Prinsip 4: Piyada hərəkətinin və velosiped istifadəsinin təşviqi

Bu günki yazının mövzusu  Dayanıqlı Şəhər nəqliyyatının 4-cü prinsipi, piyada hərəkətinin və velosiped istifadəsinin təşviqi haqqındadır. «Yaşayış üçün rahat şəhər» (Livable City) konsepsiyası avtomobil yönümlü şəhər  infrastrukturundan kənarlaşaraq, şəhəri daha çox piyada, velosipedçi və ictimai nəqliyyat üçün uyğun edir. Bu prinsipə görə küçə birinci növbədə ictimai zonadır və ancaq sonra nəqliyyat dəhlizidir.
«Yaşayış üçün rahat şəhər»-də piyadalar və xüsusən aşağı mobilli insanlar üçün rahat infrastruktur yaradılmalıdır. Buna anlayışa geniş və rahat səkilər, baryersiz mühit, velosiped zolaqları və sair kimi amillər daxildir. Küçələr daha canlı və insanlarla dolu olduğu üçün yerli bizneslər (dükanlar, iaşə və xidmət obyektləri) inkişaf edir və bu öz növbəsində şəhərin iqtisadi inkişafına stimul verir.
 
 
Hal-hazırda Bakı şəhərində piyadalar velosipedçilər üçün adekvat mühit yaradılmayıb:
       Piyadalar gəzmək üçün yararsız səkilər, yüksək baryerlər,  səkilərdə parklanmış avtomobillər və pilləkənləri qalxıb-düşmək məcburiyyəti (yeraltı və yerüstü keçidlər) ilə qarşılaşırlar
       Bəzi piyada keçidləri təhlükəli və düşünülməmiş şəkildə yerləşdirilib (Nizamlanmayan keçidlər, keçidlərin ümumiyyətlə olmaması)
       Hazırki şərait yaşlılar, əlillər və uşaq arabası ilə hərəkət edən piyadalar üçün xüsusən narahatdır. Bakı şəhərində sanki ancaq cavan və sağlam insanlar yaşayır
       Şəhərdə velosiped zolaqları ümumiyyətlə yoxdur, küçələrdə velosiped sürmək təhlükədir
 Bakı şəhərinin piyada və velosiped infrastrukturuna yanaşması əhəmiyyətli dərəcədə dəyişməlidir:
 
  •  Şəhərin əksər yerlərində enli və rahat səkilər, baryersiz mühit, təhlükəsiz keçidlər yaradılmalıdır
  • Avtomobillərin səkilərə daxil olması xüsusi dirəklər vasitəsi ilə məhdudlaşdırılmalıdır;
  • Piyada səkiləri, velosiped yolları və tamamlanmış küçələr üçün yüksək keyfiyyətli layihələndirmə standartlarının tətbiq edilməlidir
  • Bəzi küçələrdə hərəkətin sakitləşməsi dair tədbirlər görünməlidir
  • Tam velosiped yolları şəbəkəsinin yaradılmalıdır 

 

 
Yeraltı və yerüstü keçidlər haqqında ayrıca:

 

Şəhər küçələri ictimai zonadır və orada piyada hərəkəti intensiv olmalıdır. Bir dəqiqəlik düşünün: nəyə görə piyada bir şəhər küçəsini sadəcə keçmək üçün iki mərtəbə düşüb qalxmalıdır? Cəmiyyətin qocası var, şikəsti var, uşaq arabası ilə gəzən qadını var. Bunların hamısı üçün yeraltı keçid əlçatan deyil. Bundan əlavə yeraltı və yerüstü keçidlər qaydalara görə adətən 500 metrdən bir tikilir, bu isə həssas təbəqə üçün böyük məsafədir.
Bundan əlavə insan təbiəti elədir ki, adam özünə asan və qısa yol axtarır. Beləliklə yeraltı keçid tikilən yer daha təhlükəli olur. Yuxarıda yazdığım kimi, bir çox insan yeraltı keçiddən istifadə edə bilmir. Bəziləri isə intuitiv olaraq istifadə etmək istəmir. Hər bir cəmiyyətdə qaydalara riayət etməyən insan var. Nəticədə sürücülər yola çıxan adamı gözləmir, amma üstdən keçən adam var.
Bunu sivil dövlətlərdə anlayırlar, amma keçmiş sovet məkanında bu səhvi hələ də təkrarlayırlar.
Bizdə belə bir statistika yoxdur amma, Moskva şəhərinin statistikası göstərir ki, yeraltı və ya yerüstü keçid olan yerlərdə piyadaların iştiraki ilə yol nəqliyyat hadisələrin sayı artır.
Və ən sonda yeraltı və yerüstü keçidlərin mövcudluğu şəhərin nəqliyyat və mobillik siyasətində problemlərin göstəricisidir. Təəssüf ki, lazım olan yerlərdə (Buzovna, Aeroport- Mərdəkan yolu, Bakı-Sumqayıt yolu və sair) yeraltı və yerüstü keçidlər illərdir tikilmir, lakin şəhərin içində tikilir.
 
 
 
 
Burada olarkən...

Fəaliyyətimizin və saytımızın inkişafına maddi dəstək göstərmək istəyirsinizsə, aşağıda ünvanlara ianələri göndərə bilərsiniz.
Bank Respublika kartına birbaşa "card-to-card": 4244-4873-5828-7859 (və yaxud MilliÖn, ExpressPay və digər ödəniş terminallarda hesaba mədaxil etmək olar).
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Yazı ilə bağlı rəy bildirin:

One Reply to “Prinsip 4: Piyada hərəkətinin və velosiped istifadəsinin təşviqi”

  1. Olduqca gözәl yazı olub. Bir yazıda bir çox lazımi nüansa toxunusuznuz. Ümid eliyәk bu yazını aidiyatı orqanlar da oxuyub, lazım olan tәdbirlәri görәrlәr. Tәşәkkürlәr әmәyiniz üçün.

Comments are closed.