Sizə pis xəbərim var. Bakıda tıxac problemi həll olunmayacaq. Ən azı, əgər biz bu məsələyə indiki yanaşma ilə baxmağı davam edəcəyiksə.

Son 15 il ərzində paytaxtda tıxac problemini həll etmək üçün aşağıdakı addımlar atılmışdır:

– Müxtəlif səviyyəli yol qovşaqları tikildi (bunun üçün büdcədən bir neçə milyard dollard xərcləndi). Bəziləri istisna olmaqla, bu qovşaqları tikilən ərazilərdə tıxaclar yenə də müşahidə olunur.

Qələbə dairəsində tıxac

– Şəhərin bir çox yerlərində yollar genişləndirildi, Yusif Səfərov küçəsində isə bunun üçün təxmini 2 hektarlıq park söküldü. Bu gün Y.Səfərov küçəsi və Dərnəgül yolu pik saatlarında ən güclü tıxac olan küçələrdi. Tıxaclarla yanaşı bu küçələrdə piyada infrastrukturu qurban verildi. İndi bu küçələr həm sürücülər üçün, həm də piyadalar üçün əlverişsizdir.

Yusif Səfərov küçəsində tıxac

– Svetoforların sayını azaltmaq məqsədilə və “avtomobillərin fasiləsiz hərəkətini təmin etmək” adı ilə bir çox küçələrdə yeraltı və yerüstü piyada keçidləri tikildi. Həmin yerlərdə tıxac problemi həll olunmadı, lakin piyadaların yolu çətinləşdi, əlavə qəza ocaqları yarandı. Hər küçədənkənar piyada keçidinin tikintisi həm də böyük vəsait tələb edir (təxmini 2 milyon manat).

Ukrayna dairəsində lazımsız yerüstü piyada keçidi

– Şəhərdə mövcud tramvay şəbəkəsi söküldü. Düzdür, bu addımı bir çox post-sovet ölkələrində atdılar, çünki tramvaylar “geridəqalmış” bir sistem kimi təqdim olunurdu, köhnə vaqonlar və relslərin vəziyyəti heç də ürəkaçan deyildi. Amma, misal üçün, Moskva və Kiyev şəhərlərində tramvayı saxladılar və onun inkişafını davam edirlər.

Moskvada müasir tramvay

İndi sizcə bu atılan addımlar 15 ildir şəhərə kömək etmir, bundan sonra kömək edəcəkmi? Əlbətti ki yox, amma yenə də cəmiyyətdə “yolları genişləndirək, svetoforları yığışdıraq” kimi fikirlər aktualdır. Dərd də orasındadır ki, bu fikirlərlə həm də bəzi məmurlar razıdır.

Problemin həllini əslində dünyada çoxdan tapıblar. Şəhər küçələrini daha effektiv istifadə etmək, insanların ümumi mobilliyini təmin etmək lazımdır. Bunun üçün daha çox insan daşıyan nəqliyyatı, yəni ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır.

1 avtobus yolda 70 avtomobilin əvəz edə bilər

Siz bütün vətəndaşları avtomobillərdən düşürdə bilməyəcəksiniz, təbii ki, amma komfortlu, cədvəl üzrə və tıxacda ilişməyən avtobus, metro və tramvay öz vaxtına qənaət etmək istəyən bir çox insanları cəlb edə biləcək. 2015-ci ildə bu məsələnin üzərinə bir az düşüb Bakı Nəqliyyat Agentliyi yaratdılar. Ölkəyə 2000-ə yaxın yeni avtobus gətirildi, 4-5 küçədə avtobus zolağı çəkildi. Bu gün həmin avtobusların saz vəziyyətdə saxlanılmasına vəsait ayrılmır, avtobus zolaqlarına isə nəzarət yoxdur (əksinə, Yol Polisi bəzə özü bu zolağa sürücüləri yönəldir). Metronun inkişafına da gözləmək olmur, onlar da yeni stansiyaların tikilməsi pulun ayrılmamasından şikayətlənirlər.

Tıxac probleminin həll etmək üçün çox yox, üç radikal islahat lazımdır:

– Böyük insan axını olan küçələrdə tramvay və ya ən azı avtobus zolaqları salınmalıdır (güclü nəzarət tətbiq etməklə);
– Küçələrdə rahat piyada və velosiped sürmək üçün şərait yaradılmalıdır: velozolaqlar, səkilər və nizamlanan piyada keçidlərinin sayı artırılmalıdır;
– Şəhərə daxil olan avtomobilin axınının tənzimlənməsi üçün rəsmi ödənişli parkinq tətbiq olunmalıdır.

Sizcə, bu islahatların hansına bizim dövlət qurumları razılıq verməyə hazırdır? Məncə, hələ ki heç birinə. Ona görə yaxın zamanda Bakıda tıxac probleminin həllini gözləməyin.

Yox, əgər sizi, bir vətəndaş kimi, bu məsələnin həlli narahat edirsə, o zaman hərəkətə keçin – dövlət qurumlarına tez-tez müraciətlər göndərin, problemin həllini izah edin, xarici təcrübəni nümunə olaraq göstərin. Elə bu məqalədə qeyd olunan tezislərini ictimaiyyətləşdirsəniz artıq böyük iş etmiş olursunuz.

Bu arada, bu mövzu ilə birbaşa bağlı olan urbanistikanın əsasları haqqında hələ keçən il bir video hazırlamışdım, 10 dəqiqə vaxtınızı ayırıb baxa bilərsiniz. Sadə dildə və nümunələrlə hər şey izah olunub.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – Bank Respublika: 4244-4873-5828-7859
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: