Prinsip 7: Parklanmanın İdarə Edilməsi

Dayanıqlı Şəhər Nəqliyyatının 5-ci prinsipini təhlil edəndə “Avtomobil istifadəsinə nəzarət”-dən danışdıq. Bu mövzunun davamı olaraq bu dəfə şəhərin parkinq siyasətindən danışacağıq.

Dünya təcrübəsində parkinq siyasəti və ümumi nəqliyyat siyasətində parkinqin yeri

İnkişaf etmiş ölkələrin iri şəhərlərində və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobil sahibliyinin həmin illərdə geniş yayılması ilə əlaqəli idi.
Bu problemin həlli, ictimai nəqliyyatın inkişaf etdirilməsi, ondan istifadənin həvəsləndirilməsi və digər tərəfdən sürücüləri şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmək siyasəti olmuşdur. Şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmə tədbirlərin ən effektiv metodlarından biri şəhərdə küçədə parklanma yerlərinin azaldılması və onların ödənişli olmasıdır. Bu metodun effektiv işləməsi üçün parkinq haqları kifayət qədər baha, digər tərəfdən isə nəzarət tədbirləri çox sərt olmalıdır. Küçə parkinqinin nizama gətirilməsi şəhərdə yaşayış keyfiyyətini yaxşılaşdırır  və ictimai nəqliyyatda istifadəni artırır.
 
Bakı şəhərində cari vəziyyət
 
Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq şəhərin mərkəzi hissələrində cəmləsir. Bu amil insanların şəhərin ətraflarından və Abşeron yarımadasında yerləşən qəsəbə və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahətlərinə gətirib çıxarır.
Sakinlərin əhəmiyyətli hissəsinin belə səyahətləri şəxsi avtomobillər ilə etməsi şəhərin küçə-yol şəbəkəsinə ifrat yük yaratmaqla, şəhərə gələn maşınların parklanması üçün tələbat mövcud yerlərdən çox olur.
 
Beləliklə şəhərinin mərkəzi hissələrinə çoxlu sayda maşın daxil olmasına və parkinq yerlərinin məhdud olmasına görə, Bakıda yol tıxacları  və xaotik parklanmış küçələr müşahidə olunur.
 
Görülmüş işlər
2012-ci ildən etibarən yaranmış vəziyyəti nizamlamaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) şəhərin bir çox yerlərində ödənişli parkinq təşkil etmək üçün parkomatların quraşdırılmasına başlamışdır. Hal-hazırda Bakı şəhərində ödənişli parkinqin əhatə dairəsi kifayət qədər genişdir.
 
Bakının mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iki iri yeraltı avtodayanacaqlar tikilmişdir. Bundan əlavə şəhərin müxtəlif yerlərində özəl şirkətlər tərəfindən bir necə yerüstü və yeraltı avtodayanacaqlar istifadəyə verilmişdir.
Əsas Problemlər
Ödənişli küçə parkinqi tətbiq edilsə də, qeyri effektiv nəzarət və idarəetmə nəticəsində bu tədbir lazımi effekt vermir və sürücüləri gündəlik avtomobil istifadəsindən çəkindirmir. Məsələn: əksər iş yerlərinin yaxınlığında bir manat ödəniş qarşılığında avtomobili bütün iş günü ərzində saxlamaq mümkündür (bir saatı 1 manat olan təqdirdə). 
İnzibati xətalar məcəlləsində ödənişli parkinqin xidmətinin ödənilməməsinə dair heç hələ də bir maddə yoxdur və ödəniş qaydalarını pozan sürücülər cərimələnə bilməz (bu dəyişiklik artıq qəbul edilib və imzalanma üzrədir, lakin cərimə cəmi 10 manat olacaq). Aidiyyəti strukturlar (XTAİ və DYP)  şəhərdə dayanma və durma qaydalarını pozan şəxslərə qarşı kifayət qədər tədbir görmür və effektiv mübarizə aparmır.
 
Nə etməli
Bakı şəhərinin aydın və anlaşılan  parkinq siyasəti qəbul edilməlidir.
 
Avtomobillərin dayanma və durması ilə bağlı qayda pozuntularına görə cərimələr artırılmalıdır.
Parkinq nəzarətçilərinə avtomobillərin dayanma və durması ilə bağlı qayda pozuntularına və Parkinq haqqının ödənilməməsi və ya gecikdirilməsinə görə  cərimələmə funksiyaları verilməlidir.
Bakı şəhərinin parkinq infrastrukturu yaxşılaşmalıdır. Məsələn: parkinq cibləri, səkiləri mühafizə edən səki dirəkləri, ödəniş metodları, məlumatlandırma və s.
 

 

Şəhər parkinqinin təşkili və idarə edilməsi Bakı İH XTAİ-dən Bakı Nəqliyyat Agentliyinə verilməlidir.
Nəzarət mexanizmlərinəyenidən baxılmalıdır. Məsələn: nəzarətçilər eyni yerdə durmamalı, müəyyən ərazi üzrə dayanmış avtomobillərin ödənışlərinə və vaxtlarına  nəzarət etməli və lazım olarsa cərimə yazmalıdırlar.
 
Ödənişli parkiqdən əldə olunan vəsaitlər ictimai nəqliyyatın maliyyələşdirilməsinə xərclənənməlidir.
Bakı şəhərində küçə parkinqi siyasətinə dair təkliflər
       Parkinq tarifləri müvafiq ərazidə tələbata görə dəyişməlidir. Tələbatın çox aşağı olan yerlərdə parkinq pulsuz da ola bilər;
       Qiymətqoyma prinsipləri olduqca çevik olmalıdır və parkinqə tələbat artdıqca qiymətlər artmalıdır. Küçə parkinqinin qiymətləri yeraltı və yerüstü dayanacaqların qiymətlərindən bir qədər yüksək olmalıdır; 
       İlk 15 dəqiqə pulsuz olmalıdır;
       Küçə parkinqlərində proqressiv tarif sistemi tətbiq olunmalıdır. Məsələn: bir saat – bir manat, amma 6 saatdan çox – 10-15 manat ;
       Günün qeyri-pik saatlarında (məsələn: saat 21:00-dən saat 07:00-dək), bazar və bayram günlərində parkinq pulsuz ola bilər;
       Vəziyyətdən asılı olaraq  «Ancaq Sakinlər» üçün parkinqlər olmalıdır;
       Yerli sakinlərin istifadəsi üçün  simvolik qiymətə (məsələn: ayda 20 manat)  xüsusi icazə verilməlidir;
       Ödəniş metodları şahələndirilməlidir. Məsələn: SMS, ödəniş kartları, mobil tətbiq, nağd;

 

       İstisna hallarda bəzi idarə və təşkilatlara ödəniş müqabilində müəyyən yerlərdə parklanma yerləri verilə bilər.
 
Burada olarkən...

Fəaliyyətimizin və saytımızın inkişafına maddi dəstək göstərmək istəyirsinizsə, aşağıda ünvanlara ianələri göndərə bilərsiniz.
Bank Respublika kartına birbaşa "card-to-card": 4244-4873-5828-7859 (və yaxud MilliÖn, ExpressPay və digər ödəniş terminallarda hesaba mədaxil etmək olar).
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin: