Təxmini iki həftə öncə həm öz Facebook səhifəmizdə, həmçinin bir sıra digər qruplarda Bakı şəhərində yaşayan izləyicilərimiz arasında onlayn-sorğuya başladıq. Sorğunun əsas məqsədi Bakı şəhərində mövcud infrastrukturun və nəqliyyatda vəziyyətin dəyərləndirilməsidir.
Əvvəl ayrıca hər bir sualın nəticələrinə baxaq, sonda isə təhlilin yekun nitqini söyləyəcəm.
Ümumi olaraq, sorğumuzda 218 müxtəlif insan iştirak edib. Əksəriyyəti 18-40 yaş qrupuna aid müasir gənclərdir.
Baxmayaraq ki, bu gün Bakı şəhərinin küçələrində yüz minlərlə avtomobil görürük, sorğumuz göstərir ki, şəxsi avtomobil yalnız 34% respondentlərdə var. Və onların yalnız 25%-i öz avtomobilini gündəlik istifadə edirlər. 30%-ə yaxın insan özlərinə avtomobil almaq istəyir, 37% isə bunu planlaşdırmır. Qeyd etmək lazımdır ki, sorğu tək bizim səhifədə deyil, həmçinin Facebook-da daha çox sürücülər olan qruplarda da paylaşıldı.
Öncədəki suala davam olaraq, görünür ki sakinlərin əksəriyyəti (~59%) gündəlik səfərlərində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Sorğuda iştirak edənlərin cəmi 26%-i öz maşını ilə hərəkət edir.
4-cü sual paytaxtımızın piyada infrastrukturuna həsr olunmuşdur. Nəticə təxmini gözlənilən idi. Bakı, təəssüf ki, piyadalar üçün əlverişli deyil. Sakinlərin 53%-i bununla razıdır, 45 faizi isə küçələrimizi orta səviyyəsində qiymətləndirib.
Soruşmuşduq ki, “Sürətli və rahat ictimai nəqliyyat olsa, gündəlik səfərlərinizdə avtomobildən imtina edərdiniz?”. Yalnız sürücülərin cavablarını saysaq, 88,5 faizi buna razı olur. Bu bir daha sübut edir ki, bütün dünyada olduğu kimi, ictimai nəqliyyatı inkişaf etdirməklə, avtobuslar üçün ayrılmış zolaqlar salmaqla küçələrdə avtomobillərin sayını və tıxacları azaltmaq mümkün olacaq. 5-ci sual üçün ümumi nəticə belədir:
Növbəti sual öncədəki ilə oxşardır. Respondentlərin əksəriyyəti qısa məsafələrdə velosipeddən istifadə etməyə hazırdır, amma gərək bunun üçün şəhərimizdə velozolaqlar və velodayanacaqlar olsun:
Son 5 il ərzində Bakıda bir sıra nəqliyyat qovşaqları, yeni körpülər, “kosmik” dizayna malik piyada keçidləri inşa edilib. Dövlət qurumları tıxaclarla mübarizəni məhz bu cür aparır. Reallıq və bizim sorğu göstərir ki, bu cür tədbirlərin effektiv olması ilə insanların yalnız 7,8% razıdır. Respondentlərin ~36% isə ümumiyyətlə vəziyyətin daha da pisləşməsini müşayiət edir. Çünki yeni yolların tikintisi daha çox avtomobil cəlb edir. Yuxarıda qeyd etdiyim kimi, tıxaclarla mübarizə aparmağın yalnız bir əsas yolu var – ictimai nəqliyyatın inkişaf etdirilməsi, ayrılmış avtobus zolaqların çəkilməsidir.
Açıq danışmaq lazımdır ki, 2015-ci ildən bəri ictimai nəqliyyatda inkişaf hiss olunur. Respondentlərin yarısından çoxu bunu təsdiqləyir.
Lakin, tək avtobus və metro ilə iş bitmir. Bakıya mütləq tramvay qaytarılmalıdır. Bu məsələdə bizi sorğuda iştirak 94% istifadəçi dəstəkləyir.
Həmçinin Bakıya daha çox yaşıl parklar və ictimai məkanlar lazımdır.
Şəxsi həyət evlərində yaşayanları saymasaq, hal hazırda Bakı şəhərində həyətlərin əksəriyyəti dayanacağa çevrilib. Yaxşı həyətlərə isə avtomobil girməməlidir ümumiyyətlə. Bu haqda keçən bloqpostda yazmışdım.
Respondentlərin əksəriyyəti inkişaf etmiş digər şəhərlərə və ya ən azı qonşu ölkələrə səyahət ediblər. Bu sualı respondentlərin xarici təcrübəni əyani görüb-görməməsini müəyyən etmək üçün sorğuya əlavə etmişdik.
Ümumi olaraq, Bakılılar şəhərimizi rahatlıq və təhlükəsizlik nöqtəsindən aşağıdakı şəkildəki kimi qiymətləndirirlər. 5-ballıq şkala üzrə orta qiymət 2,33. Şəxsən məni bu nəticəyə çox təəssüfləndirir.
Bəs problemləri necə həll edək? Şəhərlərimizi yaxşılaşdırmaq üçün ictimaiyyət dəyişiklikləri tələb etməlidir. Bizim dövlət qurumları bu gün digər ölkələrin keçən əsrdə buraxdığı səhvləri təkrar edir. Tıxaclarla və qəzalarla mübarizədə ictimai nəqliyyat, velosiped və piyada yönümlü şəhərə doğru addımlamaq yeganə düzgün yoldur. Biz hamımız dövlətdən geniş yollar və ucuz parkinqlər deyil, daha müasir yanaşmanı tələb etməliyik. “İnsan yönümlü şəhərlər” layihəsi olaraq biz mütəmadi olaraq dövlət qurumlarına müraciət və təkliflər göndəririk. Sevindirici haldır ki, bizə qoşulmaq istəyən və artıq müraciətləri göndərən kifayət qədər çox insan var.
Sorğuda qeyd etdiyiniz əlavə şərhlərin hamısını da oxuduq, rəylərinizə görə ayrıca təşəkkür edirik!
Sorğunun qısa təhlili
Keçirtdiyimiz sorğuda çox böyük kütlə iştirak etməsə də, Bakı şəhərini hansı istiqamətdə inkişaf etdirmək vacibliyi müyyən olunur. Küçə və nəqliyyat problemlərini aradan qaldırmaq üçün velosiped icad etmək lazım deyil. Bu gün Bakı Nəqliyyat Agentliyi bir sıra yeniliklərə əl atır, avtobuslara nəzarəti gücləndirir, lakin görünür ki, bu tədbirlər çox vaxt “bürokratik məftillərə” ilişir. Bəzi məsələlərə Yol Polisi baxır, Avtomobil Yolları Dövlət Agentliyi öz bildiyini edir, Şəhər İcra Hakimiyyəti isə sanki bu işə ümumiyyətlə qarışmaq istəmir.
Öz növbəsində vətəndaşlar da şəhərdə baş verənlərə kifayət qədər təsir edə bilirlər. Sakinlər heç vaxt biganə qalmamalıdır. Dövlət qurumlarına müraciət qaydasını Sizə izah etmişdim, sözünüzü dövlət qurumlarına çatdırmağa utanmayın. İctimai nəzarət vacibdir. Buna tək mən demirəm, dövlət başçısı da` deyir.
Bu yaxınlarda müraciət mövzusuna bir daha toxuncağıq. Bir sıra məsələlər var, onları hətta kütləvi məktub formasında göndərməyə niyyətindəyik. Bizi izləməyə davam edin və özünüzü qoruyun!
Sosial şəbəkələrdə:
- Facebook: İnsan yönümlü şəhərlər, Transport for Baku
- Instagramda da artıq varıq, qoşulun çoxlu foto və videolarımız olacaq: @city4people.az
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.