Mövcud vəziyyət
Bu gün Bakı şəhərində kifayət qədər çox velosiped istifadəçisi mövcuddur. Hələ 2014-cü ildə Bakıda keçirilən ilk “Critical Mass” yürüşü göstərdi ki, şəhərdə bu nəqliyyat növünə maraq həddindən artıq çoxdur.
Buna baxmayaraq, Bakıda velosipedçilərin təhlükəsiz hərəkəti üçün demək olar ki, heç bir şərait yoxdur. Dənizkənarı Bulvarın hazırkı uzunluğu 7 kilometrdən çoxdur (Su Sarayından “Boulevard Hotel”-ə qədər), amma velosiped üçün ayrılmış ərazi yalnız parkın təxmini 1,3 kilometrlik ərazisini əhatə edir. Həmin velosiped yollarında isə nəzarət və nişanlanma zəif olduğundan, burada velosipeddən çox piyadalara rast gəlmək olar:
“Köhnə bulvar” və “Ağ Şəhər Bulvarı” adlanan ərazilərdə isə ümumiyyətlə velosiped zolaqları yoxdur. Əvvəllər velosipedçilər piyadalarla toqquşmasın deyə ən kənar səki ilə hərəkət edirdilərsə, artıq son günlər hətta burada velosipedlərə qadağa qoyulub, cərimələr də yazılır:
Lakin, köhnə bulvarın yola yaxın səki cərgəsində velosiped zolağını təşkil etmək üçün kifayət qədər yer var. İndi belədir:
Amma belə ola bilər:
Bakı şəhərinin küçələrinə gələndə isə, velosiped infrastrukturuna, demək olar ki, rast gəlmək mümkün deyil. Müasir standartlara uyğun yeganə velosiped zolağının uzunluğu cəmi 100 metrdir. Bu velosiped yolu Bakı Nəqliyyat Agentliyi tərəfindən Aleksandr Puşkin küçəsində pilot layihəsi kimi keçən il təşkil edilib:
Bəli, bu zolağa bəzi suallar var, ən azı onu tametlə yox asfaltla döşəməsi daha məqsədəuyğun olardı, amma olana şükür. OK, bəs bu yolun davamı hanı? Hələ 2019-cu ilin aprel ayında BNA velosiped infrastrukturunun yaradılmasına dair planları açıqlamışdır. Layihəyə əsasən, velozolaqlar bu əraziləri əhatə etməli idi:
Lakın, zolaqların tikintisi yubandı və yeni tender 2020-ci ilin iyun ayında elan olundu.
İnsanlar velosipedə keçməyə hazırdır
Keçən ay “İnsan yönümlü şəhərlər” sosial sorğu keçirmişdir və sualların biri velosiped istifadəsinə aid idi. Sorğunun nəticələri göstərdi ki, əgər şəhərdə müvafiq veloinfrastruktur olsa, əhalinin əksəriyyəti bu nəqliyyat növündən istəfadə etməyə hazırdır.
“Bizə yaraşmaz” və “Qafqaz mentaliteti” kimi bəhanələr gətirməyək, çünki elə bizə ən yaxın paytaxt Tbilisi şəhərində indi kütləvi velosiped zolaqları salınır və nəticədə istifadəçilərin sayı da çoxdur.
Xüsusilə də pandemiya dövründə velosiped şəhərdə təhlükəsiz və effektli nəqliyyat növünə çevrildi. Daha ətraflı bu məqalədə oxuya bilərsiniz.
Eyni zamanda, Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün hazırlanmış dövlət proqramında da velosiped zolaqlarının və duracaqlarının yaradılması qeyd olunmuşdur. 2016-cı ildə isə İsmayıllı rayonunda velosiped istehsal edən zavod açıldı.
Dövlət başçısına müraciət
Beləliklə, qısa araşdırmaya əsaslanıb, nəticəyə gəlmək olar ki, Bakı şəhərində nəinki velosiped infrastrukturun yaradılmasının vaxtı çatıb, biz bu məsələdə digər qonşu ölkələrdən hətta gecikir.
Düşünürəm ki, bu istiqamətdə aparılan işlərə təkan vermək üçün bütün müvafiq qurumların koordinasiyasına ehtiyac var. Məhz buna görə, bu müraciətin Prezident Administrasiyasına göndərilməsi məqsədəuyğun olacaq. Bu cür ictimai nəzarətin vacibliyini dövlət başçısı özü də dəfərlərlə vurğulamışdır:
Tərəfimizdən hazırlanan müraciət üç vacib addımların atılmasını irəli sürür. Mətni diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
MÜRACİƏT
Hörmətli Cənab Prezident!
Son illər ərzində Sizin tapşırığınıza əsasən, paytaxt – Bakı şəhərində bir sıra iri infrastruktur layihələr müvəffəqiyyətlə icra olunur. Yolların və küçələrin təmiri, ictimai nəqliyyat parkının yenilənməsi, yeni ictimai məkanların salınması və bir sıra digər layihələrin icrası buna bariz nümunədir.
Lakin, təəssüflə qeyd edim ki, ölkəmizdə ildən-ilə velosiped istifadəçilərin sayının artmasına baxmayaraq, bu qrupa daxil olan insanların maraqları, demək olar ki, nəzərə alınmır. Belə ki, Dənizkənarı Bulvarın uzunluğu 7 kilometrdən çox təşkil edir, lakin, velosiped üçün ayrılan zolağın uzunluğu cəmi 1,3 km təşkil edir. Milli Parkın “Köhnə Bulvar”, “Ağ Şəhər Bulvarı”, “Su Saray”-ın ətrafı kimi tanınan ərazilərdə velosiped yolları nəzərdə tutulmayıb. Halbuki, qeyd olunan ərazilər kifayət qədər genişdir və sözügedən zolaqlardan bu ərazilərdə rahatlıqla təşkil etmək mümkündür. Hazırda, bu velozolaqların olmaması nəticəsində parka istirahətə gələn sakinlər və velosipedçilər arasında mübahisəli hallar yaranır, hətta bir neçə dəfə xoşagəlməz hadisələr baş verib.
Məlumdur ki, velosiped bütün dünyada qısa məsafəli səyahətlərdə effektiv nəqliyyat növüdür. Velosiped əlavə tıxaclar yaratmır, ictimai nəqliyyata yükü azaldır və ekoloji cəhətdən təmizdir. İnkişaf etmiş ölkələrdə, o cümlədən, qonşu ölkələrin iri şəhərlərində (İstanbul, Moskva, Tbilisi və s.) son illər velosiped infrastrukturuna böyük diqqət ayrılır. Bu müraciətə əlavə olunan fotolarda bu şəhərlərin misalları göstərilib. Ayrıca vurğulayım ki, COVID-19 pandemiya dövründə bir sıra şəhərlərdə piyada və velosiped infrastrukturun inkişafı sürətləndirildi. Ətraflı olaraq bu məqalədə tanış olmaq mümkündür: https://city4people.az/post/post-pandemiya-zamani/
Bu istiqamətdə bizim ölkədə də planlar hazırlanıb. Sizin 2018-ci ilin 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün dövlət proqramı”nın 7.2.9-cu bəndi velosiped zolaqlarının və duracaqlarının yaradılmasını nəzərdə tutur. 2016-ci ildə isə İsmayıllı rayonunda fəaliyyətə başlayan “İsma Bikes” adlı zavodun tikintisi Azərbaycanda velosipedləşməni daha da sürətləndirdi.
Bununla, Sizdən xahiş edirəm ki, aşağıda məsələlərə dair müvafiq tapşırıqlar verəsiniz:
1) Bakı şəhərinin inzibati ərazisində velosipedin effektiv nəqliyyat növü kimi inkişaf etdirilməsi və velosiped istifadəçilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün, paytaxtın əsas küçələrində ayrılmış velozolaqların yaradılmasına;
2) Dənizkənarı Milli Parkın bütün ərazisində müasir standartlara uyğun velosiped zolaqlarının və müvafiq nişanlanmasının təşkilinə;
3) Bakı şəhərinin digər iri parklarında (Mərkəzi Park, Heydər Əliyev Parkı, Qış Parkı və digərlərində) veloinfrastrukturunun yaradılmasına.
Hörmətli Cənab Prezident!
Son zamanlar Siz öz çıxışlarınızda vətəndaşlardan gələn müraciətlərə xüsusi diqqət ayrılmasını vurğulamışdınız. Əminəm ki, bu müraciətin nəticəsində şəhərimizi daha da müasir, sağlam və təhlükəsiz edilməsi üçün müvafiq tədbirlər görüləcək. Öncədən təşəkkür edirəm.
Hörmətlə,
[Adınız Soyadınız], [Tarix]
Müraciəti elektron qaydada office@pa.gov.az e-poçt ünvanına göndərmək mümkündür. Yuxarıdakı mətni və şəkilləri məktuba əlavə edə bilərsiniz. Müraciətlə bağlı fotoları bu keçiddən yükləyin: https://bit.ly/velozolaqlar
Həmçinin, mətni və fotoları çap edib, Prezident Administrasiyana kağız üzərində göndərmək mümkündür. Ünvan: Bakı, Az 1066, İstiqlaliyyət küçəsi, 19, “Prezident Sarayı”.
Tək velosipedçilər üçün deyil…
Dostlar, qeyd edim ki, toxunduğumuz məsələ tək velosipedçilərin marağına yönəldilməyib. Hər birimiz parklarda rahat şəraitdə vaxt keçirmək, yollarda daha təhlükəsiz hərəkət etmək və şəhərimizin müasir istiqamətdə inkişafını görmək istəyirik. Elə deyil mi?
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.