Bir il öncə Bakının “Ağ Şəhər” adlı nisbətən yeni salınan rayonuna baş çəkib bəzi təhlillər apardım.
Hətta Facebook səhifəsində belə bir post paylaşmışdım, həqiqətən kobud səhvlərə yol verilmişdir:
Bu yaxınlarda Ağ Şəhərə yenə də yolum düşdü, və bu səfər bir sıra müsbət dəyişiliklərin şahidi oldum. Öncədən deyim ki, keçən ilin yazısına aid küçələrdə (“Yaşıl ada” ərazisi), təəssüf ki, hər hansı bir yenilik yoxdur. Parklanmaya çevrilmiş həyətlər, həddindən artıq geniş zolaqlar və səhv nişanlanma “öz yerində”dir. Amma “Ağ Şəhər”in tikintisi hələ də aktiv davam etdirilir və bir il ərzində salınmış yeni sahələrdə və küçələrdə ötən ilin səhvlərinə yol vermirlər. Ən azı çalışırlar yol verməsinlər, çünki bəzi çatışmazlıqlar hələ də müşayiət olunur.
Lakin məhz bu yazıda çox da pessimist olmayacam, istəyirəm bu gün 10 yaxşı nümunələrdən bəhz edim. Onsuzda paytaxtın digər küçələrinə nisbətən burada fərqli yanaşma dərhal hiss olunur.
1. Həyətlərə girişlərin hər biri səki səviyyəsinə qaldırılmış piyada keçidi şəklində təşkil olunub. Sıx yaşayış ərazilərində belə də olmalıdır, piyada prioritet götürülməlidir.
2. Burada hətta 4 zolaqlı yolda bu cür qaldırılmış keçidə rast gəlmək olar. Anladığım qədər, bu piyada keçidi “Fəvvarələr meydanı”nı biznes mərkəzi ilə birləşdirir (sol tərəfdə tikinti işləri təzə başlayıb). Düşünürəm ki, burada gələcəkdə aktiv piyada hərəkəti olacaq və indidən müvafiq tədbir görülüb. Sürücülər üçün əlavə nişan da olsa yaxşı olar. Bəyənilsin.
3. Bu isə həmin Fəvvarələr meydanıdır. Bəli, indi Bakıda bu adla iki meydan olacaq. Burada həqiqətən yaxşı ictimai məkan salıblar. Həm də arxadakı binaların dizaynı göz oxşayır.
4. Bir çox yerlərdə U-tipli piyada keçidləri artıq salınmır. Bu cür keçidlər Bakıdakı piyadalara ən böyük hörmətsizlikdir. Bu haqda dəfələrlə yazmışıq.
5. Düzdür, bəzi yerlərdə üç tərəfli “zebra” hələ də qalıb, amma pandus təşkil edilibsə, deməli zolaq da olacaq.
6. Parkinq zolaqları artıq “Kamaz” üçün deyil, ortastatistik minik avtomobili üçün nəzərdə tutulub və səliqəli görsənir.
7. “Park Hill Towers” adlı hündürmərtəbəli yaşayış binalarının inşasına da başlanılıb. Əksər eybəcər “novostroyka”lara baxanda, bu binalar daha harmonik görsənir və ümumi memarlıq ansamblını pozmur. Çünki baş plana uyğun tikilir. İkinci foto rəsmi press-relizdən götürülüb.
8. Park Kvartalında həmçinin “Knightsbridge Residence” adlı yaşayış massivi salınır, buradakı binaların memarlıq üslubunu Londonun Naytsbridc adlı kvartalına oxşadıblar. Tikintidən foto və rəsmi 3D-eskiz:
9. Sözügedən Knightsbridge’də və Park Hill’in inşa etdiyi evlərin həyətlərində artıq avtomobillərə üstünlük verilmir. Bu əladır. Belə həyətdə vaxt keçirmək istəyirsən.
Ötən yazıda qeyd etdiyim “Yaşıl ada” həyətlərinin əksəriyyəti asfalta bürünmüşdür və parkinqa çevrilmişdir. Bu biabırçılığı birdə göstərirəm:
10. İndi isə ən yaxşı xəbər. Nobel prospektinin Ağ Şəhər ərazisində velosiped zolaqlarının təşkilinə başlayıblar. Bu yolayrıcıya fikir verin, Bakıda 100% belə şey görməmisiniz:
Düzdür, hələ bu kiçik bir hissədir və yolayrıcıdan sonra zolaq bitir, amma təməli qoyulub və bu proqressdir.
Əslində velozolaqlar bütün Ağ Şəhərdən də keçməlidir, əgər müasir şəhərsalmadan söhbət gedirsə. Baş Plana nəzər yetirində görünür ki, “Baku White City” hələ ən azı 10 il tikiləcək. O vaxta artıq velozolaqlar Bakıdakı küçələrin mütləq atributlarına çevirilməsinə ümid edirəm 🙂
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
One Reply to “Ağ Şəhərdə 10 müsbət dəyişiklik və yeniliklər”
Comments are closed.