Bu gün Azərbaycanda inşa edilən yeni yaşayış kompleksləri çoxlu suallar doğurur. Hal hazırda bir sıra layihələr dövlət proqramı çərçivəsində yerinə yetirilir. Qaçqınlar və məcburi köçkünlər üçün evlər, endirimli sosial mənzillər, jurnalistlər üçün tikilən binalar bu cür proqrama daxildir. Bəli, dövlət tərəfindən qayğı göstərmək və insanlara daha yaxşı şərait yaratmaq niyyəti haqqında indi heç kim mübahisə. Lakin, bu layihələrin icrası bir sıra problemlər ortaya çıxarır.
Problemlər bir neçə faktorlara bağlıdır və onları anlamaq üçün tarixə səyahət etmək lazım olacaq.
SSRİ və Qərb ölkələrində yaşayış “getto”ları
Keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda, hər şey Nikita Xruşovun vaxtında başladı. XX-ci əsrdə, sənayeləşmə dövründə, insanlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçməyə başladılar. Əhalinin böyük kütləsin üçün evlər lazım idi. Xruşovun tapşırığı ilə sovet şəhərlərində panel tipli çoxmənzilli binalar inşa edilməyə başlanıldı. Bu binalarda heç bir memarlıq unikallığından söhbət getmirdi, ən ucuz və şablon tipli evlər tikilirdi. Əsasən bu evlər şəhər mərkəzindən kənarda tikilirdi və insanlar buraya işdən qayıdıb yatmağa gəlirdi. Buna görə bu cür rayonları SSRİ-də “yataq rayonları” adlandırdılar (“спальные районы”). Bu cür evlərdə yaşayan əhalinin əsas kriteriyası soyuducu və və televizorun olması idi. Giriş qapısından o tərəfə nə baş verdiyi heç kimi maraqlandırmırdı.
Lakin, bu cür massivlərin salınması Sovet İttifaqından əvvəl ABŞ və Avropada başlanılmışdır. Ancaq qısa bir zamanda Qərb ölkələri anladılar ki, şəhərdən ayrılmış, zəif infrastruktura malik, heç bir əyləncəsi və vaxt keçirilməsi üçün məkanı olmayan “beton qutular”da insanlar yaşamaq xoşlarına gəlmir. Beləliklə, qısa bir zamanda imkanı olan sakinlər evlərini satıb köçür və burada yalnız ən aşağı təbəqəli əhali qalır. Ətrafda qalan bütün bizneslər bağlanır, qalan sakinlər marqinallaşır, kommunal ödənişlərini ödəmir, əraziyə qulluq dayandırılır, daha sonra isə burada kriminalın artması müşahidə olunur. Sonda vəziyyət elə dərəcəyə çatır ki, bu əraziyə heç polis gəlmir. Ərazi sözün əsl mənasında gettoya çevrilir. 1950-ci illərdə ABŞ-da inşa edilmiş “Pruitt-Ayqou” yaşayış kompleksinin aqibəti bu əhvalatın bariz nümunəsidir. Vaxtı ilə yaşamaq üçün ideal məkan kimi təqdim olunan bu layihə cinayət ocağına çevrildiyinə görə sökülür.
Bloqer Rüfət Abdullanın “Prüitt-Ayqou” faciəsi haqqında ətraflı məqaləsi var, bu saytda oxuya bilərsiniz.
Oxşar nümunələri həmçinin Avropada tapmaq mümkündür. XX-ci əsrin 60-70-ci illərdə Qərbi Avropada insanların sıx yaşaması üçün hündürmərtəbəli yaşayış binalar tikməyə başladılar, lakin yuxarıda qeyd olunan səbəblərə görə və heç bir komfort kriteriyalarına uyğun olmadığına onlar sökülməli oldular. Aşağıdakı fotoda Qlazqoda (Böyük Britaniya) “Red Road Flats” kompleksi, videoda isə həmin binaları partlatma metodu ilə söküntüsü əks olunub (son bina 2015-ci ildə sökülmüşdür).
Lakin, ABŞ və Avropa ölkələrində daşınmaz əmlak bazarı inkişaf edirdi, təkliflər fərqləndirdi, amma SSRİ belə bazar yox idi. Hansı mənzili sənə dövlət verirdi – orada da yaşamalısan. Ona görə bütün post-sovet şəhərlərində mikrorayonlar adlanan bir massivlər hələ də qalır.
Azərbaycanda müasir yeni tikililər
Gəlin son illər ərzində ölkəmizdə inşa edilmiş yaşayış layihələrinə diqqət yetirək. Əslində, bu məqalədə danışılan problemlər tək yuxarıda qeyd etdiyim sosial evlərə aid deyil. Ümumi götürsək, son 10-15 il ərzində, xüsusi ilə Abşeronda inşa edilən bir çox yeni komplekslər digər ölkələrin keçən əsrdə buraxdığı səhvləri təkrar edir.
Sizdə məntiqli sual yaranır: “Yaxşı, onların nəyi pisdir?”. İndi başa salacam.
Razılaşaq ki, həyat tək işdə işləmək və evdə yatmaqdan ibarət deyil. Təhsil, tibb, əyləncə, iaşə və s. bəşəriyyətin müasir tələbləridir. İnsanın ətrafında bunlar olmayanda onda diskomfort hissi yaranır. Misal üçün, şəhərdəki köhnə kvartallar sakinlərə piyada gəzmək üçün küçələr, parklar, binaların birinci mərtəbələrində marketlər, kafelər, kitab dükanları təklif edirlər. Binaların hündürlüyü insan miqyasına uyğun olur, həmin binaların arasında gəzəndə adam sıxılmır. Nəqliyyat cəhətdən də tək şəxsi avtomobil deyil, avtobus, bir sıra yerlərdə metro, hətta piyada və velosipedlə hərəkət edərək sənə lazım olduğun nöqtəyə rahat çata bilirsən.
Bəs Bakıdan kifayət qədər uzaqda, Qobu qəsəbəsində, demək olar ki səhranın ortasında tikilən yaşayış kompleksində yuxarıda qeyd olunanlardan hansılar mövcüddur? Bura “Qobu Park”-dır.
Bəli, bu komplekslərin yanında adətən uşaq bağçası, məktəb və meydançalar tikirlər, amma burada yaşayan əhali vaxt keçirmək üçün bəlkə də hər gün şəhər mərkəzinə gələcəklər. Əksər hallarda şəxsi avtomobil yeganə nəqliyyat olduğundan, bu cür komplekslərə aparan yollar çox vaxt tıxaclarla qarşılacaq.
Bu binaların digər problemi insan yönümlü olmayan həyətlərdir. Adətən burada həyətlər daha çox avtodayanacağa bənzəyir.
Bilirəm, Bakıda həyətlərin əksəriyyəti maşınlara verilib, amma həyət ilk növbədə insanların ünsiyyət qurması və açıq havada vaxt keçirilməsi üçün nəzərdə tutulub. Burada qonşular birgə yığışıb söhbət edir, nərd vurur və domino oynayır, uşaqlar isə əylənir. Avtodayanacaqdan azad həyətlərə valideynlər uşaqlarını rahat buraxa bilir, onlar əmindir ki balasını belə həyətdə maşın vurmayacaq. Avtomobillər isə yeraltı parkinqda saxlanılmalıdır.
Əslində, Bakıda keçən il təhvil verilən “MİDA Yasamal” yaşayış kompleksində həyətlər avtomobilsiz olmalı idi, lakın reallıq tam fərqli oldu. Hətta normal səki və velosiped zolaqlarını orada təşkil edə bilmədilər. Ətraflı məqaləni bu postda oxuya bilərsiniz.
Təkrar edirəm, qeyd olunan məsələlər tək sosial evlərə aid deyil, hündürmərtəbəli “novostroykalar”-ın çoxusu bu vəziyyətdədir. Özüdə, tək bizim ölkədə deyil, qonşu Rusiyada bu hal hazırda kütləvi gettolaşma gedir. Bu haqda urbanist İlya Varlamov çoxlu yazır və video çəkir.
Bəs necə olmalıdır?
Adətən, bu cür postlarda biz digər inkişaf etmiş ölkələrdən misal gətiririk. Amma öncədən Sizə elə öz Bakımızda inşa edilən Ağ Şəhərdən misallar gətirim. Bəli, Ağ Şəhər ideal deyil, bu yaxınlarda təhlilini aparmışdım, lakin özünüz baxın, kvartal tipli 5-7 mərtəbəli evlər necə insana daha rahat gəlir. Adam burada yaşamaq istəyir:
Deyilənə görə, yeni həyətlərə giriş yalnız operativ nəqliyyat vasitələrinə icazə veriləcək:
Təbii ki, əsas amillərdən biri də infrastrukturun olmasıdır. Misal üçün, Helsinki şəhərində tikilən yeni yaşayış rayonunda artıq tramvay xətti çəkiblər.
Həmin şəhərdə bir həyət:
Kopenhagen, Danimarka:
Köln, Almaniya:
Arqument olaraq demək olar ki, Qərb ölkələrində yaşayış səviyyəsi tam fərqlidir, mütəxəssislər daha peşəkardır və s. Amma gec-tez bizdə də xarici təcrübəni tətbiq etməyə başlayacaqlar (necə ki digər sahələrdə tətbiq edilir). Vətəndaşlar isə seçim olandan sonra özləri daha rahat evlərə köçəcək.
Bəli, bu sabahın söhbəti deyil, amma yaxın 10-20 il ərzində bütün MDB ölkələrində gettolaşma prosesin başlanması qaçılmazdır.
Bu mövzu Sizə maraqlı oldusa, şərhlər bölməsində qeyd edin, öz fikirlərinizi bildirin, bu mövzuya hələ qayıdacağam.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
One Reply to “Gələcəyin gettoları: Yeni yaşayış komplekslərin aqibəti”
Comments are closed.