Bakını təcili olaraq xilas etmək lazımdır!

Bakı qafqazın mirvarisidir. Xəzər dənizin ətrafında ən iri şəhər və limandır. MDB ölkələri arasında dördüncü ən iri paytaxt sayılır (Moskva, Kiyev də Daşkənddən sonra). İnkişaf edən Azərbaycanın əsas şəhəri. Bütün bu fəxredici üstünlüklərə baxmayaraq, bu gün Bakı şəhəri insanların normal hərəkəti üçün uyğunlaşdırılmayıb. Müasir şəhərdə ən vacib olan insandır. Bəs bizdə bu qaydaya riayət olunurmu? Əfsuslar olsun ki, xeyir. Misal üçün, şəhərdə hərəkətinin ən üstün iştirakçısı piyada olmalıdır. Daha sonra velosipedçi, ictimai nəqliyyat və yalnız sonda olan avtomobildir. Bizdə isə hər şey əksindər.

Bizim şəhərləri layihələşdirən zaman piyadalar haqqında heç kim düşünmür. Küçələr yalnız avtomobillərin rahatlığı üçün inşa edilir. Sürücülər öz haqlarını yaxşı qoruyur. Tıxaclar, parkinqlər, plyonkalar – bu problemləri hər kəs müzakirə edir.

Bəs piyadalar necə? Onları heç kim fikirləşmir, yalnız yolu müəyyən olmayan yerlərdən keçdikdə onlar qınaq obyektinə çevrilir. Hər hansı bir yolu bağlayan kimi bütün xəbər saytları və sosial şəbəkələr səs-küy qaldırılır, amma piyadalardan növbəti dəfə səkini alıb parkinqa çevirəndə heç kim bu haqda danışmaq istəmir. Hətta yeni küçələr təmir olunarkən, əksər hallarda minimal standartlara uyğun səki salınmır.

İnsanların istirahət və uşaqların əyləncəsi üçün nəzərdə tutulan həyətlər bu gün böyük bir dayacanağa çevrilib. Şəhərimizin əlil insanlar uyğun olması haqqında danışmaq belə olmur. Bakı şəhərinin bir sıra küçələrində panduslar olsada, yeraltı və yerüstü piyada keçidlərinin çoxluğu, eyni zamanda hündür bordürlar azmobilli insanlar üçün şəhəri əlçatmaz edir.

Bakı şəhərində insanların rahat yaşamasını təmin etmək üçün 10 təxirəsalınmaz addımlar atmaq lazımdır. Əks halda yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək, piyadaların iştirakı ilə qəza halların azalmasını təmin etmək mümkün olmayacaq (bu gün qəzaların təxmini 50%-i piyadaların vurulmasıdır).

1. Şəhərin bütün küçələrinə normal səkilərin salınmasını təşkil etmək.

Mövcud standartlara əsasən piyadanın hərəkəti üçün ən azı 1,5 metr genişliyində səki təşkil olunmalıdır. İnsanların rahat hərəkəti üçün 2-3 metrlik səkinin olması məsləhətdir. Bakının bir çox küçələrində vəziyyət isə belədir:

2. Daha çox avtobus zolaqları salınmalıdır və onlara real nəzarət olunmalıdır.

Bakıda avtobuslar gündəlik olaraq 2 milyondan çox sərnişin daşıyır. Buna baxmayaraq, şəhərdə avtobuslar üçün cəmi 3 küçədə ayrılmış avtobus zolağı nəzərdə tutulub. Bu zolaqlara Dövlət Yol Polisinin nəzarəti çox aşağı səviyyədədir. Hətta hər hansı bir küçədə tıxac olanda, polis əməkdaşları sürücüləri həmin avtobus zolağına daxil olmağa icazə verir. Beləliklə, avtobus da bütün axın ilə bərabər tıxacda ilişib qalır. Bu yolverilməzdir, çünki şəxsi avtomobil 1-2 insan aparan zaman, bir avtobusda 60-80 nəfərə qədər sərnişin gedir. Bu cür yanaşma ilə ictimai nəqliyyatın heç vaxt cəlbedici olmayacaq.

Avtobus zolaqları ən çox tıxac olan küçələrdə təşkil olunsa və sürücülər görsələr ki, avtobus öz ayrılmış zolaqla hərəkət edir, növbəti səfərində məhz avtobusa üstünlük verəcək və beləliklə tıxaclar azalacaq. Yolları genişləndirməklə tıxaclar heç vaxt həll olunmayacaq, bu, yalnız müvəqqəti bir hal daşıyacaq. Bunu hətta dünyanın ən avtomobilləşmiş ölksəsi Amerikada anlamağa başlayıblar.

