2016-cı ilin Avqust ayından etibarən Bakının “Sovetski” adlanan ərazisində geniş yol-nəqliyyat infrastrukturu inşa olunur. Eyni zamanda orada yaşıllıq zolaqlarının salınması planlaşdırılır.
İşlər bu ərazidə aparılır.
Yenidənqurmadan sonra belə olmalıdır
Layihəyə diqqət edək.
Layıhə nəticəsində yol və küçə şəbəkəsində aşağıdaki əsas dəyişikliklər baş verəcək:
• Bəzi küçələrin hərəkət hissələri əhəmiyyətli dərəcədə enləşdiriləcək
• Füzuli meydanında və İnşaatçılar prospektində hərəkət təşkilinin tam dəyişəcək, (bu artıq icra olunmaqdadır). Dairələr ləğv olunacaq və uzaqlandırılmış döngələr təşkil olunacaq
• Nərimanov heykəlinin yaxınlığında hərəkətin təşkili dəyişəcək
Küçələrin profili təxminən belə olacaq.
Layihənin icrası nəticəsində yol hərəkətində müsbət dəyişikliklər və tıxacların azalması vəd edilir. Həqiqətən şəhərin aşağı və yuxarı hissəsini birləşdirəcək yollar lazımdır, lakin buna baxmayaraq bu layihənin icrası Bakı şəhərinin nəqliyyat sisteminə ciddi zərər gətirə bilər:
• Dairələrin ləğv olunması və onların uzaqlandırılmış döngələrlə əvəz edilməsi avtomobillərin və xüsusən ictimai nəqliyyatın artıq yürüş etməsi ilə nəticələnəcək, bu isə iqtisadi və ekoloji nöqtəi-nəzərdən arzu olunmazdır. Məsələn Azərbaycan prospektindən gələn avtomobil və ya avtobus hərəkəti Şıxali Qurbanov küçəsi (yəni Nizami m/s tərəfə) ilə davam etmək üçün artıq 1.4 km yürüş etməli olacaq.
• Küçələrin hərəkət hissələrinin əhəmiyyətli dərəcədə enləşdirilməsi bu ərazidə nəqliyyat axınının artmasına gətirib çıxaracaq ki, bu da bu küçələrə bitişik mövcud küçələrdə tıxacların yaranmasına gətirib çıxaracaq.
• Bu infrastruktur müasir şəhərə xas deyil və şəhər mühitinə ciddi zərbə vuracaq. Bu yollar daha çox magistral tipli yol infrastrukturu kimi layihələndirilmişdir, nəticədə bu ərazilər cansiz asfalt sahələrini xatırladacaq və ərazi insanları cəlb edə bilməyəcək. Müqaisə üçün bu yolların eni (4zolaq + 4 zolaq) Neftçilər prospektindən (3 zolaq+3zolaq) genişdir, Yusif Səfərov küçəsindən (5 zolaq+5zolaq) isə bir az dardır.
• Bu avtomobil yönümlü şəhərsalma nümunəsidir, bu isə iri şəhər üçün arzuolunmazdır. Müasir şəhərsalma və nəqliyyat planlaşdırılması elmi avtomobil yönümlü şəhərsalmaya birmənalı mənfi qiymət verir. Bu layihə daha çox Avropada 1960-cı illərdə baş verən və sonradan yanlış hesab edilən təcrübələri xatırladır.
• Şəhər nəqliyyatı haqqında müasir elmi araşdırmalar göstərir ki, yeni yaranmış yol infrastrukturu ancaq qısa müddətli yaxşılaşma effektini verir. Artan nəqliyyat axını tezliklə yeni infrastrukturunu əvvəlki səviyyədə yükləyir.
• Bu infrastrukturun yüksək buraxılış qabiliyyəti ona bitişik olan küçələrdə (məsələn: İnşaatçılar prospekti, Bakıxanov küçəsi, İzmir küçəsi, Tbilisi prospekti) tıxacların yaranmasına şərait yaradacaq, yəni tıxac problemi həll olunmayacaq.
Bütün mənfi cəhətlərə və risklərə baxmayaraq layihənin icrası sürətlə davam edir və yekunlaşmağa az vaxt qalıb.
Gəlin hazır hissələrə baxaq:
Şəhərdə belə yolların (əslində isə küçələrin) olması arzu olunan deyil. Belə küçə heç bir zaman canlı ola bilməz, belə küçədə insanların fəallığı qeyri-mümkündür.
Belə yolun qırağı ilə gəzməyə çıxardınızmı?
Yer çoxdur, amma səkinin eni cəmi 2 metrdir. Niyə?
21-ci əsrin şəhəri üçün inanılmaz şəhər yolları. Bunun bir adı var: monstr.
Yaxşı xəbər ondan ibarətdir ki, bu biabırçılığı bir neçə ildən sonra sökmək lazım olacaq, çünki bu birmənalı olaraq şəhərsalma səhvidir.