Bakı Şəhəri üçün Dəmir Yolu

Bakı şəhəri artıq onun inzibati ərazisi ilə məhdudlaşmır, bu meqapolis demək olar ki, bütün Abşeron yarımadasını əhatə etdir. Belə ki, Sumqayıt və Xırdalan şəhəri, Abşeron yarımadasında olan digər qəsəbələr Bakı şəhəri ilə vahid aqlomerasiya təşkil edirlər.
Bakı şəhərinin aqlomerasiyası
Digər tərəfdən iqtisadi və mədəni fəallığın əsasən Bakı şəhərinin mərkəzi nüvəsində cəmləşməsi, Bakı şəhərinin mərkəzi hissəsinə böyük gündəlik miqrasiyanı vacib edir. Əgər şəhər inkişaf etmək və iqtisadi inkişafı təmin etmək istəyirsə o əhalinin mobilliyini təmin etməlidir, əks halda bu şəhər  deqradasiyaya uğrayacaq.
Bakının mərkəzi nüvəsi
Bu şəhərətrafı mobillik müxtəlif yollarla təmin edilə bilər: şəxsi avtomobil, avtobuslar və dəmir yolları. Əgər avtomobil mobilliyi əsas nəqliyyat növü seçilsə bu daha da böyük problemlərə gətirib çıxaracaq, çünki fərdi nəqliyyat vasitələri böyük şəhərlərdə məhdud olan sahə (yollar, nəqliyyat qovşaqları, parkinqlər və s.)  və eyni zamanda inanılmaz dərəcədə çoxlu maddi resurs tələb edir. Bu paradiqma Bakı şəhərində demək olar ki, mümkün deyil. Ətraflı şəkildə bu haqda burada məlumat almaq olar.   Avtobuslar bu tip kütləvi miqrasiyalarda o qədər də effektiv deyil. Düzdür avtobusları da aşağı intervallı ekspress xətlər kimi işlətmək olar, lakin onlar daha çox köməkçi rolu rolunu oynamalıdır.
Dünya təcrübəsi göstərir ki, bu tip kütləvi sərnişindaşımalarda ən səmərəli nəqliyyat növü dəmir yoludur, bundan əlavə şəhərətrafı dəmir yolu sərnişindaşımalarına metro xüsusiyyətləri vermək vacibdir, bu daşımaların qısa intervalları olmalıdır və digər ictimai nəqliyyat növləri ilə inteqrasiya edilməlidir. Bu tip daşımalar qərbi Avropada xüsusən yayılıb, məsələn Parisdə RER sistemi və ya Almaniyada S-bahn sistemləri.
S-bahn, Münxen
Bakı şəhərini ətraf qəsəbələr ilə birləşdirən ilk elektrik qatarı 1926-cı ildə işə salınıb, beləliklə bu Bakı-Sabunçu qatarı SSRİ məkanında ilk şəhərətrafı elektrikləşmiş dəmir yolu oldu.
 
Sovet hakimiyyəti dövründə Abşeron yarımadasında elektrik qatarı sistemi inkişaf etməyə davam etdi, lakin Azərbaycan müstəqillik əldə etdiyindən sonra məlum iqtisadi çətinlərə görə bu sistem lazimi dəstək almadı və tədricən deqradasiyaya uğradı və hərəkət demək olar ki, dayandı. Sonradan ölkədə sürətli iqtisadi inkişaf baş verəndə bu nəqliyyat növü yenə diqqətdən kənarda qaldı, dəmir yolunun əhəmiyyətli hissəsi (Buzovna, Şüvəlan, Maştağa və sair) avtomobil yollarının tikintisi üçün söküldü. Şəhər artan avtomobil sahibliyini yol infrastruktura olan tələbini yerinə yetirməyə çalışırdı, belə bir düşüncə var idi ki, dəmir yolu köhnə və qeyri-aktual nəqliyyatdır və gələcəyi yoxdur.
Xoşbəxtlikdən bu tendensiya 2015-ci ildə qırıldı, Baki və Sumqayıt arasında qatar hərəkəti bərpa edildi, yeni müasir qatarlar alındı, yol təmir edildi.
 
Hazırda Abşeron şəbəkəsində qalan dəmir yolu şəbəkəsi belədir:
 
Göründüyü kimi Abşeronda dəmir yolu şəbəkəsində böyük dairə var. Hal-hazırda bu dairədə ancaq qırmızı xətt ilə (Bakı vağzalı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt) hərəkət mövcuddur. Bir müddət əvvəl Azərbaycan Dəmir Yolu şirkəti sarı xətt (Bakı vağzalı- Koroğlu-Bakıxanov-Sabunçu-Zabrat-Pirşağı-Sumqayıt) üzrə hərəkətin bərpa olunacağını açıqları. Bir müddət bərpa işləri aparılsa da, son zamanlar heç bir yenilik xəbərləri yoxdur.
 
Hərəkət olmayan yollarda (Sabunçu, Zabrat) indiki vəziyyət təxminən belədir.
Dairədə yerləşən yaşayış məntəqələrindən əlavə dəmir yolu şəbəkəsi Abşeron yarımadasında yerləşən bir neçə (Binə, Zirə, Qala, Suraxanı, Hövsan, Lökbatan və s.) qəsəbəni Bakının mərkəzi hissəsi ilə birləşdirmək olar. Bundan əlavə Binə qəsəbəsindən keçən dəmir yolu xəttini bir qədər uzdaraq Heydər Əliyev adına Hava Limanına qatar xidməti yaratmaq olar.
Nümunə üçün Lökbatan və Hövsan qəsəbələrini götürək. Hamıya məlumdur ki, bu qəsəbələrdən Bakı şəhərinin mərkəzi hissələrinə gəliş gediş nə qədər problem yaradır. Avtobus sərnişindaşıma xidmətlərinin keyfiyyəti aşağıdır. Bundan əlavə bu qəsəbələrə aparan avtomobil yolları demək olar ki, alternativsizdir. Günün pik saatlarında yaranan tıxalar isə küllü miqdarda vaxt itkisinə gətirib çıxarır.
Buna baxmayaraq indiyə kimi qalmış dəmir yolu infrastrukturu vaxtımıza qədər qala bilmişdir, hətta stansiyaların yeri də saxlanılıb. Lökbatan və Hövsanda nisbi asanlıqla şəhər mərkəzinə və şəhərin digər yerlərinə qatar xidməti təşkil etmək olar. Bu həm qəsəbə sakinləri üçün çox rahat və vaxt baxımından əlverişli ola bilər, həm də şəhərə səhər və axşam daxil olan və çıxan avtomobil sayını əhəmiyyətli dərəcədə azaldar.
 
Dəmir yolu nəqliyyatının keyfiyyətli xidmət göstərməsi üçün aşağıdaki tədbirlər çox vacibdir:
 
– Abşeron yarımadasının bütün dəmir yolu şəbəkəsində sərnişindaşıma bərpa edilməlidir. Yollar və stansiyalar yenidən qurulmalıdır;
–   Sərnişindaşıma xidməti klassik elektrik qatarını deyil daha çox yerüstü metro kimi olmalıdır. Təbii ki, intervallar metropolitendən daha uzun olacaq, amma indiki Bakı-Sumqayıt qatarında olduğu kimi gündə 11 cüt reys olmamalıdır. Misal üçün intervallar pik saatlarında 10 dəqiqə, qeyri-pik saatlarda isə 25-30 dəqiqə ola bilər. Belə cədvəllər Bakının onun ətrafında olan qəsəbələrlə etibarlı və rahat əlaqə yarada biləcək;
– Tələbdən asılı olaraq qatarların özü daha yüksək tutumlu olmalıdırlar. Hal hazırda pik saatlarında Bakı-Sumqayıt qatarında daha yüksək sərnişin  tutumu olan  ikiqruplu (yəni iki dörd vaqonlu qatarın birləşməsi) qatara ehtiyac var;
–  Hərəkətin planlaşdırılması və strateji qərarlar ancaq Dövlət Dəmir Yolu şirkəti (ADY) tərəfindən aparılmamalıdır. Bu məsələlərə Bakı şəhərinin ümumi nəqliyyat sistemi çərçivəsində inteqrasiyalı şəkildə baxılmalır. Təbii ki, sistemin operatoru ADY olmalıdır, lakin bu sistemin strateji idarə edilməsi, maliyyələşdirilməsi, lazım olsa subsidiyalaşması vahid mərkəzdən həyata keçirilməlidir. Dövlət  sanki bu sərnişindaşıma xidmətini ADY-dan sifariş etməlidir və xidmətlərin yerinə yetirilməsinə nəzarət etməlidir;
– Dəmir yolu sərnişindaşımaları Bakının və aqlomerasiyanın ümumi ictimai nəqliyyat sisteminə inteqrasiya etməlidir, vahid ödəniş sistemi tətbiq edilməlidir. Stansiyalar yerli nəqliyyat hablarına çevrilməlidir, onlar yerli avtobus marşrutları ilə və avtomobil dayanacaqları (Park and Ride) təmin edilməlidir. Ümumiyyətlə dəmir yolu stansiyaları qəsəbələrin mərkəzlərini və inkişaf nöqtələrinə çevrilməlidirlər; 
 
–  Şəhərin mərkəzi hissələrində daha çox stansiyalar yaradılmalıdır. Məsələn Bakının Dərnəgül metro stansiyasının və nəqliyyat habının yanından dəmir yolu xətti keçir. Orada rahatlıqla stansiya yaratmaq olar. Bu ərazi köhnə sənaye zonası olduğu üçün burada avtomobil dayanacağı da təşkil edilə bilər. 
Yazı ilə bağlı rəy bildirin: