci ildə pandemiya və ümumi avtomobil səyahətlərin daha az olması statistikanı aşağıya doğru dəyişəcək, lakin, dövlət proqramında nəzərdə tutulan bir sıra mühüm addımların atılmasını hələ ki görmürük. Əksinə, müasir yanaşma əvəzinə, şəhər daxilində küçədənkənar piyada keçidləri tikirik.

Bu proqramın ətraflı təhlilini Hüseyn Abdullayev aparmışdı, burada oxuya bilərsiniz.

YEKUN NİTQ

Baxmayaraq ki, 1,5 il əvvəl yollarda qəzaların və ölümlərin sayını azaldılmasına dair müvafiq dövlət proqramı hazırlanmışdır, təəssüf ki, bu gün hər hansı bir pozitiv dinamikadan danışmaq olmur. Həmin proqramın bir çox vacib bəndlərinin icrasını hələ ki gözə çarpmır. Şəhərdə müəyyən olunan sürət həddi aşağı salınmayıb, alternativ ictimai nəqliyyat növləri, eynisəviyyəli piyada keçidləri – bunlar hamısı hələ ki kağız üzərində qalır. Digər Avropa ölkələrində uğurla tətbiq olunan və yaxşı nəticə verən Vision Zero proqramının tövsiyələrindən bizim dövlət qurumları hələ ki yan keçir. Qeyd edim ki, sözügedən proqram prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Üç ildən sonra həmin qurumların rəhbərləri dövlət başçısına nə cavab verəcəklər?

Bizdən isə təhlükəsizlik şəhəri tələb etmək, özümüzü və yaxınlarımızı qorumaq qalır.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: