Bakının nəqliyyat idarəçiliyində ən əhəmiyyətli problemlərindən biri məhz parklanmadır.

Ölkəmiz 30 ildir ki müstəqildir, lakin paytaxtın küçələrində indiyə qədər dayanma/durma məsələsi öz həllini tapmayıb. “Bakı şəhərinin xilas edilməsi üçün 10 təcili addım” məqaləsində ödənişli parkinqin tətbiq edilməsini zəruri olduğunu da qeyd etmişdim.

Vaxt keçir, heç bir dövlət qurumu isə bu problemi həll edə bilmir. Təbii ki, bunun səbəbləri var, amma çıxış yolları da mövcuddur, çünki bu problemlə digər ölkələr hələ keçən əsrdə rastlaşıblar. Amsterdamda 1970-ci ildə çəkilən bu kadrlar bugünki Bakını xatırladır 🙂

MÖVCUD PROBLEMLƏR

1. Parkinq ümumiyyətlə niyə ödənişli olmalıdır? Qoy hər kəs üçün pulsuz olsun!

Bu sual avtomobil alan bütün sürücülərdə yaranır. Lakin, dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda, parkinq yeri zəruri sosial xidmətlərə aid deyil. Dövlət vətəndaşlara pulsuz orta təhsil, keyfiyyətli tibb xidmətləri, işsizliyə görə müavinətlə təmin etməlidir. Parkinq yeri haqqında bizim Konstitusiyamızda heçnə deyilmir.

Maraqlıdır ki, maşın alan insanlar dövlətdən pulsuz benzin, pulsuz yağ dəyişmə və pulsuz təkər təmiri tələb etmir. Eyni zamanda, hamı düşünür ki, dövlət hər bir vətəndaşa avtomobilin saxlanmılması üçün şəhərin istənilən yerdə pulsuz 10 kvadrat metr yer təmin etməyə borcludur. Niyə?

Əgər sən Bakı şəhərinin mərkəzinə öz maşınınla gəlib, onu bir yerdə saxlamaq istəyirsənsə, pul ödəməlisən. Pulun yoxdursa, avtomobil ilə gəlmə. Şəhərin mərkəzində iki növ ictimai nəqliyyat fəaliyyət göstərir – avtobus və metro. Əgər lap rahat gəlmək istəyirsənsə – taksi ilə gəl. Xüsusən, Bakıda taksinin qiymətləri bir o qədər də baha deyil.

Bu gün dünyanın inkişaf etmiş ölkələrin böyük şəhərləri avtomobil istifadəsini azaltmaq üçün müxtəlif tədbirlər görür. Misal üçün, London şəhərinin mərkəz yollarına şəxsi avtomobillərə giriş ödənişlidir.

Qoy onda daha çox parkinqlər tiksinlər!

Bu da doğru siyasət deyil. Əgər şəhərin bütün əhalisi üçün dayanacaq tikmək istəyiriksə, o zaman Bakının yarısını söküb, onun tarixinə tüpürüb, şəhəri böyük dayanacağa çevirməliyik. ABŞ-da bu yol ilə getməyə çalışdılar, nəticədə Amerikanın bir çox şəhərləri bu gün cansız və eybəcər parkinq səhralarına bənzəyir. Bura ABŞ-ın Hyuston şəhəridir, istəyərdiniz ki Bakı bu günə qalsın?

İndi isə Bakı Vağzalının önündə baş verən xaosa fikir verin. Burada gözəl bir ictimai məkan ola bilərdi, lakin bura sanki avtomobil bazarıdır:

Bu fotolar bir daha göstərir ki, nə qədər çox parkinq yeri təşkil etsən, hər kəs üçün onsuzda yer çatmayacaq.

Bəs avtomobil olmasa uşaqları necə məktəbə aparım, necə düşürdüm?

Bu cür şərhlərə də tez-tez rast gəlmək olar. Bəs görəsən avtomobili olmayan valideynlər uşaqlarını necə aparır? Maraqlı fakt: digər ölkələrdə aparılan sorğulara əsasən, uşaqlar ictimai nəqliyyatla səyahətləri avtomobildən daha maraqlı hesab edirlər.

Bəs marketə bazarlıq edəndə maşını harada saxlayım?

Son vaxtlar yeni tikilən supermarketlərin bir çoxlarının yaxınlığında ödənişsiz parkinq təşkil olunur. Həmçinin, Bakının bütün mollarının öz qarajları var. Mollarda və restoranlarda 20-50 AZN xərcləyən, əlavə 1-2 manat tapa bilər.

2. Bakıda rəsmi ödənişli parkinq hələ ki yoxdur

Hal hazırda, Bakı şəhərinin inzibati ərazisinə aid küçələrinin heç birində rəsmi ödənişli parkinq mövcud deyil. 2018-ci ilin aprel ayında parklanmanın təşkili və nəzarəti Bakı Nəqliyyat Agentliyinə həvalə olundu. Dövlət başçısının sərəncamında qeyd olunmuşdur ki, təhvil-təslim prosesi 6 aya başa çatmalıdır. Sərəncamdan 27 ay keçsədə, bu məsələ öz həllini tapa bilməyib. BNA-nın sədri Vüsal Kərimli fevral ayında prezident İlham Əliyevin qəbulunda söz vermişdir ki, iyun ayının sonuna qədər parkinq ilə bağlı hesabat təqdim olunacaq. Artıq iyul ayının ortasına çatmışıq, amma nəticə isə hələ ki məlum deyil. Ən azı, ictimaiyyətə bu haqda heç bir açıqlama verilməyib.

3. “Nazirlər Kabineti qiymətləri təsdiqləməyib”

BNA-nın mətbuat katibinin bu cavabını artıq bütün jurnalistlər əzbərləyib. Məntiqli sual yaranır: pandemiya və karantin zamanı bütün zəruri qərarlar və qanunlar 2-3 günə təsdiqlənirsə, necə olur ki 2 ildir Nazirlər Kabineti parkinq tariflərini təsdiqləmək istəmir? Deməli NK-nə daxil olan hər hansı bir qurumun həmin tariflərə etirazı var. Çox güman ki, BNA təklif etdiyi tariflər Bakıda küçədənkənar dayanacaqların qiymətlərinə uyğun hesablanıb, yəni təxmini 1 saatı 1-2 AZN. Aydın məsələdir ki, bu gün “parkovşiklər”ə bir manat verib bütün gün maşınını küçədə saxlayan sürücülər üçün bu şok ola bilər. Lakin, nəzərə almaq lazımdır küçə sahəsi, xüsusi ilə şəhər mərkəzində, məhdud və bahalı resursdur, şəhər hakimiyyəti elə etməlidir ki siz ya qapalı parkinqa üstünlük verəsiniz, ya da ümumiyyətlə mərkəzə avtomobil ilə gəlməyəsiniz.

Çox güman ki, hakimiyyət insanlara “şok terapiyası” keçirtmək istəmir, amma yadda saxlayaq ki, tibbdə olduğu kimi, bəzən bunu etmədən pasienti xilas etmək olmur.

Düşünürəm ki, çıxış yolu tarifləri mərhələli şəkildə tətbiq etməkdir. Tutaq ki, birdən birə mərkəzdə 2 AZN yox, 50 qəpikdən başlamaq olar. Bu tariflə bir çox sürücülər hələ ki razılaşa bilər. Eyni zamanda, şəhər ətrafında küçə parklanması daha ucuz olmalıdır, şəhər zonalara bölünməlidir, bu haqda Vüsal Kərimli özü də Prezidentə məruzə edib. Gecələr parklanmanı ümumiyyətələ pulsuz etmək olar.

4. Qeyri-müəyyən nəzarət

Parklanma qaydalarına nəzarət Bakı Nəqliyyat Agentliyinə keçəndən sonra, bir çox küçələrdə şəhərin xarici görünüşünü korlayan kameralar quraşdırıldı və dalbadal hər kəsə cərimələr gəlməyə başladı. Taksilər heç sərnişini mindirib-düşürdə bilmirdilər, dərhal cərimə gəlirdi. Kütləvi şikayətlərdən sonra, kameralar tənzimləndi və sürücülərə 1 dəqiqə vaxt verildi. Bəzi küçələrdə məsələ həll olunsada, əksər yerlərdə yenə köhnə mənzərələrə rast gəlmək olur. Avtobus dayanacaqlarına və yolayrıcılarında dayanan taksilərlə nə Dövlət Yol Polisi, nə də BNA mübarizə apara bilmədi.

Bu arada, iki gün əvvəl Yol Polisinə parklanmaya nəzarət səlahiyyəti yenidən qaytarıldı. İndi həm BNA, həm DYP bu qayda pozuntularına nəzarət edəcək. Maraqlıdır ki, Yol Polisindən fərqli olaraq, Nəqliyyat Agentliyi vətəndaşlar tərəfindən göndərilən foto və videolar əsasında protokol tərtib edə bilmir. Halbuki, ictimai nəzarət bu məsələdə böyük kömək ola bilərdi. Rusiyanın Moskva və Kazan şəhərində xüsusi mobil tətbiq vasitəsilə fotoları telefona çəkib birbaşa şəhər administrasiyasına göndərmək mümkündür.

5. Razıyam ki, bəzi qadağalar yersizdir

Bir sıra hallarda sürücülərlə razılaşaram ki, Bakıda quraşdırılan dayanma-durmanı qadağan edən nişanların bəziləri yersiz quraşdırılıb.

Misal üçün, Üzəyir Hacıbəyli küçəsinin Mərkəzi Poçt tərəfə düşən hissəsinə fikir verək. Burada yol üç geniş zolağa bölünüb, hərəsi təxmini 4 metrdir və küçənin hər iki tərəfindən qadağanedici nişanlar quraşdırılıb.

Lakın, həmin yolda zolaqları 3,25 metrə daraldaraq, küçənin bir tərəfində 2,25 metrlik parkinq zolağını təşkil etmək olardı. Nəzarət kamerasından çəkilən fotodan da görünür ki, bir cərgə parallel parklanmanı burada rahatlıqda təşkil etmək olar, axına heç bir təsiri olmayacaq (foto 2020-ci ilin aprel ayında çəkilib, karantina görə BNA cərimələr yazmırdı).

Buna oxşar misallara şəhərin digər yerlərində rast gəlmək olar.

6. Normal nişanlanmanın olmaması

Bakıda ümumiyyətlə nişanlarla vəziyyət bir o qədər də ürək açan deyil. Asfaltın nişanlanması isə həqiqətən “analoqu olmayan” prinsiplə aparılır. Düzdür, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayandan sonra bir qədər irəlləyiş var, amma şəhər mərkəzində 2-3 yeni təmir olunan küçələri çıxmaq şərtilə, demək olar ki heç birində parkinq zolaqları nişanlanmayıb.

Xəqani küçəsinin bu hissəsində yolun hər iki tərəfində parklanmaya icazə verilib, lakin asfaltda buna aid heç bir nişanlanma yoxdur. Sadəcə “necə gəldi” prinsipə zolaqlar çəkilib.

Eynən Rixard Zorge küçəsində, əgər parkinq nəzərdə tutulubsa, bu qədər eniş zolaqlar nəyə lazımdır?

Bu cür etmək daha məntiqlidir axı:

7. Parkovşiklər

Yuxarıda qeyd etdiyim ki, hazırda Bakının küçələri yüzlərlə qanunsuz faəliyyət göstərən parkovşiklərlə dolub. Kimdən 20 qəpik, kimdən isə 1 AZN istəyirlər. Bəziləri çek də verirlər. BNA dəfələrlə onlara ödəniş etməməsini xahiş etsədə, hüquq-mühafizə orqanlarına müraciət etsədə, bu insanları küçələrdən yığışdırmaq mümkün olmur. Parkovşiklər heç kimdən qorxmurlar, hətta xuliqanlığa əl atıb ödəniş etməyən sürücülərin avtomobillərini zədələyirlər. Siz özünüzü küçədə belə aparsınız, kimdən sə qanunsuz pul istəsəniz, sizi 10 dəqiqədən sonra polis bölməsinə aparacaqlar. Deməli, bunlar kiməsə arxalanır. Mən hələ dövlət büdcəsindən yayılan kifayət qədər böyük vəsaitdən danışmıram.

ÇIXIŞ YOLLARI

Biz istəsək də, istəməsək də, yaxın zamanda Bakının küçələrində ödənişli parkinq tətbiq olunacaq. Bəli, hər zaman olduğu kimi, sosial şəbəkələrdə çoxlu etirazlar olacaq, 2012-ci ildə Moskvada bunu tətbiq edəndə, sakinlər hətta mitinqa çıxmışdılar. Halbuki Moskvada indi həmin parklanma siyasəti olmasaydı şəhər xaosa bürünərdi.

Məhz buna görə, aşağıdakı addımları mümkün qədər tez atmaq lazım olacaq:

  1. Mərkəzi küçələrdən başlayaraq, saatı 50 qəpik tarifinə uyğun ödənişli parklanmanın tətbiqinə başlanılmaldır. Hər il qiymətlərə yenidən baxılmalıdır.
  2. Hərəkət axınına təsiri olmayan yerlərdə dayanmağı və durmağı qadağan edən nişanları yığışdırıb parallel parkinq təşkil etmək lazımdır.
  3. Asfalt nişanlanmasını yeniləmək lazımdır. Sürücülər nişanlanmaya baxıb parklanma qaydasını dərhal anlamalıdır.
  4. Ciddi qayda pozuntulara dair (piyada keçidində, səkidə, ikinci cərgədə saxlayanlara qarşı) cərimələr artırılmalıdır.
  5. İctimai nəzarət cəlb olunmalıdır. Sürücü bilsə ki, onun qayda pozuntusunu küçədən keçən istənilən şəxs qeyd ala bilər və onu maddi ziyana sala bilər, qısa bir zamanda o öz davranışını dəyişəcək.
  6. Parkovşiklərə başqa iş tapmaq lazımdır.

Və bütün sürücülərə yenidən səslənmək istəyirəm. Hər kəs avtomobil alanda onu necə və harada saxlanılmasını düşünməlidir. Dünyanın heç bir ölkəsində dövlət vətəndaşlara pulsuz parkinq yerlərini və qarajları hədiyyə etmir. Əksinə, şəhər mühitini daha sağlam, ekologiyanı daha təmiz və küçə sahəsinin daha səmərəli istifadəsi üçün avtomobil səyahətləri minimuma endirilir.

Bizim də başqa yolumuz yoxdur. Ümid edirəm, problemin həll edilməsini əlavə iki il gözləməyəcəyik.

Həmçinin oxuyun:
Böyük şəhər və parkinq

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: