Yeraltı və yerüstü keçidlər haqqında biz mütəmadi olaraq həm bu bloqda, həm Facebook səhifəmizdə danışırıq. Hər dəfə də bir çox oxucularımız anlamır, nəyə görə şəhərdə insanları yerin altına salmaq və yaxud yerin üstünə dırmaşdırmaq əvəzinə küçələrdə eynisəviyyəli keçidlər (“zebra”lar) təşkil etmək lazımdır. Küçədənkənar piyada keçidlərinin “faydası” bəlkə də ən kütləvi yanılmaqlardan biridir. Onların tikintisini həm məmurlar, həm bir çox adi vətəndaşlar müsbət qarşılayır. Eyni zamanda, bütün müasir tədqiqatlar tam əksini sübut edir.
Bu yaxınlarda Bakıda bir neçə yerüstü piyada keçidinin açılışı oldu. Bu keçidlərə dair sosial şəbəkələrdə bir çox müzakirələr aparıldı və əksəriyyət onların tikintisini mənfi qarşıladı. Mən indi tək bizim səhifəmizdə yerləşdirilən postları demirəm. Moskva prospektində (“Şamaxinka”-nın yanı) və Neapol küçəsində (Ukrayna dairəsinə yaxın) tikilən piyada keçidlərini qınamayan səhifə və istifadəçi qalmadı, bu qədər onlar yersiz və absurd görsənirdi. İctimai TV və Tural Yusifov (AvtoStop) hətta bu keçidlərə ayrıca verilişlər həsr etmişdir.
Keçidlərin lazımsız olduğunu qıraqda qoyaraq, küçələri bu cür eybəcər konstruksiyalarla yüklənməsi həqiqətən mənəvi cinayətdir.
Müzakirələr o qədər səs-küy və sosial şəbəkələrdə etirazlara gətirmişdir ki, son anda bu keçidlərə lift quraşdırıldı. Lakin, bu liftlərin artıq işləməməsi haqqında bizə şərhlər yazırlar (təəccüblü deyil, çox vaxt keçidlərdə heç eskalatorlar da işlək deyil).
Bu keçidləri tikən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) onların neçəyə başa gəldiyini açıqlamır, amma qonşu ölkələrlə müqayisə edəndə aydın olur ki bir yerüstü keçidin qiyməti milyonlarla ölçülür. Hər ehtimala qarşı xatırladım ki, AAYDA-nın maliyyəşdirilməsi dövlət büdcəsindən, yəni vətəndaşlarının vergilərindən formalaşır.
Vətəndaşların vəsaitini yeraltı və yerüstü piyada keçidlərinin tikintisinə xərcləyən qurumlar beynəlxalq təcrübəyə diqqət yetirsəydi, urbanistika haqqında müasir ədəbiyyatı oxusaydı və ya ən azı bizim videoçarxı izləsəydi, anlayardı ki küçədənkənar piyada keçidlərinin şəhər daxilində ziyandan başqa heç bir faydası yoxdur, bu keçmiş əsrin uğursuz təcrübəsidir. Təəssüf ki, onlar bu çarxa baxmayıblar.
Şəhər daxilində təhlükəsiz piyada keçidi təşkil etmək lazımdırsa, bunun ən yaxşı yolu svetofor quraşdırmaq və zebra çəkməkdir. Misal üçün, Neapol küçəsinə dair biz bu cür təklif vermişdik:
Əminəm ki, bu yazını oxuyan bir çoxlarınız düşünür ki, svetoforlar əlavə tıxacların səbəbinə çevrilir. Sizi qınamıram, amma bu elə deyil. Əksinə, svetoforlar avtomobil axınını tənzimləyir, onu bütün küçə boyu bərabərləşdirir. Şəhər küçələri minlərlə avtomobilin eyni anda hərəkət etməsinə uyğunlaşdırılmayıb. Svetoforlar olmasa hər kəs tıxaclara dirənib dayanacaq. Lakin, svetofor olmadan trafiki idarə etmək artıq mümkün deyil. Bu qaydanın ən yaxşı sübutu Yusif Səfərov küçəsidir. Bu küçədə cəmi bir svetofor var və nəticədə küçənin sonunda, Babək prospekti ilə kəsişmədə hər gün böyük tıxaclar olur.
Ən maraqlısı isə odur ki, bu cür keçidlərinin əsas məqsədi – təhlükəsizlik – təmin olunmur. Misal üçün, Nobel prospektində piyadaların vurulması daha çox yerüstü keçidlərinin altında baş verir. Xəbərlərə də fikir versək, dəfələrlərə hadisələrin yeraltı və ya yerüstü keçidlərinin yaxınlığında baş verməsinin şahidi oluruq.
Piyadalar tərəfindən bu cür “təhlükəsiz” keçidlərə məhəl qoymaması bir sıra faktorlara izah olunur:
– Birincisi, heç kim öz yolunu uzatmaq istəmir, daxili enerjiyə qənaət insanın təbii davranışıdır.
– İkincisi, bu cür keçidlər çox vaxt narahat yerlərdə təşkil edilir, çünki onları hər yerdə tikmək olmur, gərək ətrafda şərait olsun.
– Üçüncüsü, insanlar hər zaman özlərinə güvənir, riskləri düzgün hesablaya bilmir.
Küçədənkənar piyada keçidləri yalnız sürətli maqistrallarda təşkil olunmalıdır. Adamı yandıran da odur ki, Qala və Buzovna qəsəbələrinə aparan sürətli şossedə hər il piyadalar vurulur, buna baxmayaraq orada kifayət qədər piyada keçidi hələ də tikilmir.
Bu cür keçidlər xüsusi ilə də azmobilli insanlar qrupunda daxil olan vətəndaşlar üçün əlçatmaz olur. Burada tək əlillərdən söhbət getmir – qoca insanlar, ağır yük ilə hərəkət edənlər (misal üçün, çamadan ilə hərəkət edən turistlər), uşaq arabası ilə gəzənlər, xəstə və yaxud travması olan insanlar azmobilli vətəndaş sayılır.
Bizim ölkədə bu cür insanların sayı az deyil, lakin şəhərimiz onlar üçün əlçatmaz olduğundan onlar məcburi sosial təcridə qapanır.
Yerdə qalan insanlar isə şəhəri piyadalar üçün bu cür narahat görüb özlərinə maşın almaq haqqında düşünür. Beləliklə, avtomobil çoxalır və tıxaclar daha da pisləşir.
Bu cür keçidləri tikən və şəhəri tıxaclardan xilas etmək istəyən dövlət qurumları sadə bir prinsipi anlamalıdır: tıxaclardan qurtulmaq üçün avtomobillər üçün əlavə şəraitin yaradılması yanğını benzinlə söndürmək cəhdinə bənzəyir.
Tıxaclarla yeganə mübarizə yolu var – şəxsi avtomobillərin istifadəsini azaltmaq, bunun üçün ictimai nəqliyyatı cəlbedici etmək, ayrılmış avtobus zolaqlarını təşkil etmək və daha çox piyada infrastrukturuna diqqət ayırmaq lazımdır. Dünyanın heç bir ölkəsində başqa çıxış yolu tapmayıblar. Və Azərbaycan bu məsələdə heç vaxt istisna ola bilməyəcək.
Burada olarkən…
“İnsan yönümlü şəhərlər” hal hazırda onlayn-sorğu keçirir. Əgər siz Bakı şəhərində yaşayırsınızsa, paytaxtımızın hazırkı küçə-yol, piyada, velosiped, ictimai nəqliyyat infrastrukturu haqqında rəyinizi və təcrübənizi bizimlə bölüşün. Suallarımız çox sadədir, sorğu maksimum 3-4 dəqiqə vaxtınızı alacaq.
Sorğunun nəticələrini gələcək araşdırmalarda, hazırladığımız statistik postlarda və dövlət qurumlara müraciət edərkən nəzərə alınacaq. “İnsan yönümlü şəhərlər” bu missiyanı şəhərimizin gələcək inkişafı üçün çox əhəmiyyətli və vacib hesab edir.
Sorğuda bu linkdən keçərək iştirak edə bilərsiniz. Sorğunun nəticələri gələn ay bu bloqda dərc olunacaq.
Mövzuya dair həmçinin digər məqalələrimizi oxuya bilərsiniz:
- Piyada keçidləri necə olmalıdır
- Piyadalar üçün əlverişsiz Bakı: 6 illüstrativ nümunə
- Piyadanın əsas meyarları
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.