Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura komitəsi Bakı şəhərinin ilkin baş planını ictimaiyyətə təqdim etdi.

Stokholm universitetinin “Ətraf mühit və şəhərsalma” fakultəsinin məzunu Bayram Axundov həmin baş planı ətraflı təhlil edib və bir sıra vacib detallara nəzər salıb. Təhlili diqqətinizi çatdırırıq.

Giriş sözü

İstənilən müasir şəhərin günün əsas tendensiyaları ilə ayaqlaşan strateji inkişaf planına ehtiyacı var. Bakı şəhərinin belə bir təşəbbüslə çıxış etməsi çoxdan gözlənilən və vacib bir addım idi. Şəhərin ölkə iqtisadiyyatındakı mühüm rolunu nəzərə alaraq, Bakının əsas inkişaf hədəflərinin vurğulanması eyni zamanda Azərbaycan Respublikasının inkişaf vektorunu da qismən təyin edir. Onu qeyd etmək istərdim ki, Bakının beynəlxalq innovasiya və elm mərkəzinə çevrilməsi yalnız şəhər sakinlərinin rahatlığına və yaradıcı ruhuna şərait yaradacaq bir mühitdə mümkündür.

XXI əsr şəhərinin sakinləri öz yaşadıqları mühiti gündəlik həyatlarında istifadə etdikləri ağıllı telefon kimi istifadə etməlidirlər. Bu gün şəhər mühiti bir sıra məşğuliyyəti və ya funksiyanı özündə birləşdirə bilən, və insan potensialının ən effektiv şəkildə reallaşdırılmasını təmin edə bilən bir mühitdir. Müasir şəhər onun sakinlərinin aləti və köməkçisi olmalıdır. Bu gün şəhər sakini öz doğma mühitində yaşamalı, işləməli, təhsil almalı, yaratmalı, yüksək sürətlə səyahət etməli, və təbiətlə, şəhərin tarixi ilə maksimal dərəcədə ünsiyyətdə olmalı və asudə vaxtında əylənməlidir.

Yuxarıda apardığım müzakirədə və Bakı 2040 baş planından göründüyü kimi, şəhərimizin cari vəziyyəti onu bir sıra imkanları yarada bilməkdən məhrum edir. Şəhərimizin sənaye dövründən post-sənaye dövrünə və onun tələblərinə keçidi yalnız dünyada müşahidə oluna bilən müasir şəhərsalma tendensiyaları ilə ayaqlaşmaqla mümkün görünür. Bu keçidin uğurlu olması üçün, şəhər idarəçiliyi, dövlət orqanları, özəl sektor, yerli sakinlər və digər sadə vətəndaşlar birgə iştirak etməlidirlər. Hazırkı qısa analizdə mən Bakı 2040 baş planının həm üstün, həm də zənnimcə, zəif olan tərəflərini müzakirə edəcəm. Bu sənədin növbəti hissələri mənim iradlarımın nəzəri əsaslarına və konkret təkliflərimə həsr olunacaq. Öncədən onu da vurğulamaq istərdim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin öz internet səhifəsində baş plan haqda paylaşdığı məlumat dolğun olmadığından (ilkin versiya olduğu üçün tam başa düşüləndir), mənim bəzi fikirlərim artıq mövcud olan və nəzərə alınmış ideyalarla uyğunlaşa bilər.

Nəzəriyyə

Bu qısa analiz Belçikanın Löven (KU Leuven) universitetinin Arxitektura, Urbanizm və Şəhərsalma elmləri doktoru Lui Albrextsin (Louis Albrechts) fikirlərinə əsaslanır. Bu alimin fikirlərinə əsasən, yaradılan şəhər planları bir necə vacib məqamları nəzərə alaraq hazırlanmalıdır. Albrexts bildirir ki, müasir şəhər planları ənənəvi və ya əhatəli/hərtərəfli (traditional, comprehensive) deyil, strateji xarakter daşımalıdır. Strateji planlama bir fenomen olaraq korporativ, biznes sektorunda yaradılıb, və istənilən layihənin dayanıqlı inkişafını və istənilən fors-major hallarına rahat adaptasiyasını təmin edir (Albrexts, 2006; Albrexts & Balduççi, 2013). Bunun mümkün olması üçün, şəhərin strateji regional planı tək bir sənəd və strategiya deyil, bir neçə yanaşma əsasında qurulur, şəhərin hər bir ərazisində görülən işlər ayrı bir layihə əsasında aparılır və həmin ərazilərdə marağı olan tərəfləri/sakinlərini cəlb edir. Strateji planlama adətən mövcud potensial inkişaf istiqamətlərini nəzərə alır, əldə olan resursları və planın icrasını əhatə edir.

Lui Albrextsin və onun həmkarlarının təcrübəsinə əsasən, yaradılmış planın strateji olub-olmaması əsas 5 göstərici əsasında təyin edilir:

1. Selektivlik – yaradılmış strateji regional plan mövcud olan bütün problemlər deyil, ən vaciblərini seçir. 4-5 əsas hədəfin olması planın əhatəli deyil, strateji plan olduğunun göstəricisidir.

2. İnklüzivlik – şəhərin strateji regional planı kütləvi oxuma və kollektiv məsləhət və konsensus əsasında yaradılır. Bu prosesdə adətən marağı olan bütün tərəflər və sıravi şəhər sakinləri iştirak edirlər. Marağı olan tərəflərin arasında dövlət strukturları, özəl sektor nümayəndələri, yerli biznes nümayəndələri, qeyri-hökümət təşkilatları, yerlərdə qurulmuş vətəndaş birlikləri, şəhər sakinləri, sahibkarlar və s.

3. İnteqrativlik – gələcəkdə görüləcək işlərin horizontal və vertikal əməkdaşlıq əsasında aparılması. Horizontal inteqrasiya zamanı planın icrasında iştirak edən tərəflər sıx dialoqda olmalı və şəxsi maraqları uğrunda deyil, qoyulan məqsədlərə çatmaq üçün birlikdə və vahid bir ahəng əsasında çalışmalıdırlar. Bu həm aparılan işlərin vahid deyil, ayrı istiqamətlərdə getməsinin qarşısnı alır, həm də eyni işin bir neçə dəfə görülə biləcəyinə görə lazımsız vəsait sərfiyyatının qaşısını alır. Eyni zamanda, vertikal inteqrasiya aparılan işlərin qlobal, milli, regional, munisipal və yerli səviyyələrdəki ahənginin zəmanətidir.

4. Gələcəyə baxış – şəhərin strateji planı şəhərin gələcəkdə hansı görünüşü alacağını, hazırlanan layihələrdən gözlənilən effektləri, qoyulan hədəflərə çatmağın nə üçün vacib olduğunu göstərir. İstənilən şəhər planında gələcəyə baxış mühüm yer alır və şəhər iqtisadiyyatının əsas inkişaf vektorlarını təyin edir.

5. Fəaliyyət yönümlülük – əhatəli/hərtərəfli şəhər planlarından fərqli olaraq, strateji şəhər planları mövcud olan problemlərə və çətinliklərə reaksiya deyil. Əksinə, strateji planlar mövcud problemlərin aşkar olunması və həllinə yönəlməlidir, və hədəflərin qoyulmasından əlavə, həyata keçirilməsinə də diqqət yetirməlidir. Qısa desək, hər bir strateji şəhər planında həyata keçirilmə hissəsi (implementation part) olmalıdır. Bunun çox gözəl nümunəsi kimi Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin 2017-2022 İnteqrativ İnkişaf Planında görə bilərik. Plan sənədinin ikinci hissəsi qoyulmuş layihələrin həyata keçirilməsinə həsr olunub (Şəkil 1). Şəhər siyasəti sənədləri, planlar, layihələr, fəaliyyətlər (qısamüddətli, ortamüddətli, uzunmüddətli) və qərarların strateji plan sənədinə daxil olması, o sənədin fəaliyyət yönümlülüyünün göstəricisidir.

Şəkil 1. Keyptaun şəhərinin 5 illik İnteqrativ İnkişaf Planının ümumi strukturu. Mənbə: Keyptaun şəhərinin 2017-2022 İnteqrativ İnkişaf Planına əsasən (səhifə 58) müəllif tərəfdən hazırlanıb.

3. Qısa analiz

Bu hissədə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin rəsmi saytında paylaşılmış Bakı 2040 Baş planının ilkin versiyasının qısa analizi aparılacaq. Bu qısa təhlil Baş planın ilkin versiyasının stratejilik tələblərinə nə dərəcədə uyğun olmasını araşdıracaq. Bu hissəyə başlamamışdan öncə onu vurğulamaq istərdim ki, baş plan tam hazır olmadığına görə, onun nə dərəcədə yuxarıda qeyd olunmuş göstəricilərə uyğun olmasını bir mənalı şəkildə söyləmək çətindir. Lakin, artıq qeyd olunmuş bəzi məqamlar ilkin qiymətləndirmənin verilməsinə imkan yaradır. İlkin qiymətləndirmə planda çatışmayan məqamların əlavə olunmasını mümkün edir.

1. Selektivlik. Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin rəsmi saytında paylaşılmış Bakı 2040 Baş planının ilkin versiyasında əsas 4 hədəf/prioritet vurğulanır: dayanıqlı inkişaf, şəhər və ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması və tarixi irsə qayğı, yeni məzmun. Albrextsin fikirlərinə əsasən, strateji planın selektivliyinin əsas göstəriciləri planda qoyulmuş hədəflərin azlığı və konkret məqsədlərin təyin olunmasıdır. Hər iki göstəriciyə uyğun gələn Bakı 2040 Baş planını selektiv plan adlandıra bilərik. Eyni zamanda onu da vurğulamaq istərdim ki, “baş plan” (master plan) söz birləşməsi daha çox ənənəvi və əhatəli şəhər planlaması dövrünə (XX əsr) aiddir və daha çox torpaq idarəçiliyi (land use) planlarına aiddir. “Baş plan” söz birləşməsinin müasir şəhərsalmada çox arxaik bir ifadə olduğunu desək yanılmarıq. Ona görə, sənədin son versiyasına “Bakı 2040 Baş planı” deyil, “Bakı 2040 Strateji Regional Planı” adı verilsə, fikrimcə, daha məqsədəuyğun olar. Bakı 2040 planının selektiv ruhu onun hazırkı “baş plan” adına ziddir.

2. İnklüzivlik. Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin Bakı 2040 planının ilkin versiyasının saytda yerləşdirməklə təklif və iradların istəməsi inklüzivlik baxımından çox pozitiv bir haldır. Lakin, onu da qeyd etmək lazımdır ki, bu addım pozitiv olsa da, kifayət deyil. Öncə, onu nəzərə alaq ki, planın ilkin versiyasının oxunmasına 60 gün vaxt verilib və bu müddət olduqca azdır. Nəzərə alsaq ki, bu müddətin böyük hissəsi Vətən müharibəsinin dövrünə təsadüf edib, planın şəhər əhalisinin heç olmasa bir qismi tərəfindən oxunmasına zəmanət verə bilmərik (insanların düşüncə və qayğılarının əsasən cəbhədən gələn xəbərlərlə ilə bağlı olduğu üçün bu başa düşüləndir). Bunları nəzərə alaraq, təklif edərdim ki, planın ilkin versiyası KİV vasitəsi ilə böyük ictimaiyyətə təqdim olunsun və saytdakı məlumatın oxunmasına əlavə vaxt verilsin. Bundan əlavə, İstanbul İnkişaf Agentliyi tərəfindən 2014-cü ildə dərc olunmuş, və 2023-cü ilə kimi nəzərdə tutulmuş İstanbul Regional Planının nümunəsindən ilhamlanaraq, istəyərdim ki, şəhər sakinlərinin vahid həşteq vasitəsi ilə sosial mediada Bakıya aid fikirləri toplanılsın və bu vasitə ilə inklüzivlik prinsipi qorunsun (İstanbul Regional Planının inklüzivliyi haqda daha ətraflı: Şəkil 2). Hazırkı koronavirus pandemiyasını nəzərə alaraq, bu çox gözəl və effektiv bir təşəbbüs olardı. Əlavə olaraq, inklüzivliyin gözlənilməsi üçün, planın ilkin versiyasının kütləvi görüşlərdə oxunması (bizim vəziyyətdə onlayn şəkildə olsa da olar) və fikir mübadiləsinin təmin olunması vacib görünür. Bu cür görüşlərdə bütün marağı olan tərəflər ünsiyyətdə olaraq fikirlərini bölüşməli və maraqlarını müdafiə etməlidirlər. Hazırkı vəziyyətdə Bakı 2040 planının inklüzivliyinin təmin olunması ilə bağlı işlər kifayət qədər deyil və ümidvaram ki, buna əks addımların şahidi olarıq.

Şəkil 2. 2014-2023 İstanbul Regional Planının hazırlanma sxemi. Mənbə: 2014-2023 İstanbul Regional Planı sənədi (səhifə 22).

3. İnteqrativlik. Bakının strateji planının inteqrativliyini təmin etmək üçün öncə yuxarıda qeyd olunmuş məqamlardan başlamaq düzgün olardı. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi gələcəkdə görüləcək işlərdə öz rolunu aydın şəkildə müəyyən etməlidir və planın icrasında iştirak edəcək tərəflərin öhdəliklərini açıqlamalıdır. Bəzi strateji planlarda işləri görən qurumların arasındakı əlaqələri və ahəngi təmin etmək üçün vahid koordinasiya sistemləri yaradılır. Misal üçün, Cənubi Afrika Respublikasının Keyptaun şəhərinin strateji planında bunun üçün TMS (Transversal Management System) adlı bir sistemin yaradılması barədə məlumat verilir. Bunlardan əlavə olaraq, vertikal inteqrasiya çərçivəsində xarici şəhərlərlə əməkdaşlığın qurulması və bunun çərçivəsində işgüzar səfərlərin təşkil olunması xarici şəhərlərin müsbət təcrübələrinin öyrənilməsinə imkan yarada bilər.

4. Gələcəyə baxış. Bu baxımdan Bakı 2040 planının ilkin versiyası çox uğurludur və həmçinin xəritələrin istifadəsi ilə gələcəkdə baş verəcək dəyişiklikləri açıq və aydın nümayiş etdirir. Lakin, 2-ci məqamı nəzərə alaraq, hazırkı “gələcəyə baxış” kollektiv fəaliyyətin olacağına çox elə ümid vermir və cari planda daha çox “tanrı gözü” (the eye of God) obrazını yaradır. Yerli əhali ilə ünsiyyət bu effekti xeyli azaldardı və şəhər ərazisində mövcud olan gizli və adətən neqativ diskursları aşkar edərək, onların qarşısının alınmasına yardım edərdi. Eyni zamanda, planın geniş ictimaiyyətlə müzakirə olunması yolu ilə yerli əhalinin yaşadıqları ərazidəki müəyyən yerlərə göstərdikləri xüsusi qayğı və onun səbəbləri öyrənilə bilər. “Gələcəyə baxış” həmin xüsusi ərazilərə, yerlərə kollektiv və dayanıqlı yanaşmanın yaradılmasını təmin edə bilər.

5. Fəaliyyət yönümlülük. Bakı 2040 planının ilkin versiyası fəaliyyət yönümlülüyü baxımından çox uğurludur. Öncə onu vurğulamaq lazımdır ki, qoyulmuş müddətin kifayət qədər uzun olmasına baxmayaraq (19 il), qoyulan hədəflər 3 əsas hissəyə bölünüb (qısamüddətli, ortamüddətli və uzunmüddətli). Bu amil planın strateji yanaşmanın çox bariz göstəricisidir. Bütün hədəflər ayrı-ayrı mərhələlər arasında bölünürlərsə, bu hazırlanmış planın hər bir ayrı zaman kəsiyinə rahat adaptasiya olunmaq istəyinin göstəricisidir. Eyni zamanda, fəaliyyət yönümlülüyün əsas göstəricilərindən biri də odur ki, planın ilkin versiyasında bir neçə hədəf düşünülmüş plan formasında təqdim olunub. Bunlara həm Xocasən Nəbatat Parkı, həm “Xocasən-Lökbatan” Şəhərkənarı Yaşıl Hibrid Dəhlizi, həm göllərin təmizlənməsi, həm də hazırlanmış xəritələr gözəl nümunələrdir. Planın son versiyasında ayrıca bir “həyata keçirilmə” hissəsinin və bəzi hazır layihələrin təqdim olunması gözəl olardı və sonuncu sənədə əlavə strateji dəyər qatardı.

İlkin versiyanın məzmununa əsaslanmış əlavə təkliflər

Bu hissədə Lui Albrextsin metodologiyasına aid olmayan təkliflərim yerini tapacaqdır. Bu təkliflərin ərsəyə gəlməsində əsas rolu mənim şəxsi müşahidələrim, təcrübəm və biliklərim oynayır.

1. Dayanıqlı inkişafın əsas prioritetlərdən biri olmasını nəzərə alaraq, karbon qazı çirklənməsinin qarşısının alınmasının vacibliyi vurğulanmalıdır və Azərbaycan Respublikasının 2015-ci il Paris sazişi əsasında üzərinə götürdüyü öhdəliklər vurğulanmalıdır. Dünya Bankının 2018-ci ildə dərc etdiyi “Baku Urban Mobility Policy Note” araşdırmasında karbon emissiyaların 2030 ilə kimi 35% azaldılması öhdəliyi qeyd olunub və bu məlumatın Bakı 2040 strateji planında qeyd edilməsi vacib görünür.

2. Sirkulyar iqtisadiyyatın əsas iqtisadi hədəflərdən biri seçilməsi Bakı 2040 planının ən güclü tərəflərindən biridir. Təklif edirəm ki, bu yanaşma inkişaf etdirilsin və planın sonuncu versiyasında öz əksini tapsın. Onu da qeyd edim ki, bu hədəfin reallaşdırılması üçün məişət tullantılarının çeşidlənməsi əsas vacib məqamlardan biridir və bu məsələni əks etdirən bir planın və infrastrukturun yaradılması olduqca vacibdir. Skandinaviya təcrübəsinə əsaslanaraq, məişət tullantılarının çeşidlənməsi ibtidai sinifdən tədris olunmalı və eyni zamanda bütün əhaliyə izah edilməlidir.

3. Təbii su resursuna çıxış Bakı şəhərinin ən güclü tərəflərindən biridir və bu imkandan şəhər hazırda lazım olduğu kimi istifadə etmir. Təklif edirəm ki, Bulvar boyunca salınacaq yaşıl hibrid dəhliz əhalinin dənizə açıq çıxışını təmin etsin. Bu praktika dünyanın inkişaf etmiş ölkələrində çox uğurlu şəkildə istifadə olunur və su resurslarının təmizlənməsinə əlavə imkanlar yaradır. Əhalinin suya çıxışının təmin olunması eyni zamanda dəniz suyunun tamizlənməsinə və yeni ekosistemlərin yaranmasına təkan verəcək.

4. Bakı şəhərinin inklüziv şəhər olmasının ən vacib tərəflərindən biri də XXI əsr reallığında “Bakılı” sözünün hansı anlama gəlməsinin açıq və aydın vurğulanmasıdır. Çox gözəl olardı ki, sənədin sonuncu versiyasında bu məsələyə ayrı bir hissə həsr olunsun. Qloballaşan dünya reallıqlarında “Bakılı” sözünün cins, irq, milliyət, din və vətəndaşlıqdan asılı olmayaraq şəhərdə yaşayan hər bir kəsə aidiyyatının vurğulanması həm inklüzivlik baxımından, həm də şəhər sakinlərinin “sahiblik hissinin” (sense of ownership) formalaşdırılması baxımından məntiqli görsənir. Eyni zamanda, bu iki mühüm faktorun qeyd edilməsi şəhər sakinlərinin qayğısını qazana bilər və aparılan layihələrə sosial dəstəyi formalaşdıra bilər.
Eyni zamanda onu da qeyd edim ki, Bakı 2040 planının ilkin versiyasında göstərilmiş 7 əhali artımı ssenarisi yerli əhali artımı templərinin hesablanması əsasında yaradılıb və, belə görünür ki, hər il daha da çox artan miqrasiya templərini nəzərə almır. Bakı regionda və dünyada innovasiya və elm mərkəzi kimi tanınmaq məqsədini qarşısına qoyubsa, xarici tələbələr və xarici ölkələrdən gələcək yüksək və orta kvalifikasiyalara sahib işçi qüvvəsininin də əhali artımına edəcək təsiri hesablanmalıdır. Ona görə də, təklif edərdim ki, bu məqam da təkrar nəzərdən keçirilsin.

5. “Baku Urban Mobility Policy Note” araşdırmasında qeyd olunduğu kimi, Bakıda vahid ictimai nəqliyyat orqanının (public transport authority) yaradılması olduqca vacib görünür. Bu məsələnin də planın qoyduğu gələcək məqsədlərin arasında yer alması çox düzgün bir addım olardı. Konkret olaraq desək, Bakıda effektiv ictimai nəqliyyatın yaradılması və bu yolla şəhər mühitin şəxsi avtomobillərin dominantlığından xilas etmək planı varsa, Bakı Nəqliyyat Agentliyinə vahid ictimai nəqliyyat orqanı statusu verilməlidir.

Eyni zamanda, planda qeyd olunmuş çox şaxəli nəqliyyat sisteminin effektivliyini artırmaq fikri varsa, bütün nəqliyyat növlərinin vahid qiymət menyusu və vahid kart sistemi əsasında çalışması da olduqca vacib görünür. Hazırda bildiyiniz kimi, Bakı dəmir yolu qatarları ayrı sistem əsasında çalışır. Bakı Metrosu, Bakı Dəmir Yolu və Bakı avtobusları sistemlərinin vahid standarta tabeliyi effektivliyi xeyli artıracaq və şəhər nəqliyyatının rejimlə tənzimlənməsinə yardımçı olacaq. Gələcəkdə şəhər nəqliyyat sisteminin uğurlu və qeyd olunandan da daha ahəngdar şəkildə çalışmasını istəyiriksə, Almaniyanın Berlin şəhərində yaradılmış “Jelbi” (Yelbi) tipli bir sistem də yaratmaq olar. Aşağıdaki şəkillərdə göründüyü kimi (Şəkil 3, 4, 5), velosiped, skuter, taksi, avtobus, elektrik avtomobillər və avtomobil icarəsi (car sharing) sistemlərinin hamısını özündə birləşdirə bilən “Jelbi” stansiyaları təqdim olunub.

Şəkil 3, 4, 5. Jelbi stansiyaları. Mənbə: Google.com

6. Çox yaxşı olardı ki, Bakı şəhərində tramvay sistemi yaradılsın və şəhərin mərkəzi ərazilərini əhatə etsin. Planın ilkin versiyasında təqdim olunmuş xəritələrdə gələcəkdə yaradılacaq tramvay sistemini açıq və rahat əks etdirən bir xəritə tapmadım. Tramvay nəqliyyatının çox güclü potensialını və inşası zamanı nisbətən daha az vəsaitin tələb olunmasını nəzərə alsaq, bu məsələ şəhər üçün əsas prioritetlərdən biri olmalıdır. Bir sıra araşdırmaya əsasən, tramvay nəqliyyatı ən böyük buraxılış gücünə malik olan nəqliyyat növlərindən biridir və 1 saat ərzində 18000-20000 insana kimi daşımaq potensialına malikdir. Tramvayın digər nəqliyyat növləri ilə buraxılış fərqini aşağıdakı şəkildə görə bilərsiniz (Şəkil 6).

Şəkil 6. Müxtəlif nəqliyyat növlərinin 1 saatlıq buraxılış gücü. Mənbə: TUMI, 2019.

7. Bakı dəmir yolunun yüksək potensiyalını nəzərə alaraq, mövcud planda tranzit yönümlü inkişafın yaratdığı imkanlar dəyərləndirilməlidir. Şəhər dəmir yolu adətən ən çox buraxılış gücünə malik olan nəqliyyat növüdür və bu amil şəhərin ucqar ərazilərində yaşayan insanları şəhərin mərkəzi ərazilərinə çox rahat şəkildə birləşdirə bilər. Növbəti şəhərsalma layihələrinin tranzit yönümlülüyü qayda olaraq qebul edilərsə, bu yeni yaşayış massivlərinin və iş yerlərinin dəmir yolu stansiyaları yaxınlığında inkişaf edilməsinə gözəl şərait yaradacaq. Bu həm şəhərin süni “sürünməsinin” (urban sprawl) qarşısını alacaq, həm də şəhər kənarında məskunlaşmış əhalinin şəhər iqtisadiyyatına inteqrasiyasına kömək edəcək.

8. Bakı 2040 planının dayanıqlı şəkildə həyata keçməsi və aparılan işlərin sürətlə dəyişən dünyanın tələblərinə rahat adaptasiya olunması üçün, müasir texnologiyaların istifadəsi olduqca vacibdir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində uğurla istifadə olunan Big data imkanlarından Bakı şəhəri də yararlanmalıdır. Bunun üçün universitetlərdə və digər ali təhsil ocaqlarında tədqiqat ruhu formalaşdırılmalıdır və tələbələrə, şagirdlərə Bakı şəhəri haqda statistik məlumatlar indi olduğundan daha dolğun və açıq şəkildə təqdim olunmalıdır. Müasir elmi metodologiyaya əsaslanmış tədqiqatların aparılması açıq məlumat bazalarının yaradılması yolu ilə mümkündür. Çox gözəl nümunələr kimi London Datastore və İsveçin vahid məlumat bazası olan Lantmateriet sistemlərini təqdim edə bilərəm (adlarını dəqiq bilmədiyim sistemlər də olduqca çoxdur).

9. Bakı 2040 planında baryersiz mühitin yaradılması əsas qısamüddətli hədəflərdən biri kimi qeyd olunmalıdır. Eyni zamanda, baryersiz mühitin yaradılmasına əsas maneələrdən olan yeraltı və yerüstü piyada keçidlərinin gələcəyi müzakirə olunmalıdır.
10. Bakı şəhərində yeni cəzbetmə nöqtələrinin yaradılması, şəhər infrastrukturunun müasir arxitektura və şəhərsalma üslublarına uyğun qurulması və yaşayış massivlərinin müasir dünya praktikasına uyğun təşkil edilməsi (torpağın qarışıq istifadəsi, əhaliyə lazım olan əsas xidmətlərin 5-15 dəqiqə piyada məsafəsində yerləşdirilməsi, massiv bloklarının kiçilməsi, əyləncə və asudə vaxt məşğuliyyətlərinin yaradılması) olduqca vacib görünür. Eyni zamanda, şəhər ərazisində çoxsaylı reklamların yaratdığı vizual çirklənmənin qarşısı alınmalı, ərazilər üzrə reklamların vahid nişanlanma sistemləri yaradılmalı və gözlənilməlidir.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: