Təəssüflər olsun ki, Bakıda böyük sayda küçələrin cari vəziyyəti həm müasir standartlara cavab vermir, həm də onlar böyük təhlükə mənbəyidir.

Bu post üçün biz 6 nümunə seçmişik və bunlar bir daha sübut edir ki, Bakıda piyadalar ən az dəyər verilən yol istifadəçiləridir.

1. Səkisi olmayan küçələr geniş yayılmışdır

Hərəkət üçün səkiləri olmayan küçələrlə Bakıda çox tez-tez qarşılaşmaq olar.

Bu kədərli şəkillər özləri hər şeyi ifadə edir. Bunlar şəhər kənarında deyil, paytaxtın mərkəzi küçələrində çəkilmişdir. Gördüyünüz kimi burada səkilər yoxdur və piyadalar yol ilə getmək məcburiyyətindədir…

Bəzi səkilər gözlənilməz şəkildə işıq dirəkləri ilə qurtarır və ya tutulub.

2. Pandusların sayı azdır

Sovet dövründən bəri küçələrdəki bir çox piyada keçidlərində əlilliyi olan insanlar və ya uşaq arabası olan valideynlər üçün demək olar ki, heç panduslar yox idi.

Buna baxmayaraq, 30 ildən çox olan müstəqillik dövründə qurulan və tikilən küçələrdə belə nadir hallarda panduslar olurdu. Yalnız 2017-ci ilin sonunda Bakı Nəqliyyat Agentliyi Bakıda pandusların qurulması layihəsinə başladı.

Agentliyin çox çətin işi var, çünki il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu panduslara hər keçiddə və səkidə rast gəlmək olmur.

3. “U” şəkilli piyada keçidləri

Keçən əsrdən bizə qalan başqa bir irs. 40-50 il əvvəl Sovetlər əmin idilər ki, gözəl və parlaq gələcəkdə hər bir vətəndaşın öz şəxsi avtomobili olacaq və heç kim piyada gəzməyəcək. Ümumilikdə onlar əsaslandırırdılar ki, piyadalar nəqliyyata maneə olmamalıdır.

Bu səhv düşüncənin fəsadlarından biri kəsişmələrdəki “U” şəkilli piyada keçidləridir. Burada yolun yalnız 3 hissəsində piyada zolaqları çəkilib. Dördüncü hissədə isə “dönən maşınlara maneə yaratmamaq” üçün piyada zolaqları yoxdur.

Yol xidmətlərinin məntiqinə əsasən A nöqtəsindən B nöqtəsinə getmək üçün piyada 3 dəfə yol keçməli və tənzimlənən kəsişmədirsə, 2 dəfə işıqforu gözləməlidir.

Əlbəttə ki, piyadaların böyük əksəriyyəti, xüsusilə də məhdud mobilliyi olan şəxslər bunu etməyəcək. Biz buraya baqajı olan turisti və ya ağır yükü olan piyadaları da əlavə edə bilərik.

Buna görə də, inkişaf etmiş ölkələrdə bunlar edilmir. Əlavə olaraq, diaqonal keçidlər artıq dünyada istifadə olunur.

4. İşləməyən və ya tamamilə olmayan piyada işıqforları

Biz hər zaman şikayətlənirik ki, piyadalar işıqforun qadağan olunmuş işığında yolu keçirlər. Lakin çox az insan tənzimlənən kəsişmələrdə piyadalar üçün olan işıqforların (qırmızı və yaşıl insan olanlar) işləmədiyinin və ya olmadığının fərqinə varır.

Belə halda qanunda bildirilik ki, piyadalar avtomobillər üçün olan işıqforlardan istifadə etməlidirlər, lakin bu hallar sistemli yox, istisna olmalıdır.

5. Piyada keçidləri arasında yöndəmsiz məsafə

Şəhərin küçələrində piyada keçidləri arasında məsafə bir çox halda o qədər böyük olur ki, hətta ən qızğın sürücülər belə bundan qəzəblənir. Bunun ən bariz nümunəsi Yusif Səfərov küçəsidir. Bir çox fəaliyyət məkanlarının (mağazalar, məktəblər, xəstəxanalar, parklar, idarələr və polis qərərgahı) olmasına baxmayaraq, burada bir kilometrdən də uzun olan yalnız bir piyada keçidi mövcuddur.

Bir neçə il bundan öncə bu küçədə dörd piyada keçidi var idi və bu küçəni “canavarlaşdırdıqdan” sonra (Hüseyn bu barədə ətraflı yazıb), yüksək sürətli avtonəqliyyatın leyhinə olaraq bu piyada keçidlərindən “təhlükəsiz” şəkildə azad oldular.

Bu xəritəyə diqqət yetirin. Cavanşir körpüsündən 60 metr enində bu küçəni keçmək üçün 650 metrlik bir dairə vurmaq lazımdır. İnsan yönümlü şəhərlərdə belə absurdlar olmamalıdır.

Ən azından kəsişmədə yolu keçmək üçün işıqforlu keçid təmin edilə bilərdi.

6. Yerüstü və ya yeraltı piyada keçidlərini uyğun olmayan yerlərdə tikirik.

Keçmiş Sovet ittifaqının şəhərləri kimi Bakıda bir çox yeraltı keçidlər var. Biz (və şəhər planlaşdırılması ilə bağlı digər başqa bloqlar) artıq onun zərərləri və narahatlıqları barədə danışmışıq. Təəssüf ki, onlar bu gün də tikilməkdədir.

Şəhərin ən sevimli piyada küçələrindən biri Nizami Küçəsidir (Tarqovaya). Bir neçə il bundan öncə Tarqovaya və S.Vurğun küçəsinin kəsişməsində zebra zolaqları ləğv edildi və orada yeraltı keçid inşa edildi.

İndi iki zolağı keçmək üçün insanlar yerin altından hərəkət etməlidirlər. Orada eskalatorlar yoxdur və panduslar çox dikdir. Mütəxəssislər artıq sübut etmişdir ki, şəhər küçələrində yeraltı keçidlər şəhər planlaşdırılması səhvidir.

Avropada belə yeraltı keçidlər artıq uzun illərdir istifadə edilmir və dünyanın bir çox ölkəsində, məsələn Birləşmiş Ştatlarda onlar heç vaxt inşa edilməmişdir.

Lakin yaxşı bir xəbər…

Vəziyyəti düzəltmək üçün çox da gec deyil. Bu gün biz şəhər mühitini təkmilləşdirmək və olmayan infrastrukturu inşa etmək üçün hərtərəfli tədbirlərə başlaya bilərik.

İnkişaf etmiş ölkələrin təcrübələrinə əsaslanaraq, biz Bakı və ölkəmizin digər gözəl şəhərlərini həm təhlükəsiz, həm də bütün kateqoriyadan olan sakinlər üçün rahat və əlverişli edə bilərik.

Biz daha spesifik nümunələrlə mütləq şəkildə bu mövzuya qayıdacağıq.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: