Təxmini iki il əvvəl, Bakı şəhərində yol hərəkətinin təşkili dövlət başçısının sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinə həvalə olunmuşdur. O vaxtdan, paytaxtın bir çox küçələrində yenidənqurma işləri aparılarkən BNA-nın layihələri əsas götürülmüşdür, svetoforlar tənzimləndi, çatışmayan nişanlar quraşdırıldı və s.
Misal üçün, bu yaxınlarda Günəşli və Əhmədli qəsəbələrində Bakıda ilk dəfə olaraq çıxıntılı parkinq zolaqları və piyada keçidləri təşkil olundu. İctimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, buradakı bir sıra küçələr indi daha müasir və təhlükəsizlik hala salındı. Facebook səhifəmizdə üstünlük və çatışmazlıqlar haqqında da yazmışdıq. İndi həmin küçələr bu cür görsənir:
Görünür, BNA-da kifayət qədər savadlı mütəxəssis çalışır, o cümlədən bu qurumun rəhbəri də xaricdə təhsil alan Vüsal Kərimlidir. Prezident İlham Əliyev də bu yaxınlarda Vüsal Kərimlidən hesabat almışdır. Həmin görüşü təhlil edib, ətraflı yazı hazırlamışdım – buradan oxuya bilərsiniz.
Təxmini iki ay öncə Bakı Nəqliyyat Agentliyinin digər layihəsi təsdiqləndi. Bakı şəhərinin mərkəzində, yol hərəkətinin optimallaşdırılması üçün Yusif Səfərov küçəsi iki yerdən “bölünür”, Nizami və Sabit Orucov, həmçinin 28 May və Mehdi Mehdizadə küçələri birləşdirilir. Layihənin videosu:
Ümumi götürsək, layihə həqiqətən faydalıdır, çünki nəqliyyat axını üçün alternativ marşrutlar yaradırılır. Eyni zamanda, əlavə nizamlanan yolayrıcılar piyada keçidlərinin təşkilini mümkün edir.
Yenidənqurmadan sonra yuxarıda sözügedən 4 küçələrin hamısı birtərəfli olacaq. Halbuki, birtərəfli küçələr dünyada bir o qədər də uğurlu təcrübə deyil, xüsusi ilə ictimai nəqliyyat üçün (eyni məkana aid dayanacaqlar çox aralı olur, elə şəxsi nəqliyyat üçün də rahat deyil), nəisə.
Sözügedən layihə çərçivəsində Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələrinin arasına düşən 28 May küçəsinin bir hissəsi bu yaxınlarda təmir olunub. Dəmiryolu keçidi sökülüb, yeni asfalt salınıb və nişanlanma işləri aparılıb. İcracı hər zaman olduğu kimi AAYDA-dır. CBC telekanalı kiçik reportaj hazırlayıb:
Lakin, dron çəkilişləri nə qədər gözəl olsa da, bu küçənin təmiri zamanı, əfsuslar olsun ki, yenə köhnə düşüncələr və bir sıra köhnə səhvlərə yol verilib.
Daha ətraflı baxış keçirərkən, fikir yaranır ki, Günəşlidə müasir üslubda təmir olunan küçələrə və şəhərin düz “göbəyində” yerləşən və daha strateji əhəmiyyətli küçəyə sanki tam fərqli qurumlar cavabdehdir. Təxmini 550 metrlik küçənin bu hissəsi yenə də “uçuş zolağı”na çevrilib.
Baxmayaraq ki, küçə sıx yaşayış ərazisində yerləşir, 550 metrlik məsafədə heç bir piyada keçidi nəzərdə tutulmayıb. Bu ərazidə bir keçid K.Səfərəliyeva küçəsi ilə kəsişmədə, digəri isə – Yusif Səfərov küçəsi tərəfdədir, hansı ki yeraltıdır və azmobilli insanlar üçün əlverişsiz. Yeraltı və yerüstü piyada keçidləri ümumiyyətlə şəhər daxilində olmamalıdır, bu haqda həm yazmışıq, həm video hazırlamışıq. Baxmayanlar üçün yaxşı fürsətdir, buyurun:
Layihəni hazırlayan mütəxəssislərin fikirlərinə görə, bu küçənin ortasında yaşayan və yaxud işləyən insanlar yolu keçmək üçün 15 metr əvəzinə 300-400 metr məsafəni qətt edib piyada keçidinə qədər getməlidir. Təbii ki, insanlar robot deyil və onsuzda yolu keçmək üçün hər zaman öz vaxtına və enerjisinə qənaət edəcəklər. Buyurun, bu da əyani nümunə:
Bu insanın təbiətidir, heç də tək bizim milli mentalitetimizə və yaxud mədəniyyətimizə aid deyil (bəzilər düşünür ki tək səbəb məhz budur). Bu gün bizim dövlət qurumlarımız digər inkişaf etmiş ölkələrin keçən əsrdə buraxdığı səhvləri təkrar edir. Hətta dünyanın ən avtomobilləşmiş ölkəsindən biri ABŞ-da şəhərləri insan yönümlü etməyə qərar veriblər. Fotoda Nyu-Yorkun küçəsi transformasiyadan əvvəl və sonra.
28 May küçəsinə birləşən Həsən Salmani küçəsindəki kəsişmədə piyada zolağını çəkməyə unudublar.
Eyni vəziyyət həyətə giriş yollarda müşayiət olunur (təəccüblü deyil, elədirmi? 🙂):
Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişmədə isə “zebra”-nın bir tərəfi pandusa deyil, birbaşa məhəccərə aparır:
Piyada keçidi özü isə yalnız üç tərəfdən nişanlanıb, U-şəkilində. Bakıda əksər keçidlər kimi. Bu keçidlər böyük bir absurddur və piyadalara hörmətsizliyin göstəricisidir, ətraflı bu məqalədə. Məntiqli bir görüntüdür ki əlavə 2 svetofor fazasını gözləmək və yolunu üçqat artırmaq heç kəsin planında deyil:
Ona görə müasir şəhərlərdə belə keçidlərdən imtina edirlər. Əksinə, hətta diaqonal keçidlər təşkil edilir:
Piyada keçidlərini qoysaq qırağa, bu küçədə salınan səkilərin də bir hissəsi qurban verilib avtomobillərə. Bu mənzərə çox acınacaqlı və hər bir piyada gəzən insan üçün təhqirdir:
Bir çox yerlərdə pandus və baryersiz mühit nəzərdə tutulmayıb. Əlil və yaxud uşaq arabası ilə hərəkət edənləri belə sürpriz gözləyir:
Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyinin “ideal səki” adlı yaxşı layihəsi var. Bu layihə çərçivəsində səkilər həm müasir standartlara adaptasiya olunur, həm baryersiz mühit və həmçinin görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. Lakın, Bakıda “ideal səki” hələ də çox nadir bir haldır. Və yenidənqurulan küçələrdə nəyə görəsə nəzərə alınmır. Özünüz qiymət verin, bu təmirdən sonra olan 28 May küçəsidir:
Bu isə Hənifə Ələsgərov küçəsində görülən işlərdir, fərq göz qabağında:
Elə hərəkət hissəsinin özündə də çox primitiv yanaşma tətbiq olunub. Baxmayaraq ki, burada hal hazırda 11 avtobus marşrutu keçir, avtobus zolağı nəzərdə tutulmayıb.
Və beləliklə bu küçədə pik saatlarında yaranan tıxaclarda 70-80 insanı daşıyan avtobuslar 1-2 nəfəri daşıyan avtomobillərlə birgə tıxaclarda ilişəcək. Bu vəziyyətdə sizcə insanlar gündəlik səfərlərində ictimai nəqliyyata üstünlük verəcəklər? Əlbəttə ki, yox. Əksinə, daha çox şəxsi minik nəqliyyat vasitələrindən istifadə olunacaq və tıxaclar daha da pisləşəcək. Avtobus zolaqları haqqında faydalı yazı burada.
Nəzərə alsaq ki, küçədə bir sıra ticarət və iaşə obyektləri mövcuddur, burada parallel parkinq də təşkil etmək olardı, yolun ən azı bir tərəfində. Amma bizdə hərəkət hissəsi sanki müqəddəsdir, toxunulmazdır. Ona görə parkinq lazım olsa da, mütləq səkilər qurban veriləcək. Çox güman ki, bu qərarları qəbul insanlar yalnız avtomobil ilə hərəkət edir. Əgər elə deyilsə, o zaman sual yaranır, necə olur ki Əhmədlidə mümkün olan həllər şəhərin mərkəzində mümkün deyil? Şəkildən aydın görünür ki, zolaqlar kifayət qədər enlidir və onları bir qədər daraldıb sol tərəfdə parallel parklanmanı təşkil etmək olardı:
Yuxarıda qeyd olunan məsələlər Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına çatdırılıb. Bəzi səhvlər aradan qaldırılması söz verilsə də, çox güman ki, ümumi olaraq bu küçədə hər hansı bir köklü dəyişiliklər artıq olunmayacaq. Nəticədə, burada həm piyadalar məcburi qayda pozacaq, həm sürücülər dayanma-durma qaydasına riayət etməyəcəklər.
Bizi indi narahat edən ilkin layihədə təmiri nəzərdə tutulan Nizami, M.Mehdizadə və S. Orucov küçələridir. Onlar da uçuş zolağına çevriləcəksə, ictimai nəqliyyatı və piyadaları fikirləşən olmayacaqsa, o zaman şəhərimiz yenə də aqressiv, ədalətsiz və ən pisi – təhlükəli qalacaq. Ümid edirəm, səsimiz eşidiləcək.
Bizi və Transport for Baku-nu Facebookda izləməyə davam edin, mövzu ilə bağlı operativ xəbərləri çatdırmağa çalışacağıq.
Həmçinin bloqumuzda oxuyun:
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.