3. Bakıya tramvayı qaytarmaq lazımdır.

Bir çox sürücülər və eyni zamanda bəzi dövlət idarələrinin əməkdaşları düşünür ki, şəhərdə yenidən tramvayın qaytarılması böyük tıxaclara səbəb olacaq. İlkin mərhələdə bəli, tıxaclar yarana bilər, lakin, müasir tramvay öz ayrılmış zolağı ilə daha sürətli hərəkət edəndə və bunu digər yol iştirakçıları görəndə, onlar şəxsi avtomobildən imtina edib tramvayı seçəcək (bax: 2-ci bənd). Bakıda 2004-cü ildə tramvay xətləri təmamilə ləğv olunub. Amma indi bütün inkişaf etmiş ölkələr tramvay xətləri bərpa edir və onun ən effektiv şəhər nəqliyyatı olmasını söyləyir. Tramvayın tikintisi metroya nisbətən təxmini 10 qat ucuz başa gəlir. Eyni zamanda tramvay avtobusdan 3-4 qat daha çox sərnişin daşıya bilir.

4. Kütləvi velosiped zolaqları salınmalıdır.

Müasir Avropa şəhərlərində, o cümlədən qonşu ölkələrin iri şəhərlərində (Moskva, İstanbul, Tbilisi və s.) velosiped artıq nəqliyyat növünə çevrilib. Sağlam və ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosiped qısa məsafələrə hərəkət etmək üçün ideal vasitədir. Lakin, velosipedlə təhlükəsiz və rahat hərəkət etmək üçün şəhərdə müasir velosiped zolaqları salınmalıdır. Hal hazırda Bakının 2-3 yerində “pilot” layihə olaraq çox qısa velozolaqlar salınlb. Təbii ki, buna “velosiped infrastrukturu” demək olmaz. Velozolaqlar mümkün qədər geniş zonanı əhatə etməlidir. Bakının iqlimi velosipedi demək olar ki ilboyu sürməyə imkan verir.

5. U-tipli üç tərəfli piyada keçidlərini ləğv etmək lazımdır.

Bakının əksər yol kəsişmələrində piyada keçidləri yalnız yolayrıcının üç tərəfində nəzərdə tutulub. Bu o deməkdir ki, belə yerlərdə piyadalar öz yolunu üç dəfə uzadıb və əlavə 2 svetofor fazasını gözləməlidir. Təbii ki, insanlar robot deyil, insanın təbiətində enerjinin və vaxtının daha səmərəli istifadə edilməsi nəzərdə tutulub. Ona görə bu keçidlərin heç bir effekti yoxdur (o cümlədən tıxaclara). Ətraflı bu yazıda.

6. Şəhər daxilində yeraltı və yerüstü piyada keçidlərinin tikintisini dayandırmaq lazımdır. Onlar yalnız maqistrallarda olmalıdır.

Küçədənkənar yeraltı və yerüstü keçidlər keçmiş əsrdə bir çox ölkələrdə tikilməyə başladı. O cümlədən keçmiş SSRİ-nin iri şəhərlərində piyada və avtomobil hərəkətini ayırmaq üçün bu keçidlər effektiv bir üsul sayılırdı. Lakin, zaman göstərdi ki, bu cür keçidlər tıxaclardan xilas etmir, əlavə olaraq insanlar yenə də öz yolunu artırmaq istəmir, pilləkənlərlə düşüb qalxmaq əlavə əziyyətə çevrilir, araba ilə hərəkət edən insanlar üçün onlar əlverişsizdir. Eskalator və liftlərin quraşdırılması çox baha başa gəlir, vaxt keçdikcə isə onlar xarab olur, onlara qulluq etmək çətindir. Füzuli küçəsindəki yeraltı piyada keçidində eskalatoru yığışdırıb pilləkənlə əvəz edilməsi bunun bariz nümunəsidir.

Küçədənkənar piyada keçidləri şəhərə çox baha başa gəlir (məbləğ milyonlarla hesablanır), bu məbləğə şəhərdə piyada infrastrukturunu yaxşılaşdırmaq və bir çox yerlərdə svetofor və təhlükəsizlik adacıqla piyada keçidləri təşkil etmək olar. Əlavə svetofor tıxaca gətirməyəcək, əksinə nəqliyyat axınının daha da yaxşı idarə etməyə kömək edəcək. Azadlıq və Xocalı prospektində piyada svetoforu quraşdırılması bunu sübut etdi.

Ona görə Bakı şəhərində mövcud yeraltı və yerüstü piyada keçidlər eynisəviyyəli piyada keçidləri ilə əvəz olunmalıdır. İlk növbədə isə svetoforla tənzimlənən yolayrıcılarında. Bül-bül prospekti və 28 May küçəsi, Rəşid Behbudov və Füzuli kəsişməsi və s.

Maqistral yollarda isə bu cür keçidlərə əksinə ehtiyac var. Elə yerlər var ki orada illərlə baş verən qəzalara baxmayaraq piyada keçidi tikilmir (misal üçün, Aeroport şossesi, Qala qəsəbəsinə dönən yolayrıcında).

7. Baryersiz mühit hər yerdə olmalıdır.

Son bir neçə il ərzində BNA Bakıda panduslar təşkil etməyə başladı. Lakin, indiyə qədər şəhərin əksər yerlərində baryersiz mühit mövcud deyil. Baryersiz mühit tək keçidlərdə aid olmamalıdır, bütün şəhər boyu təşkil edilməlidir. Bizdə isə bəzən səkilərin eni heç araba hərəkət etməyə imkan vermir.

8. Ödənişli parkinq tətbiq edilməlidir.

Heç bir müasir şəhər parklanmanı idarə edə bilmirsə, deməli o şəhər nəqliyyatı idarə edə bilməz. Şəhərin mərkəzində parklanma ödənişli olmalıdır, qiymət də elə təyin olunmalıdır ki, sürücülər şəxsi nəqliyyatla şəhərə gəlməyə maraqlı olmasın. Bu gün şəhərdə naməlum insanlar tərəfindən parklanma ödənişləri yığılır. Bu insanlara qarşı tədbir görülməlidir. Eyni zamanda, BNA-nın Nazirlər Kabinetinə göndərdiyi qiymətlər iki ildir ki qəbul olunmur.

9. Qanunlar dəyişməlidir və müasir standartlar qəbul olunmalıdır.

Hal hazırda Azərbaycanda küçə və yolların təşkilində sovet dövrünün standartları istifadə olunur. Zolaqların eni, piyada keçidlərini standartları, nişanlanma və s. ən azı 30 il geridə qalıb. Hətta qonşu Rusiyada son illər ərzində bir çox yeni standartlar qəbul olundu, bizdə isə hələ də 1970-80-ci illərdə istifadə olunan standartlar tətbiq olunur.

10. Şəhərin mərkəzində küçələri piyadalaşdırmaq lazımdır.

Bakının qədim mərkəzində küçələri daha piyadayönümlü etmək lazımdır. Necə ki vaxtı ilə avtomobil ilə dolu olan Torqovaya (Nizami küçəsi) piyadalaşdırıldı, həmin küçəni əhatə edən digər küçələrin böyük potensiyalı var. Piyada küçələri çoxlu insan, o cümlədən turist cəlb edir, burada biznes və iaşə obyektləri açılır, onlar vergi ödəyir və beləliklə şəhərə xeyir gətirir. Ən azı, onları “shared street” (“paylaşdırılmış küçə”) etmək lazımdır, yəni əsasən piyadalar üçün, amma eyni zamanda lazım olanda avtomobillər aşağı sürətlə hərəkət etsinlər. Amma belə yox.

Kimi gözləyirik?

Bəli, xəbərim var ki yuxarıda qeyd olunan bəzi istiqamətlər üzrə müzakirələr gedir, Bakının baş planı hazırlanır, Yol təhlükəsizliyinə dair dövlət proqramı qəbul olunub və s. Lakin, illər ötür, amma heç bir ciddi tədbir görülmür, dövlət qurumları öz aralarında razılığa gələ bilmir, nəticədə Bakımız gündən günə daha da təhlükəli və piyadalara qarşı ədavətli şəhərə çevrilir.

Belə şəhərdə yaşamaq istəyirsiniz? Yoxsa deyirsiniz şəhərimizi müsbətə doğru dəyişək? Məqaləni paylaşaraq bu problemləri müvafiq qurumlara daha tez çatmağını təmin edəcəksiniz. Biz isə öz növbəmizdə bu mövzunu gündəmdə saxlamağa davam edəcəyik.

Yazı ilə bağlı rəy bildirin:
Burada olarkən…
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:

  • Patreon-da abunə olun: patreon.com/city4people
  • Kartdan karta:
    – ABB: 5522-0993-6003-6123
    – Leobank: 4098-5844-6806-8406
    – Kapital Bank: 4169-7385-1582-2504

Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.

Yazı ilə bağlı rəy bildirin: