2023-cü ilin son iş günündə 3 illik gecikmə ilə təsdiq olunan Bakının baş planı nəhayət olaraq ictimaiyyətə təqdim olundu. Düzdür, heç bir rəsmi press-reliz ya da press-konfrans olmadı (halbuki buna söz vermişdilər).
Sadəcə DŞAK-ın saytına sxemləri və faylı yüklədilər ki, buyurun tanış ola bilərsiniz. Və mən 266-səhifəlik sənədlə olaraq tanış oldum, gəlin sizinlə əsas məqamları bölüşüm.
1) Baş plan çoxdan hazır idi (2019-cu ildən), təsdiqini gözləyirdi. Lakin təsdiqdən öncə ona diqqətli baxış keçirilməyib. Belə ki, sənəddə hələ də ləğv olunan “Bakı Nəqliyyat Agentliyi”nin adı hallanır, metrostansiyaların sayı isə 25 olaraq göstərilir (hazırda 27-dir). Nobel prospekti 2020-ci ildən bəri “8 noyabr” prospekti adlanır, lakin Baş planda köhnə adla gedir.
2) Baş plan müasir şəhərsalma prinsiplərinə əsaslanır – dayanıqlıq, ətraf mühitinin və tarixi irsin qorunması, yeni şəhər iqtisadiyyatı və digər gözəl səslənən terminlər. Lakin icrası böyük siyasi iradə tələb edir.
3) Bakı çoxmərkəzli bir şəhər olacaq. Bu gün Bakı şəhərinin faktiki olaraq bir mərkəzi var. İşə, istirahətə, alış-veriş üçün Bakının az qala yarısı bura axışır. Mütləq alt-mərkəzlər olmalıdır ki, insanlar gündəlik olaraq “28 May” və “Sahil”ə gəlməsinlər. Ümumi olaraq, Abşeronda 3 regional mərkəz və 5 alt-mərkəzin yaradılması nəzərdə tutulur.
4) Mənzil fonduna müvafiq qurumlar tərəfindən yenidən baxılacaq. Zığ və Böyükşor göllərinin ətrafında yeni “MİDA” komplekslərinin salınması təklif olunur.
5) Sosial müəssisələrin sayı artırılmalıdır və bərabər olaraq Bakı üzrə paylanılmalıdır. Kim bunu edəcək – açıqlanmır.
6) Bakı şəhərində mühafizə olunan Mərkəzi Rayon yaradılacaq. Burada vahid memarlıq ansambl qorunacaq, 5 mərtəbədən yuxarı binaların tikintisinə icazə verilməyəcək. Amma mövcud yeni tikilən “novostroykalar” sökülməyəcək (təəssüf ki).
7) Tələbələr üçün “Bilik şəhərciyi”nin yaradılması nəzərdə tutulur (universitetləri Bakıdan qırağa köçürənlərə salam). Bu şəhərcik ictimai nəqliyyat yönümlü olacaq, tələbələr üçün şərait yaradılacaq, həmçinin burada biznes-mərkəzləri yerləşəcək.
8) İndi isə ən maraqlı hissə – Bakıda nəqliyyatın inkişafı. Bütün müasir və tıxaclardan qurtulmaq istəyən şəhərlərin nümunəsində, Bakı da ictimai nəqliyyat inkişafına hədəflənir. Baş planın sənədində etiraf olunur ki, Bakıda ayrılmış zolaqlar azdır və avtobuslar tıxacda dayanır. Ona görə avtobus zolaqlarının uzunluğu 112 kilometrə qədər artırılacaq (nəzarət yaddan çıxmasın, xahiş edirəm).
9) Nəqliyyat mübadilə mərkəzləri yaradılacaq. Bu gün Bakıda yalnız 1 sivil qaydada yaradılan NMM var – “Koroğlu” metrostansiyasının yaxınlığında. “28 May” (Dəmiryolu Vağzalı) meydanı da belə funksiyanı yerinə yetirir, lakin onun indiki vəziyyəti ən geridəqalmış Afrika ölkələrini xatırladır, bura xaosun pik nöqtəsidir.
10) Metronun tikintisi davam etdiriləcək. Stansiyaların sayı 2040-cı ildə 46-ya çatdırılacaq. “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında işlər görüləcək, qırmızı və yaşıl xətt bir-birindən ayrılacaq. 2027-ci ildə 31 stansiya olmalıdır, amma real rəqəmə oxşamır. 3 ildə 4 stansiya tikilsə fantastik nailiyyət olacaq. Təbii ki, buna vəsait də ayrılmalıdır.
Sənəddə hətta “perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi” qeyd olunur, amma zənnimcə bu səmərəsiz bir investisiyadır, çünki bu böyük xərc tələb edəcək, həm də Xırdalana artıq elektrik qatarlar hərəkət edir. Bu qatarların sayını artırıb, intervallarını azaltmsaq elə yerüstü metro funksiyasını yerinə yetirəcək.
11) Dəmir yolu da inkişaf etdiriləcək. Elektrik qatarları ilə Zağulba və Heydər Əliyev Aeroportuna gedə biləcəyik. 2040-cı ilədək dəmiryol stansiyaların sayı 26-dan 54-ə çatdırılacaq.
12) Tramvay və ya metrobusun yaradılması. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunur, lakin hansı dəqiq olacaq – relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) – bu qeyd olunmur. Stansiyaların sayı 2027-ci ildə 26, 2040-cı ildə isə 136-ya çatdırılacaq. Amma yenə də, bu rəqəmlərə mən şəxsən çox skeptik yanaşıram.
13) Velosiped yolları və veloparkinqlər təşkil ediləcək. Prinsipcə, bu prosesə artıq başlanılıb. AYNA bir sıra küçələrdə yolun hərəkət hissəsində aktiv şəkildə velozolaqlar təşkil edir. Hədəflər isə aşağıdakı cədvəldəki kimidir. Məncə çox azdır, Bakının bütün küçələrində velozolaqlar olmalıdır və bu rəqəm ən azı 5 dəfə daha yuxarı olmalıdır.
14) Piyada infrastrukturu. Bakı şəhərində piyada ən yaddan çıxmış hərəkət iştirakçısıdır. Son 20 ildə küçələri layihələndirərkən və yenidən qurarkən piyadalar demək olar ki düşünülmürdü. Piyadaları daha çox yerin altına, yeraltı keçidlərə salırdılar, bir çox küçələrdə isə onlar üçün heç səki salmırdılar. Baş plan deyir ki, bu məsələ öz həllini tapmalıdır. Bəyənmədiyim bu ifadə oldu: “mümkün yerlərdə eyni səviyyəli piyada keçidlərinə üstünlüyün verilməsi;“. Mümkün yerlərdə deyil, şəhərin hər yerində məhz nizamlanan eynisəviyyəli keçidlər olmalıdır. Yeraltı və yerüstü keçidlər tarixə qovuşmalıdır. İzahını vermişdim artıq.
15) Hərəkət sürətinin endirilməsi nəzərdə tutulur. Avropa ölkələrində çoxdandır sürət 50 km/s-dır şəhər daxilində. Bu, qəza riskini xeyli azaldır, piyadaların toqquşma zamanı sağ qalmaq şansını xeyli artırır. 50 km/s sürətini biz qanuna salmalıyıq artıq. Sakit mərkəz küçələrdə isə sürəti 30 km/s-a endirilməsi planlaşdırır (artıq bu zonalar var). Bəzi tarixi mərkəzi küçələr tam olaraq avtomobillər üçün bağlanacaq. Bu haqda vloq çəkmişdik.
16) Yeni yollar da salınacaq. Sumqayıtdan Hava Limanı istiqamətində yol tikiləcək, dairəvi yol tamamlanacaq və şəhərin giriş/çıxışlarında layihələr icra olunacaq. Bu, şəhərin içi ilə gedən tranzitin azaldılması üçün anlaşılandır. Amma sual doğuran şəhər daxilində tikilən yeni yollar və qovşaqlardır. Ümid edirəm, onlar həqiqətən hərəkət axının düzgün tənzimlənməsi üçün tikiləcək, “avtomobillərin buraxılış qabiliyyətinin artırılması” məqsədilə olmayacaq, çünki nəqliyyat elmi çoxdan sübut edib ki, yolların genişləndirilməsi tıxac problemini həll etmir. Yolların xəritəsi təxmini aşağıdakı kimidir, daha yüksək keyfiyyətdə şəkli buradan yüklərə bilərsiniz.
17) Bəyənmədiyim başqa bir hissə – yollarda avtomobil zolaqlarının nəzərdə tutulmuş enidir. Əksər şəhər yollarında bunu 3,50-3,75 metr nəzərdə tutublar. Axı niyə?! Biz artıq danışmışıq bunun fəsadları haqqında. Ortastatistik avtomobilin eni 2 metrdir. Zolağı rahatlıqla 2,8-3 metr etmək olar. Bu həm daha təhlükəsiz olacaq, həm də səki və velosiped yolu üçün yer saxlayacaq. 3,75 metr – maqistral yollarının standartıdır. Bunu heç bəyənmədim!
18) Çox bəyəndiyim məqam isə – hibrid yaşıl dəhlizlərdir. Başa düşdüyüm qədər bu nəqliyyat dəhlizlərindən tramvay, velosiped yolları və piyada zonaları keçəcək, ictimai məkanlar yaradılacaq. İlkin mərhələdə belə dəhliz “28 May” və “Gənclik” metrostansiyalar arasında olacaq.
Dənizkənarı Bulvar ərazisində isə yaşıl dəhliz belə olacaq. Gözəllik, amma adamın inanmağı heç gəlmir.
19) Yeniliklərin tətbiqi üçün pilot layihə nəzərdə tutulub. Layihə Heydər Əliyev Mərkəzinin və Ağa Neymatulla küçəsinin ətrafını əhatə edir. Buradan keçən dəmiryol xəttinin “fəallaşdırılması” nəzərdə tutulur. Qısa olaraq, baş planın icrasını burada sınaqdan keçirəcəklər.
20) Sənədin ikinci hissəsi ekoloji inkişafa və digər kommunikasiyalara həsr olunub. Onları ətraflı təhlil etməyəcəm, bu vloqun mövzusuna dair ən maraqlı məqamları yuxarıda işıqlandırdım.
____________
Xülasə olaraq qeyd edim ki, Bakının baş planı, bəzi istisnalar olmaqla, ümumi olaraq yaxşı görünür. İnsan yönümlü şəhərlərin konsepsiyasından yanaşmalar burada öz əksini tapıb. Lakin əsas məsələ bu planın icrası olacaq. Bu kifayət qədər maliyyə tələb edəcək, özü də davamlı olaraq növbəti 20 il ərzində. Sənəddə fantastik bir rəqəm qeyd olunub. Baş planın icrasına 94 milyard manata yaxın kapitalın qoyuluşuna ehtiyac var.
Eyni zamanda, bu cür islahatları aparmaq üçün güclü siyasi iradə və istək lazımdır. Bugünədək Bakı şəhərində lazımsız yeraltı və yerüstü piyada keçidlərini tikirlər, köhnə standartlarla küçələri təmir edirlər, səkini kəsib parkinqə çevirirlər. Həmin şəhərdə bir günün içərisində 180-dərəcə mövqe dəyişib urbanistik həllər tətbiq ediləcəkmi? Zaman göstərəcək.
Həmçinin, bugünki dünya çox çevikdir, tendensiyalar tez-tez dəyişir və nəyinki 20 il, heç 3 il sonra nə çağırışlar çıxacaq qabağımıza – heç onu bilmirik. Odur ki, baş planın icrası ilə yanaşı, dövlət qurumları əllərini “dünyanın nəbzində” saxlamalıdır, Bakını və digər şəhərlərimizi insan yönümlü və yaşamalı etmək üçün durmadan çalışmalıdır.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.