BNA-dan YENİ AVTOBUS ZOLAQLARI

Bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi daha 10 küçədə yeni avtobus zolaqların salınmasını elan etdi. Bu siyahıya bir sıra vacib küçə və prospektlər daxildir ki, artıq onların təşkilinə bütün aidiyyati qurumlar razılıq verib. Rəsmi siyahıya əsaslansaq belə bir xəritə alınır:

Mövcud (sarı) və yeni salınacaq (qırmızı) avtobus zolaqları

Görünür ki, həqiqətən pik saatlarında tıxaclara bürünən bir sıra vacib şəhər arteriyalarında, nəhayət ki, ictimai nəqliyyata prioritet veriləcək. 80 nəfər daşıyan avtobus 1-2 sərnişin daşıyan avtomobillərlə yanaşı tıxaclarda dayanmamalıdır, ictimai nəqliyyat sabit cədvəl üzrə gecikməsiz hərəkət etməlidir ki, insanlara cəlbedici olsun – bütün dünyada avtobus zolaqların konsepsiyası budur. Ətraflı bu məqalədə oxuya bilərsiniz.

BU ZOLAQLARDAN BAKIDA ARTIQ VAR, AMMA XEYRİ VARMI?

Düzdür, əgər Bakıda hazırkı vəziyyətə baxsaq mövcud olan üç avtobus zolaqların heç biri öz funksiyasını yerinə yetirmir. Misal üçün, Yusif Səfərov küçəsində tıxac vaxtı vəziyyət belədir:

Babək prospekti və Füzuli küçəsində isə avtobus zolaqlarında baş verənlərin bir adı var – xaos:

Bu fotolara baxanda, təbii ki, heç kimin inamı gəlmir ki, yeni salınan zolaqların hansısa faydası ola bilər. Amma istək olsa hər şey mümkündür.

ƏSAS MƏSƏLƏ – NƏZARƏT

Digər YHQ pozulması kimi, avtobus zolağında hərəkət edən minik və yük NV-nin sürücüləri İXM-nin 327.1 maddəsinə əsasən 40 AZN cərimə gözləyir. Lakin, praktikada bu cərimə, demək olar ki, tətbiq olunmur. Bəli, Yusif Səfərov küçəsində polis tərəfindən bəzən reydlər keçirilir, amma bu reydlər qeyri-pik saatlarında, yollar nisbətən boş olan vaxtda baş tutur, avtobus zolağının isə məhz tıxac zamanı mahiyyəti var.

OK, bəs DYP-nin bu pozuntuya görə sürücüləri cərimələmək niyə marağı yoxdur ki? Burada zənnimcə iki faktor rol oynayır.

Birincisi, Dövlət Yol Polisinin məsuliyyət zonası daha çox ictimai nəqliyyat deyil, şəxsi avtomobillərdir. Avtomobillərə tıxac yarada bilən istənilən yenilik bu qurum tərəfindən birmənalı qarşılanmayacaq. Eynisəviyyəli piyada keçidlərinin təşkili, təhlükəsizlik adacıqların yaradılması, avtobuslara prioritetin verilməsi – bunların hamısı sürücülərin hüquqlarının taptalanması və əlavə tıxac mənbəyi kimi qiymətləndirilir. Halbuki, reallıq tam əksini göstərir. Avtomobillər üçün əlavə şəraitin yaradılması daha çox insanları maşın almağa həvəsləndirir və tıxaclara daha da pis təsir edir.

Həmçinin oxu: Tıxaclar niyə yaranır?

İkincisi, sözügedən ideyaların reallaşdırılması, ilkin mərhələdə, sürücülər tərəfindən böyük narazılığa səbəb ola bilər. Bu, bütün dünyada belədir. Amma əvvəllər hər kəs qınayır, sonra isə təşəkkür edir. Bloqumuzdakı bir sıra digər məqalələrdə dəfələrlə qeyd olunub – sürücülər görəndə ki şəhərdə ictimai nəqliyyatla səyahət etmək daha sərfəlidir, qısa bir zamanda öz avtomobillərdən imtina edəcəklər (söhbət gündəlik səfərlərdən gedir).

Nəzarətə gələndə bir nümunəni də əlavə etmək istəyirəm. Yadınızdadırsa, Bakıda 2015, 2017 və 2019-cu illərdə müxtəlif beynəlxalq idman tədbirləri keçirilmişdi. Və həmin tədbirlərin təşkilatçıları üçün xüsusi sarı zolaqlar ayrıldılar, nişan quraşdırdılar və bütün KİV vasitəsilə xəbərdarlıq edildi ki, zolaqlara icazəsi olmayan sürücülər daxil olsalar – 80 manat cərimələnəcək. İki gündən sonra bu sarı zolaqlara hamı bir nəfər ki hörmət etməyə başladı:

Deməli, “Lazım dayı” gəlsə hər şey mümkündür və bundan sonra heç kim “milli mentalitet”-dən danışmasın və “biz düzələn deyilik” ifadələrdən istifadə etməsin.

Həmçinin, zolaqlara nəzarət Bakı Nəqliyyat Agentliyinə keçsə müsbət nəticə verə bilər. BNA avtobusların fasiləsiz hərəkət etməsində daha çox maraqlıdır və bu məsələyə daha ciddi yanaşacaq. Nəzarəti həm xüsusi küçə kameraları, həm də avtobuslarda quraşdırılan videoavadanlıq vasitəsilə aparmaq mümkündür.

BƏS DİGƏR ÖLKƏLƏRDƏ VƏZİYYƏT NECƏDİR?

İnkişaf etmiş ölkələrin böyük meqapolislərində ictimai nəqliyyata prioritet verilir. Bu çoxdandır ki, yol hərəkətin təşkilinin vacib bir hissəsinə çevrilib.

Moskvada avtobus zolağı. Foto: rg.ru
London şəhərində avtobus zolağı
Nyu-York. Fikir verin ki, avtomobillər üçün cəmi bir hərəkət zolağı saxlanılıb
Bəzi Çin şəhərlərində avtobus zolağını fiziki baryerlə ayırırlar

Qonşu paytaxt Tbilisidə isə avtobus zolaqları yolun qırağında deyil, küçənin ortasında salınır və tramvaya bənzər ictimai nəqliyyata çevrilir (buna “Bus Rapid Transit – BRT” deyilir).

Foto: Sputnik Georgia
Foto: Sputnik Georgia

BƏS SÜRÜCÜLƏRİ NİYƏ HEÇ KİM DÜŞÜNMÜR?

Bu gün sosial şəbəkələrdə avtobus zolaqlarını müzakirə edəndə ilk növbədə şəxşi avtomobillərin sürücüləri etiraz edir ki, bəs “bizim küçələrdə onsuzda yer yoxdur!”, “tıxaclardan onsuzda tərpənmək olmur, siz ne edirsiniz?!”.

Əzizlərim, tıxaclarla yeganə mübarizə yolu həmin tıxacların tərkib hissəsi olan maşınların sayını küçələrdə azaltmaqdır. Əgər 80 avtomobili bir avtobus və yaxud 300 avtomobili 1 müasir tramvay ilə əvəz etsək, yollarımız xeyli boşalacaq. Tıxacla mübarizədə bundan effektiv nə ola bilər ki?

Ümid edirəm, bunu tək oxucularımız deyil, Bakı şəhərinin infrastrukturuna məsuliyyət daşıyan bütün müvafiq dövlət qurumları anlayacaq. Və bu zaman parlaq və müasir gələcəyə doğru daha bir addım atmış olacağıq.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: