Uzun illərdir ki Bakı şəhərində tıxac problemi öz həllini tapa bilmir. Müvafiq qurumlar bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikir və yolları mümkün olan hər yerdə genişləndirir.
Sosial şəbəkələrdə həmçinin tez-tez bu cür şərhlərə rast gəlmək olur:
Əslində, bu yanaşma kökündən səhvdir və heç vaxt tıxac problemini həll etməyəcək.
Niyəsini bu məqalədə maksimum aydın şəkildə başa salmağa çalışacam.
ƏGƏR MAŞINLAR ÜÇÜN YER AZDIR, DEMƏLİ YOLU GENİŞLƏNDIRMƏK LAZIMDIR. ELƏ DEYİL Kİ?
İlk baxışdan məntiqli görünür. Əgər hərəkət zolaqlarını əlavə etsək – o zaman tıxaclar azalar. Yolların genişləndirilməsinə dair qərar verənlərin məntiqi də belədir: daha geniş sahədə daha çox yer olacaq. Deməli hər kəsə rahat olacaq. Amma bu yalnız qısamüddətli perspektivdə effekt verəcək. Təcrübə göstərir ki, yeni yolların tikintisi avtomobil istifadəsini stimullaşdırır və həmin yola daha çox avtomobil cəlb edir. Əvvəllər ictimai nəqliyyatdan istifadə edən sakinlər də maşın almağa çalışır.
İnsanlar düşünür: “Əla! İndi yolu genişləndirəcəklər və avtomobil ilə səyahət etmək daha tez olacaq!” – və imkanı olan hər kəs gedir özünə avtomobil alır. Hətta gəliri çox olmayan vətəndaşlar da gedib 5-illik kredit götürür və yaxud ən ucuz və çox köhnə avtomobil alır. Beləliklə, avtomobil sayı artır və təzəlikcə genişləndirilən yol yenidən tıxaca bürünür. Buna təhrik edilmiş tələbat deyilir və bu “qara dəlik” sonsuz davam edir.
ƏN YAXŞI MİSAL – AMERİKA
Sən demə, bir vaxtlar bu cür məntiqlə dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da belə düşünürdülər. 2004-cü ildə Hyuston şəhərinin mərkəzini ətraf qəsəbələrlə birləşdirən yolu “tıxaclardan azad etmək” üçün 26 zolağa (!) qədər genişləndirdilər. Buna 2,8 milyard dollar xərcləndi. Hazırda “Katy Freeway” adlandıran maqistralı yenidən tıxaclar bəzəyir:
Nəqliyyat ekspertləri hesablayıb ki, bu maqistral genişləndiriləndən sonra həmin yolda səyahət müddəti səhər vaxtı 30%, axşam vaxtı 55% artıb.
Yəni, yolun genişləndirilməsi tam əks effekt verib.
Başqa bir misal. Dünyanın ən geniş yolları Los Anceles şəhərində yerləşir, eyni zamanda Amerikada ən pis tıxaclar məhs Los Ancelesdə müşahidə olunur.
Son bir neçə il ərzində ABŞ-da bu siyasətdən imtina etməyə başladılar. Lakin, Amerikanın bir çox şəhərlərini nəqliyyat problemlərindən xilas etmək üçün köklü dəyişikliklər lazımdır.
BAKI-SUMQAYIT YOLUNU EYNİ AQİBƏT GÖZLƏYİR…
Bu il Bakı-Sumqayıt yolu “Amerika ssenarisi”ni təkrar etdi. Bu şosseni yenidən genişləndirdilər ki, “buraxılış qabiliyyəti artsın”. Təəssüf ki, 1-2 ildən sonra bu yolu yeni tıxaclar gözləyir, bundan əvvəlki genişləndirmələr məhz buna gətirib çıxarırdı. Bu iki şəhər arasında mobilliyi təkmilləşdirmək üçün gərək səyahət edən avtomobillərin deyil, insanların sayı nəzərə alınsın.
DAHA BİR MİSAL: YUSİF SƏFƏROV KÜÇƏSİ
Son 10 il ərzində iki dəfə genişləndirilən Yusif Səfərov küçəsində zolaqların sayı 12-yə çatdırılıb. Şəhər mərkəzindəki küçəni maqistrala çevrilməsi heç bir nəticə verməyib. Bu yol yenə də hər gün pik saatlarında tıxac olur:
HƏMÇİNİN OXU: Yusif Səfərov küçəsinin lətifəsi
BELƏ ÇIXIR, KÜTLƏVİ AVTOMOBİLLƏŞMƏSİNİN YEGANƏ SƏBƏBİ GENİŞ YOLLARDIR?
Təbii ki, xeyir. Söhbət ondan gedir ki, insanları hər gün avtomobildən istifadəsini nə vadar edir? Misal üçün, Bakının küçələrində parklanma siyasətinin olmaması da sürücüləri gündəlik olaraq şəhər mərkəzinə cəlb edir. Bəli, bəzi yerlərdə qanunsuz parklanmaya ciddi nəzarət var, amma cərimənin aşağı olması, qalan yerlərdə isə “parkovşik”lərə gündəlik 1 AZN verməklə maşını “harada gəldi” saxlamağı da sürücülərə əminlik verir ki, şəhər mərkəzinə maşınla gəlmək daha sərfəlidir.
Halbuki, inkişaf etmiş şəhərlərdə düzgün qurulmuş parklanma siyasəti həm tıxacları azaldır, həm də havanı zərərli dəm qazlarından qorumağa kömək edir. Belə şəhərlərdə insanlar daha çox ictimai nəqliyyat və velosipedə üstünlük verir. Bundan əlavə, ödənişli parkinq həmçinin yığılan məbləği şəhərin inkişafına xərclənməyə imkan verir. Hazırda isə Bakı küçələrində qanunsuz yığılan pullar büdcədən kənar keçir və dövlətə böyük ziyan gətirir.
HƏMÇİNİN OXU: Bakının parkinq dərdi: mövcud vəziyyət və çıxış yolları
BƏS SÜRÜCÜLƏRİN HÜQUQLARI?
Heç bir azadlıq digər insanların hüquqlarının taptalanılması ilə əldə olunmur. Gəlin, nəzərə alaq ki, ölkəmizdə sürücülərin sayı əhalinin təxmini 10%-i təşkil edirsə, bütün vətəndaşlarımız eyni zamanda piyada sayılır. Sürücü də avtomobildən çıxan kimi avtomatik olaraq piyadaya çevrilir. Eyni zamanda, əhalinin təxmini 20%-i azmobilli insanlar qrupuna daxildir və ya avtomobil idarə edə bilmir (16 yaşına çatmamış uşaqlar, səhhəti zəif olan insanlar və s.). Şəhərin yalnız avtomobil yönümlü inkişafı onu ədalətsiz edir, çünki yolların genişləndirilməsi o cümlədən səkilərin daralması hesabına aparılır:
BİZİM ÖLKƏDƏ AVTOMOBİL ÇOXDUR! İNDİþuj BİZ MAŞIN SÜRMƏYƏK?!
Əslində, bizdə avtomobillərin sayı o qədər də çox deyil. Azərbaycanda hər 1000 insana cəmi 100 avtomobil düşür. Misal üçün, Polşada və Almaniyada bu rəqəm 500-ə çatır. Lakin, Avropa şəhərlərində vətəndaşların yalnız 35%-i gündəlik səyahətlərində şəxsi avtomobildən istifadə edir. Bakıda bu rəqəm 90%-ə qədər çata bilər. Berlin əhalisinin 50%-i piyada, velosiped və yaxud ictimai nəqliyyatdan istifadə edir, baxmayaraq ki Almaniya əhalisinin gəlirləri ilə istənilən vətəndaş özünə avtomobil ala bilər. Amma şəhər avtomobil yönümlü olmadığından, almanlar maşını daha çox şəhərdən kənara və uzun məsafələrə gedərkən istifadə edir.
Bakıda isə ictimai nəqliyyatın vəziyyəti hələ də kifayət qədər ürək açan deyil (cədvələ uyğun hərəkət etməyən və tıxacda dayanan avtobuslar, basabas metro), eyni zamanda avtomobil istifadəsini məhdud edən tədbirlər də görülmür. Əksinə, yolların genişləndirilməsi vəziyyəti daha da pisləşdirir və bu bir gün katastrofik nəticəyə gətirib çıxara bilər.
O ZAMAN TIXACLARLA NECƏ MÜBARİZƏ EDƏK?
Tıxaclarla yeganə düzgün mübarizə yolu – küçələrdə hərəkət edən avtomobillərin sayını azaltmaqdır. Bunun üçün şəhərdə cəlbedici ictimai nəqliyyat, həmin nəqliyyat üçün ayrılmış zolaqlar, düzgün parklanma siyasəti, velosiped və piyadalar üçün yaxşı infrastruktur yaradılmalıdır. Dünya təcrübəsi bunu sübut etdi, Azərbaycana isə sadəcə həmin təcrübəni tətbiq etmək qalır.
Ümid edirəm, bu məqaləni oxuyan hər kəs bundan sonra “Yolları genişləndirmək lazımdır” ifadəsindən istifadə etməyəcək. Sizin bu cür düşünən dost və tanışlarınız varsa, bu məqaləni onlara mütləq göndərin 🙂
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.