Abşeron yarımadasının çimərlikləri yerli əhalini və turistləri qəbul etməyə hazırlaşır. Hazırda ölkəmizin Xəzər dənizi sahilində 180-dən çox çimərlik fəaliyyət göstərir. Ümumilikdə ölkənin sahil xəttinin uzunluğu 713 kilometrdir. Xəzər dənizi sahilinin Azərbaycana aid hissəsinin 60-70 faizi çimərlik turizmi üçün əlverişli hesab olunur.
Bu potensialdan daha səmərəli istifadə oluna bilər. Lakin təssüflər olsun ki, Abşeron yarmadasında fəliyyət göstərən 6 ictimai çimərlikdə və digər sahil ətrafı istirahət zonalarında əlilliyi olan şəxslər üçün müyəssər şərait demək olar mövcud deyil. Xaçmaz, Lənkəran və Astarada ən azı bir müyəssər çimərliyin olmasını vacib sayıram.
Hamı kimi hərəkəti məhdud olan şəxslərin də çimərlik tətili hüququ var. Bunun üçün dənizin yaxınlığındakı istirahət məkanları da bütün kateqoriyalardan olan əlilliyi olan şəxslər və hərəkət qabiliyyəti məhdud olan digər insanların xüsusiyyətləri nəzərə alınmaqla uyğunlaşdırılmalıdır. Əslində bu qeyd olunanlar Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanununda öz əksini tapıb.
3-cü fəsil ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ÜÇÜN MÜYƏSSƏRLİK:
Maddə 12. Müyəssərlik üçün şərait yaradılması
Maddə 13. İnfrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması
Maddə 14. İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması
Maddə 15. Yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması
Maddə 16. Mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi
Maddə 17. İnfrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərə müyəssər olmasına dövlət nəzarəti.
İnfrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı nəzarət edir.
Çimərliklərdə istirahət əlilliyi olan şəxslərin sağlamlıqlarını yaxşılaşdırmağa və bol pozitiv enerji əldə etməyə yardım edir, aktiv həyat tərzi sürməyə imkan yaradır.
Əlilliyi olan bir çox insan üçün dənizdə istirahət qeyri-mümkün bir xəyaldır, çünki çimərlik əraziləri məhdud hərəkətli insanların istirahəti üçün uyğun deyil. Əlil arabasında olan şəxs müstəqil şəkildə sahil zolağına çıxa, suya girə və ya günəş şüaları qəbul etmək üçün xüsusi kürsüyə keçmək imkanı yoxdur. Odur ki, təkcə şəhərdə deyil, həm də istirahət zonalarında, o cümlədən çimərliklərdə baryersiz mühit mütləq şəkildə yaradılmalıdır!
Suda dincəlmək və üzmək təkcə sağlamlığın möhkəmləndirilməsi üçün faydalı deyil. Əliliyi olan şəxslər və onların yaxınları üçün bu, bütün il boyu müsbət enerji və yaxşı əhval-ruhiyyə ilə enerji doldurmaq üçün gözəl terapiyadır.
Çimərliklərdə müyəssərlik necə təmin olunmalıdır?
1. Hərəkət üçün heç bir maneə olamamalıdır. Relyef nəzərə alınaraq xüsusi panduslarla təmin olunmalıdır. Yol boyu hündürlükdə dəyişikliklər olarsa, çimərliyə enişin təşkili üçün panduslar. Çimərliyə gedən yolda əlil arabaları üçün keçilməz olan əhəmiyyətli dərəcədə eniş və yoxuşlar ola bilər. Pandus universal vasitədir və onlardan həmçinin velosipedçilər, uşaq arabasında uşaqları olan analar və yaşlılar tərəfindən istifadə olunur.
2. Çimərlik ərazisinə ən yaxın parkinq (Əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə təmin edilməlidir.)
3. Rahat sanitar qovşağı (tualet, duş- Əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə təmin edilməlidir.)
4. Çimmək üçün üzən və qum üzərində rahat hərəkət üçün xüsusi təkərlərlə təmin olunan arabalarla təmin oluna bilər:
Yaxud: Hərəkət qabiliyyəti məhdud insanların öz şəxsi arabaları ilə dənişə girmək imkanı yaradılmalıdır:
Dənizdə üzmək dayaq-hərəkət sistemində problemləri olan və əlilliyi olan insanlar üçün əla reabilitasiyadır. Hərəkət qabiliyyəti olmayan insanlar da adi insanlarla birlikdə günəş şualarını qəbul edib üzmək istəyirlər, lakin istənilən çimərlik, istər qumlu, istərsə də çınqıllı olsun, onlar üçün demək olar ki, keçilməz bir maneədir və lazımi şəraitin (infrastrukturun) olmaması səbəbindən onları suyun yanında xoş və faydalı istirahətdən məhrum edir.
Ümid edirik ki, müvafiq dövlət orqanları və sahil ətrafı zonalarda turizm obyektləri işlədən sahibkarlar yaxın gələcəkdə müyəssərlik məsələsinə daha diqqətlə yanaşacaqlar.
Fəaliyyətimizin və saytımızın inkişafına dəstək verin:
- Patreon-da abunə olun: patreon.com/city4people
- Kartdan karta:
– ABB: 5522-0993-6003-6123
– Leobank: 4098-5844-6806-8406
– Kapital Bank: 4169-7385-1582-2504
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.