Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi ölkəmizin tarixinə əbədi yazıldı. Dağlıq Qarabağ münaqişəsi bizim qələbəmizlə nəticələndi və sülh bəyannaməsi imzalandı.

Uzun illər işğal altında qalan rayonlarımız və iri şəhərlərimiz, o cümlədən Qarabağın mirvarisi – Şuşa artıq vətənə qayıdıb. Bu şəhərlərin bərpasına və rayonlar arası yeni yolların salınmasına dair dövlət başçısı tərəfindən artıq müvafiq tapşırıqlar da verilib, ehtiyat fondundan vəsait ayrılıb.

Nəzərə alsaq ki, Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlər demək olar yernən yeksan olunub, bu şəhərlərin bərpası sıfırdan başlanılmalıdır. Bu işləri isə 21-ci əsrdə həyata keçiririksə, heç bir halda ötən yüzilliyin başqa şəhərlərdə buraxdığı səhvlərə yol verməməliyik.

Şəhərsalma qaydaları və müasir urbanistika təcrübəsi haqqında biz dəfələrlə bloqumuzda yazmışıq, lakin sırf bu kontekstə onların bir məqaləyə məsləhət toplusu kimi cəmləşdirməsini məqsədəuyğun hesab etdim və paylaşıram. Beləliklə…

MƏSLƏHƏT #1 – BAŞ PLAN HAZIRLANMALIDIR

Bakı və bir sıra digər şəhərlərimizin xaotik şəkildə tikintisi uzun müddət məhz baş planın olmaması səbəbindən baş verib. Artıq Bakı şəhərində bu məsələyə prezident İlham Əliyevin tapşırığına əsasən ciddi nəzarətə başlanılıb və yeni baş plan demək olar ki hazırdır, ilin sonunda təsdiqi gözlənilir. Paytaxtın səhvləri təkrarlanmasın deyə, yeni bərpa olunan şəhərlərin baş planı öncədən tərtib olunmalıdır və baş plandan kənar heç bir qanunsuz və eybəcər tikintilərin inşasına yol vermək olmaz.

MƏSLƏHƏT #2 – TARİX QORUNMALIDIR

Qarabağ Azərbaycanın tarixi torpağıdır. Misal üçün, Şuşa Qalası XVIII əsr, Xudafərin körpüsü isə hətta XI əsrə aid olan abidələrdir. Bu cür tarixi abidələri və binaları mütləq qorumaq lazımdır. Bu tək tariximizə hörmət demək deyil, tarixi binalar şəhərlərin özünəməxsusluğunu ifadə edir və eyni zamanda turistlərin ən çox ziyarət etdiyi məkanlara çevrilir.

MƏSLƏHƏT #3 – İNSAN MİQYASINA UYĞUN PLANLAŞDIRMA

Dayanaqlı şəhərsalmanın uğurlarından biri də – insan miqyasına uyğun planlaşdırma. Heç kim şəhərlərə “quş uçuşu” hündürlüyndən baxmır, bu yalnız dron çəkilişi zamanı qəşənq görsənə bilər. Reallıqda isə bu cür planlaşdırılan şəhərlər və küçələrdə hərəkət etmək və yaşamaq çox narahat olur, çünki məsafələr olduqca uzaq olur, marşrutları qurmağ isə problemə çevrilir. Çünki insanlar adətən hərəkət edərkən ətraf binalara oriyentasiya edirlər, böyükmiqyaslı tikililər isə piyadaları dezoriyentasiya edir və psixoloji diskomfort yaradır. Məşhur memar-urbanist Yan Geyl (“İnsanlar üçün şəhərlər” kitabının müəllifi) bu cür arxitekturaya “bird-shit architecture” adı vermişdir. Yəni, bu cür şəhərsalma yalnız quş uçuşu hündürlüyündən qəşənq görsənir.

MƏSLƏHƏT #4 – ŞƏHƏRDƏ DÜZGÜN PRİORİTETLƏR MÜƏYYƏN OLUNMALIDIR

Əgər biz şəhərdə mobillik təmin etmək istəyiriksə, nəqliyyatda düzgün prioritetlər müəyyən olunmalıdır. Misal üçün, Bakıda hal hazırda ən böyük diqqət şəxsi nəqliyyata ayrılır. Yeni yol qovşaqları tikilir, küçələr genişləndirilir, küçə parkinqi pulsuzdur və s. Lakin dünya təcrübəsi sübut etdi ki, bu yanaşma şəhərin deqradasiyasına gətirib çıxarır, çünki bütün digər yol iştirakçılarının hüquqları qurban verilir, hər kəs maşın almağa başlayır, nəticədə isə tıxaclar daha da pisləşir. Şəhərdə tıxaclarla mübarizə aparmaq istəyiriksə, ilk növbədə insanlarda digər hərəkət növlərinin istifadəsini stimullaşdırmaq lazımdır. Daha az avtomobil həmçinin daha təmiz ekologiya və daha sakit şəhər deməkdir.

MƏSLƏHƏT #5 – YERALTI VƏ YERÜSTÜ PİYADA KEÇİDLƏRİ OLMAMALIDIR

Keçmiş post-sovet ölkələrinin ən böyük şəhərsalma səhvlərindən biri də küçədənkənar piyada keçidlərinin tikintisidir. İlk baxışdan onlar təhlükəli görünsədə, əslində onlar şəhərə xeyirdən çox ziyan gətirir. Bu mövzuya dəfələrlə toxunmuşuq. Buradanburadan oxuya bilərsiniz. Həmçinin, AvtoStop-un televiziya verilişlərindən birində qonaq olarkən, bu haqda DJ Tural ilə ətraflı söhbət etmişdik. Videoya buradan baxa bilərsiniz. Qarabağa aid bir məsələni əlavə etmək istəyirəm. Dağlıq iqlimini nəzərə alaraq, qar və yağış yağanda bu cür keçidləri su basa bilər. Misal üçün, Bakıda son yağışdan sonra Qış Bulvarının altındakı keçid belə bir “hovuza” çevrilmişdir:

MƏSLƏHƏT #6 – VELOSİPED İNFRASTRUKTURU YARADILMALIDIR

Əgər fikir vermisinizsə, bizim kiçik şəhər və qəsəbələrimizdə velosiped çox məşhur bir nəqliyyat növüdür. Qısa məsafələrdə velosipeddən yaxşı nə ola bilər? Ona görə velosiped sürmək istəyənlər üçün mütləq şərait yaradılmalıdır.

MƏSLƏHƏT #7 – ŞƏHƏR KÜÇƏLƏRİ ŞOSSEDƏN FƏRQLƏNMƏLİDİR

Bu da post-sovet ölkələrin böyük şəhərlərində buraxılan səhvlərdən biridir və dolasıyla 4-cü bənddən irəli gəlir. Şəhər küçələrini avtomobil yönümlü maqistrallara çevrilməsi çox neqativ bir haldır. Birincisi, bu tıxaclarla mübarizə aparmaqda kömək etmir, çünki daha çox yol daha çox avtomobil cəlb edir (yanğını benzinlə söndürmək cəhdinə bənzəyir). İkincisi isə, bu cür “frankentşteyn” küçələrdə yaşamaq və hərəkət etmək narahat olur, biznes inkişaf etmir, ona görə ki burada yalnız yüksək sürətlə avtomobillər hərəkət edir. Bakı şəhərində belə küçənin ən bariz nümunəsi Yusif Səfərov küçəsidir. Qarabağ şəhərlərində belə küçələr olmamalıdır.

MƏSLƏHƏT #8 – YAXŞI İCTİMAİ NƏQLİYYAT

Düzdür, əhalisi 50-100 minə qədər olan şəhərlərdə adətən metro və digər iri-tutumlu nəqliyyatın təşkili səmərəli sayılmır. Lakin, yüksək səviyyədə və qrafik üzrə çalışan komfortlu avtobus marşrutlarına mütləq diqqət ayırmaq lazımdır. Yaxşı ictimai nəqliyyatın olmaması kütləvi avtomobilləşməsinə gətirib çıxaracaq, bunun fəsadlarını isə artıq yuxarıda qeyd etmişəm.

MƏSLƏHƏT #9 – BARYERSİZ MÜHİT YARADILMALIDIR

Qarabağ şəhərlərinin indiki fotolarına baxanda diqqətimi həmçinin piyada keçidlərində pandusların olmaması çəkir. Təəssüf ki, belə bir problem əksər şəhərlərimizdə müşahidə olunur. Yalnız paytaxtda Bakı Nəqliyyat Agentliyi son illər ərzində pandus layihəsini reallaşdıraraq bu məsələnin üstünə düşüb. Ümid edirəm, Qarabağa səfər edərkən belə bir problemlərə rast gəlməyəcəyik, ən azı müharibə nəticəsində əlil qalan döyüşçülərimizə bir hörmət əlaməti olaraq.

MƏSLƏHƏT #10 – ŞƏHƏRSALMA KVARTAL TİPLİ OLMALIDIR

Əgər şəhərdə komfortlu yaşayış, təhlükəsizlik və iqtisadi inkişaf ön plana çıxarılırsa, yaşayış binalarını küçələrdə kvartal tipində salmaq lazımdır. Orta-mərtəbəli müxtəlif memarlıq üslubunda sıx kvartallarda salınmış evlərdə insanlar yaşamağa və gəzməyə daha rahatdır. Bu cür binaların birinci mərtəbəsində müxtərlif biznes və iaşə obyektləri açılır, beləliklə insanlar bütün gündəlik tələbatlarını ödəyə bilir, büdcəyə əlavə vergi gətirir, şəhərin digər nöqtələrinə hər gün getməklər nəqliyyata lazımsız yük vermirlər. Həmçinin çöllərdə tikilən yaşayış massivlərdən fərqli olaraq, bu cür aktiv yaşayış olan kvartallarda kriminal yarana bilmir və onlar daha təhlükəsiz qalır. Yaşayış massivləri haqqında ətraflı məqaləni buradan oxuya bilərsiniz.

Son olaraq qeyd etmək istəyirəm ki, bizim Facebookİnstagram səhifələrimizə mesajlar daxil olur ki, bəs siz niyə dövlət qurumlara öz təklif və fikirlərinizi göndərmirsiniz? Bir daha qeyd etmək istəyirəm, bu məqalə daxil olmaqla bir sıra təkliflərimiz müvafiq qurumlara göndərilir, oxunur və hətta nəzərə alınır 🙂 Bu məqalədə yazılanlar da Şəhərsalma və Arxitektura Komitəsinə, surəti də Prezident Administrasiyana göndəriləcək ki, ola bilsin digər qurumlar da bu məsələyə cəlb olunsun. Bu arada, Azərbaycan vətəndaşı olan istənilən şəxs öz təkliflərini göndərə bilər. Bunun izahlı qaydasına ayrıca məqalə həsr etmişdim. Oxuyun, paylaşın və ölkəmizin inkişafına tövhə verin!

Qarabağ Azərbaycandır! 🇦🇿

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: